- Mahal
- 7 İyun 2022 18:06
- 6 852
QHT-dövlət münasibətlərinə həsr olunan növbəti konfrans keçirilib
İmişli rayonunda təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir.
Aznews.az xəbər verir ki, növbəti konfrans İmişli rayonunda keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Agentliyin məsul əməkdaşları, Zərdab, Beyləqan, Xocavənd və Füzuli rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
İmişli rayonunda təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib. A.Əliyeva bildirib ki, keçirilən bütün iqtisadi rayonları əhatə edən zona konfransları uğurla davam edir. Konfranslarda səslənən bütün təkliflər Agentlik tərəfindən qeyd edilir və onların hər birinin həyata keçirilməsi istiqamətində işlər görüləcək. Bütün QHT-lər və ictimai şuralar vətəndaş cəmiyyətinin inkişafında birgə fəaliyyət göstərməlidirlər.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyini vurğuladı. V.Quliyev rayonlarda keçirilən zona konfranslarının QHT-lər və ictimai şuraların fəaliyyətində dönüş yaradacağına əmin olduğunu bildirib.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.