• Mahal
  • 8 Dekabr 2022 15:36
  •  2 909

Oxçuçayda çirkənlənmə səviyyəsi artıb

Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə ötən həftə aparılmış monitorinqlər zamanı suyun rəngində ciddi dəyişikliklər və kəskin qoxu müşahidə olunub.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib.

Qeyd edilib ki, çayın Ermənistanla sərhədinə yaxın monitorinq nöqtəsindən götürülmüş su nümunələrinin təhlilindən məlum olub ki, suyun tərkibində dəmir, manqan, molibden, ammonium və sulfatların qatılığı daha da artıb. Transsərhəd çaylarda, o cümlədən Zəngilan rayonu Şayıflı kəndində Oxçuçayda quraşdırılmış yeni nəsil avtomat hidroloji stansiyalardan ötürülən məlumatların təhlili də çirklənmənin artdığını təsdiq edib.

Oxçuçayın ağır metallarla çirklənməsi il boyu müşahidə olunur. Son monitorinq zamanı çayın rənginin və qoxusunun dəyişməsinə səbəb Oxçuçayda ammonium və sulfat ionlarının miqdarının kəskin artması idi. Belə ki, Oxçuçayda ammoniumun miqdarı 4-5 dəfə, sulfatın miqdarı bir neçə dəfə normadan yüksək müşahidə edilib. Bu da həmin kimyəvi maddələrdən dağ-mədən sənayesində geniş istifadə olunması ilə əlaqədardır.