“Ermənistanın konstitusion islahatları geosiyasi xarakter daşıyır” – Aytən Qurbanova

"Ermənistanda yeni Konstitusiya layihəsinin hazırlanması və yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı barədə açıqlama, regionda gedən siyasi-hüquqi proseslər fonunda diqqətlə izlənilən mühüm məsələdir. Xüsusilə, ədliyyə naziri tərəfindən dövlətin vətəndaşların hüquqlarının qorunması ilə bağlı “daha böyük yük götürməyə hazır olduğu” barədə səsləndirilən fikir, eləcə də preambula məsələsinin hələlik açıq qalması, konstitusion islahatların həm daxili siyasi sistem, həm də regional münasibətlər baxımından ciddi əhəmiyyət daşıdığını göstərir. Məsələyə regional münasibətlər nöqteyi-nəzərindən yanaşdıqda bir neçə mühüm məqam ön plana çıxır. İlk növbədə onu qeyd etmək lazımdır ki, dövlətin vətəndaşların hüquqlarının qorunması sahəsində “daha böyük yük götürməsi” ifadəsi hüquqi baxımdan sosial dövlət modelinin gücləndirilməsi kimi təqdim olunsa da, siyasi aspektdən idarəetmə mexanizmlərinin yenidən qurulması ehtimalını da istisna etmir. İkinci və daha həssas məsələ preambula ilə bağlıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsinin mətni mart ayı ərzində ictimaiyyətə təqdim olunacaq. Bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan açıqlayıb. Onun sözlərinə görə, mətn hazırdır və dəyişikliklər üçün rəy və təkliflərin nəzərə alınması məqsədilə dərc olunacaq: "Başqa sözlə, hər təklifə açığıq”, – deyə Qalyan vurğulayıb. Ədliyyə naziri bildirib ki, preambula, yəni birinci fəsil hələ müzakirə olunmayıb və hazır deyil: "İki və üçüncü fəsilləri birləşdirərək onları bir fəsilə çevirdik. Bu, dövlətin vətəndaşların hüquqlarını qorumaq vəzifəsini ön plana çıxardır. Dövlət daha böyük yükü öz üzərinə götürməyə hazırdır”, – deyə əlavə edib. Qalyan həmçinin qeyd edib ki, hələlik Müstəqillik Bəyannaməsində yer alan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına istinadın Konstitusiyadan çıxarılması ilə bağlı heç bir qərar qəbul edilməyib.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın saxlanılması və ya çıxarılması məsələsi yalnız hüquqi deyil, birbaşa geosiyasi xarakter daşıyır.

"Həmin sənəddə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaların mövcudluğu, regionda davamlı sülhün hüquqi əsaslarının formalaşdırılması baxımından problem yaradır. Əgər bu istinad Konstitusiyada saxlanılarsa, bu, sülh prosesinə inamı zəiflədərək, ümumilikdə sülh müqaviləsinin imzalanmasını mümkünsüz edə bilər. Ona görə də belə müddəaların çıxarılması, regionda hüquqi-siyasi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Azərbaycanın milli maraqları nöqteyi-nəzərindən yanaşdıqda əsas prioritet, Cənubi Qafqazda davamlı sülhün, qarşılıqlı ərazi bütövlüyünün tanınmasının və hüquqi ziddiyyətlərin aradan qaldırılmasının təmin edilməsidir. Beləliklə, Ermənistanın konstitusion islahatları yalnız daxili siyasi proses kimi deyil, həm də regional təhlükəsizlik arxitekturasına təsir göstərə biləcək amil kimi dəyərləndirilməlidir. Nəticə etibarilə, Ermənistanın yeni Konstitusiya təşəbbüsü həm daxili siyasi sistemin yenidən qurulması, həm də dəyişən geosiyasi reallıqlara uyğunlaşma cəhdi kimi qiymətləndirilə bilər. Lakin prosesin real mahiyyəti preambulanın məzmunundan, ərazi iddiaları ilə bağlı müddəaların taleyindən və dövlət institutları arasında səlahiyyət balansının necə formalaşdırılacağından asılı olacaq. Azərbaycan üçün əsas məsələ regionda hüquqi və siyasi ziddiyyətlərin aradan qaldırılması, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun münasibətlərin formalaşdırılmasıdır. Ermənistanın konstitusion islahatları bu istiqamətdə real addımlarla müşayiət olunarsa, bu, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün yeni mərhələnin başlanğıcı ola bilər. Əks halda, normativ dəyişikliklər yalnız formal xarakter daşıyacaq və regionda davamlı sülhün qurulmasına töhfə verməyəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az