• Mahal
  • 7 May 20:08
  •  2 978

Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin radiasiya şəraiti öyrəniləcək

Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə işlərinin aparılması həvalə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cəbrayıl düzənliyinin (Zəngilan, Cəbrayıl və Füzuli rayonları ərazisi) yeraltı su yataqlarının təftişi və qiymətləndirilməsi işləri aparılacaq.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə öz əksini tapıb.

2021-2023-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlilini təmin etməklə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsi tapşırılıb.

Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə işlərinin aparılması həvalə olunub. Nazirlik bu dövrdə Laçın rayonu ərazisində mineral gübrə xammalları ilə bağlı perspektivli sahələrdə axtarış və qiymətləndirmə işlərinin aparılmasını təmin etməlidir.