Polislər və hərbi qulluqçular təcili Bərdəyə ezam olundu

Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir

“Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri bu gün günorta saatlarında Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub”.

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Qeyd edilir ki, nəticədə mülki əhali arasında ölən və xəsarət alanlar var, infrastruktura ciddi ziyan dəyib:

“Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə yaralı vətəndaşların vaxtında xəstəxanalara çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakların, mülkiyyətlərin mühafizəsinin təmin edilməsi üçün Bərdə Rayon Polis Şöbəsinə köməklik məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili olaraq Bərdəyə ezam olunublar.

Hazırda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş şəraitində şəhərdə xidmətlərini davam etdirirlər”.