“Deyiblər kişisinizsə gəlin, gəlməsəniz, onda biz gələcəyik” “Deyiblər kişisinizsə gəlin, gəlməsəniz, onda biz gələcəyik”
  • Mahal
  • 28 Noyabr 2018 11:55
  •  7 708

140 nəfərin qatıldığı baltalı, dəhrəli davanın təfərrüatı: “14 yaşlı qız uşağına...”

“Deyiblər kişisinizsə gəlin, gəlməsəniz, onda biz gələcəyik”

Dünən Bərdə rayonunda baş vermiş kütləvi davanın təfərrüatı məlum olub.

Rayon sakinlərinin verdiyi məlumata görə, kütləvi davaya səbəb, Qaradəmirçi kənd sakinlərindən birinin 14 yaşlı məktəbli qıza söz atması olub:

“Baş verən davada bizim kəndin günahı yoxdur. Qonşu Qaradəmirçi kəndinin 70 sakini bizim kəndə hüçüm edib. Məsələ belə olub: həmin kənddən bir nəfər bizim kənddən 14 yaşlı qız uşağına söz atıb. Kənd uşaqları da bunu görüblər. Deyiblər ki, camaatın qızına niyə söz atırsan? “Sənə nə, biz nə istəsək, o da olacaq” deyə onların üstünə yeriyiblər. Məsələ böyüyüb. Qaradəmirçi kəndindən 70 nəfər cavan uşaq xəbər göndərib ki, “kişisinizsə, gəlin danışaq, əgər gəlməsəniz o zaman biz gələcəyik”. Bu sözdən sonra Lək kəndindən də təxminən elə o qədər - 70 cavan onların dediyi meşəyə gediblər. Qaradəmirçi sakinləri isə əlində balta, bıçaq, bel, bir sözlə, kim əlinə nə keçiribsə, onu da götürüb gəlib. Mübahisə böyüyüb. Əlbəyaxa dava başlayıb. Nəticədə yaralananlar olub. Baxıblar ki, yaralananlar qanaxmadan öləcək, onları rayon xəstəxanasına aparıblar. Rayon xəstəxanasından isə hüquq-mühafizə orqanlarına məlumat verilib”.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva AzNews.az-a açıqlamasında bildirib ki, xəsarət alan xəstələrdən ikisinin vəziyyəti ağırdır:

“Yaralılardan üçü qardaşdır, dördüncüsü isə onların dostudur. Onlar xəstəxanaya bıcaq yaraları ilə gətirilib. Qaraciyər, döş qəfəsləri zədələnib. Xəstələrdən iki nəfərin səhhəti normaldır, ikisi isə hazırda əməliyyata götürülüb. Onların vəziyyəti isə əməliyyatdan sonra aydın olacaq”.

Bərdə rayonunun Birinci Qaradəmirçi kəndinin icra nümayəndəsi Cəfər Əliyev isə AzNews.az-a açıqlamasında hadisədən çox gec xəbər tutduğunu deyib:

“Dava cavanlar arasında düşüb. Hadisə barədə eşidən kimi xəstəxanaya getdim, xəsarət alanlarla maraqlandım. Oradan da Bərdə Rayon Polis Şöbəsinə getdim. Gecə saat 00:03-ə kimi orada oldum. Hadisə ilə bağlı kimlərin həbs olunmasından da xəbərsizəm”.

Bərdə Rayon Polis şöbəsindən AzNews.az-a verilən məlumata görə, iki kəndin cavanları arasında baş verən dava ilə əlaqədar saxlanılanlar var.

Qeyd edək ki, dünən Bərdə rayonunda kütləvi dava baş verib.

Hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az