Sami Yusifdən Azərbaycana həsr edilmiş möhtəşəm ifa – VİDEO

Böyük Britaniyada yaşayan Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusuf BMT-nin sülh elçisidir

2019-cu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqram təqdim olunub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan mədəniyyətinə və bu coğrafiyada sivilizasiyaların inkişafına, qədim abidələrin və irs məkanlarının şahid olduğu tarixə işıq salan möhtəşəm layihənin musiqi proqramının müəllifi Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusuf olub. Onun ölkəmizin musiqiçiləri ilə birlikdə ifa etdiyi kompozisiyalar böyük rəğbətlə qarşılanıb.

Bir müddət sonra isə Sami Yusufun həmin proqramdan bir parçanı – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı özünün “YouTube” kanalında yerləşdirməsi internet məkanında əsl hadisəyə çevrilib, “Məndə sığar iki cahan...” adlı musiqili kompozisiya qısa müddətdə yüz minlərlə izləyici toplayıb.

Qeyd edək ki, sözügedən mədəni proqram doqquz elementdən ibarət idi və “Qobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar sarayı”, “Novruz bayramı”, “Şəki Xan sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunub.

Müğənni Sami Yusufun konsertin “Nəsimi poeziyası” bölməsi ilə yanaşı, digər bir neçə hissəni də “YouTube” kanalında paylaşması böyük izləyici marağı doğurub. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tarixi vətənlərini – Azərbaycanı tərənnüm edən bu musiqi kompozisiyalarını dərin rəğbət hissi ilə qarşılayaraq ürək sözlərini çoxsaylı internet şəbəkələrində paylaşmaqda davam edirlər.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində isə Sami Yusuf həmin konsertdən daha bir möhtəşəm parçanı – “Azərbaycan” kompozisiyasını “YouTube” kanalında yayaraq bütün soydaşlarımıza yüksək sənət zövqlü bayram hədiyyəsi bəxş edib.

Dünya azərbaycanlılarının həmrəyliyinə töhfə, ölkəmizin keçmişi, bu günü və gələcəyə baxışının tərənnümü olan bu kompozisiyanı Sami Yusuflə bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, müğənni Sevda Ələkbərzadə, aşıq Samirə, instrumental ifaçılarımız (sol tarda Sahib Paşazadə) və xor ifa edir.

Böyük Britaniyada yaşayan Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusuf BMT-nin sülh elçisidir. Albomları ilə dünya şöhrəti qazanan musiqiçi “Time” jurnalı tərəfindən “İslam dünyasının ən böyük musiqi ulduzu” elan olunub.

Sami Yusuf və sənətçilərimizin birgə ifasında səslənən “Azərbaycan” kompozisiyasını bu linkdə izləyə bilərsiniz:

AzNews.az