Kürdəmirin Sığırlı kəndində 12 nəfər koronavirusa yoluxdu

Onların içərisində 1 yaşlı uşaq da var

Azərbaycanın regionlarında xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırldıqdan sonra bir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.

AzNews.az “Report”a istinadən xəbər verir ki, burada Kürdəmir rayonunu xüsusilə qeyd etmək lazımdır. Təkcə son iki gündə rayonun Sığırlı kəndində 12 nəfərin koronavirus testi müsbət nəticələnib. Onların içərisində 1 yaşlı uşaq da var.

Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, mərkəzi xəstəxana, Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar. Sakinlərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq, tibbi maskalardan və əlcəklərdən istifadə etmələri tövsiyə edilib.

Bundan başqa rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kürdəmir rayonu üzrə bu günə kimi 54 yoluxma faktı qeydə alınıb. Onlardan 16 nəfəri sağalıb.