Günay Əfəndiyeva Qırğız Respublikasının Dövlət Katibi ilə görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Dövlət Katibi Suyinbek Kasmanbetov ilə görüşüb.

Görüşdə tərəflər Fond ilə Qırğızıstan arasında əməkdaşlığın aktual məsələləri, türk xalqlarının mədəni-humanitar əlaqələrinin inkişaf etdirilməsi, dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi ətrafında müzakirələr aparıb.

Görüşdə Qırğız Respublikasının dövlət katibi Suyunbek Kasmambetov Fondun qırğız xalqının mədəniyyətinin və irsinin təbliği istiqamətində səylərini xüsusi qeyd edib. O bildirib ki, Fond Oşda “VII Beynəlxalq Dünya Xalqlarının Dastanları” Festivalının keçirilməsinə dəstək göstərmiş və bu möhtəşəm bayramın əsas təşkilatçılarından birinə çevrilmişdir. Suyunbek Kasmambetov Fond tərəfindən Azərbaycanlı alim Adil Cəmilin “Manas” eposuna həsr olunmuş kitabının Qırğız və Azərbaycan dillərində nəşr etdirilməsini, həmçinin Türk Akademiyası ilə birgə qırğız manasçısı Rısbay İsakovun “Manas” eposunun Sağımbəy Orozbakov variantına həsr olunmuş əlyazmasının nəşri layihəsinə dəstəyin verilməsini geyd edib. “Fondun daimi dəstəyi sayəsində qırğız xalqının mədəni irsi türk dünyasında daha da yayılacaqdır”, - deyə Suyunbek Kasmambetov vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilatın türk xalqlarının milli-mənəvi dəyərlərinin öyrənilməsi, qorunması, dünyada təbliği istiqamətindəki fəaliyyətlərindən söz açıb. Fondun prezidenti təşkilat ilə Türk Dünyasının ayrılmaz parçası Qırğızıstan arasındakı əməkdaşlığın günü-gündən daha da dərinləşdiyini bildirib. Günay Əfəndiyeva Fond tərəfindən 2018-ci ildə Azərbaycanda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinin təbliği yönündə və 90 illik yubileyi münasibətilə ədibin “Cəmilə” povesti əsasında tamaşanın qırğız dilində nümayişini, bu il yazıçının 95 illiyi ilə bağlı “Ana tarla” əsərinin səhnələşdirilməsini geyd edib. Fondun prezidenti təşkilatın qurucu üzv ölkələrindən olan Qırğızıstanın mədəniyyətinin daha yaxından tədqiqi və tanıdılması yönündə digər müxtəlif layihələrin həyata keçirilməsinə hər zaman hazır olduğunu bildirib.

Sonda tərəflər qırğız xalqının mənəvi irsinin tədqiqi və türkdilli xalqlar arasında təbliği istiqamətində səmərəli əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.