AYB-də deputat Təhsil Nazirliyini tənqid etdi: Bu nə yoldur?

“Bakı şəhərində, rayonlarımızda restoran, kafe, dükanların adları, bəzən şirkət adları ən əvvəl əcnəbi dildə, sonra ana dilimizdə yazılır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyində keçirilən “Dilimiz-kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirədə AYB-nin katibi, şair, esseist Səlim Babullaoğlu deyib.

Onun sözlərinə görə, Bakı küçələrində bütün dillərdə olan adlara rast gəlinir:

“Bir də görürsən ki, yazılıb: “Sale” və bir dünya markasının adı... Niyə belə olsun? Misal gətirmək istəməzdim, amma məcburam, qonşu Gürcüstada, Tiflisdə, hətta “Mcdonalds”ın adının belə transkripsiyası gürcü əlifbası ilə yazılır. İndi Bakı küçələrində bütün dillərdə və əlifbalarda adlara rast gəlmək olar. Bu, doğru deyil”.

Akademik Muxtar Kazımoğlu ana dilinin, xüsusən bu dilin sintaktik quruluşunun yad təsirlərindən qorunmasında yazı-pozu adamlarının da öhdəsinə xeyli iş düşdüyünü vurğulayıb:

“Bu gün elmi-publisistik əsərlərdə bölmə 1, bölmə 2, otel Bakı, otel Göy göl şəklində istifadələrə rast gəliriksə, bu o deməkdir ki, həmin ifadələrdə söz sırası türk dillərinə yad olan flektiv dillərin təsiri ilə qurulub. Belə yad təsirlər, çox təəssüf ki, tədricən cümlə quruluşunda da özünü göstərməkdədir. Feili sifət və feili sifət tərkibini bir qırağa qoyub, rus dilinin təsiri ilə “hansı ki” bağlayıcı sözündən tez-tez istifadə edilməsi belə neqativ hallardandır”.

Milli Məclisin deputatı Elnarə Akimova balaca uşaqların rus, ingilis dilinə, Türkiyə türkcəsinə aludəliyi məsələləri haqqında narazılıqları dilə gətirib:

“Buna imkan yaradan səbəblərdən biri həm də budur ki, televiziyalarımızda normal uşaq verilişləri yoxdur. Öz cizgi filmlərimiz çəkilmir. Başqa ölkələrin uşaq kanalları ilə böyüyən uşağın milli ruhu da, dil anlayışı da zəif olacaq, çünki kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablanır, onların təbliğ etdikləri dəyərlər öz xalqlarının mentalitetinə və maraqlarına uyğun formalaşır”.

Milli Məclisin deputatı, yazıçı-publisit Səyyad Aran isə bildirib ki, Təhsil Nazirliyi də bu işi boynundan atmaqla bağışlanmaz yanlışa yol verir:

“Dərsliklərin birində qaçışda birinci yeri tutandan soruşurlar ki, necə oldu sən belə nailiyyət qazandın, yəni çempion oldun?

Cavaba baxın:

Sən də belə bərk qaçardın

Məşqçin tülkü olsa…

Bu nə zehniyyət, düşüncədir, məsləhətdir, “yoldur” Vətən balalarına məsləhət görülür?

İstər klassik ədəbiyyatımızda, istərsə də müasir yazarlarımız içərisində kifayət qədər uşaq ədəbiyyatımızın məşhur nümayəndələri var ki, onların pedaqoji, əxlaqi, mənəvi baxımdan parlaq nümunələri var ki, neçə-neçə dərslikləri bəzəyə bilər. Dünya “tanınmış” dərslik nümayəndələri bunları görmürlərmi?”.

AzNews.az