• Mahal
  • 23 Noyabr 2020 15:00
  •  1 472

Şəhid ailələri və müharibə əlillərinə ev verilib

4 rayonda

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi cəmi 44 gün ərzində işğaldan azad etməsi, düşməni diz çökdürməsi ilə şanlı qəhrəmanlıq tarixi yazdı. Vəhşi, barbar düşməndən torpaqlarımızı geri aldıq, eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisasını aldıq. Buna görə şəhidlərimizin ruhu da sevinir.

AzNews.az-ın məlumatına görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda 25 fərdi yaşayış evi (o cümlədən Ucarda 10, Şəmkirdə 5, Saatlıda 6, Lerikdə 4 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilərkən ifadə olunub.

Ucar rayonunun Bərgüşad kəndində evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev və Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyev iştirak ediblər.

Evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri düşmən üzərində böyük Qələbədən keçirdikləri sevinc, fərəh hisslərini bölüşüblər. Bu tarixi zəfəri xalqımıza bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, Silahlı Qüvvələrimizlə, dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz qürur hissi keçirdiklərini vurğulayıblar.

Tədbirdə F.Musayev bildirib ki, ölkəmiz güclü orduya sahib olduğu kimi, həm də güclü sosial siyasətə malikdir. Ölkəmizdə Qələbə ovqatının hökm sürdüyü bu günlərdə Prezident İlham Əliyevin yüksək qayğısının nəticəsi olaraq, şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı tədbirləri də davam edir.

2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Bu proses qarşıdakı günlərdə davam edəcək. Ümumilikdə ötən dövrdə 8404 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün də müvafiq işləri aparacaq.