- Müşahidə məntəqəsi
- 22:28
- 1 712
“Universitetin dəyəri reytinqlə ölçülmür” - Ramin Nurəliyev
“Ümumiyyətlə, ali təhsil müəssisələrinin elmi məqalələrin sayı, elmi göstəricilər və ya digər meyarlar əsasında dünya reytinq siyahılarına düşməsi arzuolunan haldır. Hər bir universitet, təbii ki, beynəlxalq reytinqlərdə yer almağı istəyər. Lakin bu göstəricilər ali təhsilin əsas ölçü vahidi hesab olunmamalıdır. Çünki öz ölkəmizin timsalında da görürük ki, bəzi ali təhsil müəssisələri beynəlxalq reytinq cədvəllərində yer alsa da, digərləri bu siyahılarda yoxdur. Ancaq məsələni kadr hazırlığı, eləcə də cəmiyyət tərəfindən verilən dəyər və etimad prizmasından dəyərləndirdikdə tam fərqli mənzərə ortaya çıxır. Məsələn, Bakı Ali Neft Məktəbi və ADA Universiteti beynəlxalq reytinq siyahılarında yer almaya bilər. Bunun da müəyyən səbəbləri var: elmi məqalə sayı, yaxud tələb olunan məlumatların vaxtında reytinq təşkilatlarına təqdim edilməməsi və s. Buna baxmayaraq, bu ali təhsil müəssisələrinin ölkə üçün yüksək ixtisaslı kadrlar hazırladığı, cəmiyyət tərəfindən tanındığı və etimad qazandığı faktdır. Hətta beynəlxalq reytinqdə yer alan bəzi universitetlərlə müqayisədə bu ali məktəblər ictimaiyyət arasında daha yüksək nüfuza malikdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, müasir dövrdə universitetlərin rolu yalnız ixtisaslı kadr hazırlamaqla məhdudlaşmır. Onlar həm də cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafında əhəmiyyətli iştirakçılara çevriliblər. Bu isə ali təhsil müəssisələrinin qiymətləndirilmə meyarlarına yeni baxışları tələb edir.
Ekspert qeyd edib ki, ali təhsil müəssisələrinin qiymətləndirilməsi yalnız beynəlxalq reytinqlərə əsaslanmamalıdır.
"Hər hansı universitetin reytinq siyahısında yer almaması onun digər ali təhsil müəssisələrindən geri qalması anlamına gəlmir və bu cür yanaşma doğru deyil. Beynəlxalq reytinqlərin hər birinin özünəməxsus meyarları və tələbləri var. Bu tələblərə uyğun məlumatlar vaxtında təqdim edildikdə universitetlər müvafiq reytinqlərdə yer ala bilirlər. Məsələn, Şanxay reytinqi ilə QS (QES) reytinqi arasında ciddi fərqlər mövcuddur. Elə universitetlər var ki, QS-də yüksək yerlərdə qərarlaşır, lakin Şanxay reytinqində eyni mövqedə deyil. Xüsusilə Çin və Yaponiya universitetləri daha çox Şanxay reytinqində önə çıxır, Avropa və ABŞ universitetləri isə əsasən QS reytinqində yüksək sıralarda yer alır. Bu da onu göstərir ki, reytinqlər fərqli yanaşmalar və əməkdaşlıq mexanizmləri əsasında formalaşır. Əgər biz öz ali təhsil müəssisələrimizi cəmiyyətin münasibəti əsasında qiymətləndirsək, görərik ki, bəzi beynəlxalq reytinqə düşən universitetlər ictimaiyyət tərəfindən elə də böyük rəğbət qazanmır. Eyni zamanda, cəmiyyətin etimad göstərdiyi və üstünlük verdiyi bəzi universitetlər isə ümumiyyətlə həmin reytinqlərdə yer almır. Bu da müəyyən qarışıqlıq yaradır. Əsas olan ali təhsil müəssisələrinin ölkə üçün faydalı olması, gənclər üçün keyfiyyətli təhsil verməsi, güclü kadr hazırlaması və bu kadrların Azərbaycanın gələcəyi üçün yararlı mütəxəssislərə çevrilməsidir. Ali təhsildən əsas gözlənti də məhz budur. Əlbəttə, reytinqlərdə yüksək yerlərdə olan universitetlərin maliyyə imkanlarının geniş olduğu və ölkələrinə ciddi töhfə verdiyi də danılmaz faktdır. Bu gün ABŞ və Kanadada universitet şəbəkələrinin formalaşması buna yaxşı nümunədir. Həmin şəbəkələr daxilində universitetlər, tələbələr və alimlər arasında sıx əməkdaşlıq mövcuddur. Bizdə də belə bir şəbəkənin formalaşması ali təhsil müəssisələri üçün olduqca vacibdir. Universitetlərdə həyata keçirilən elmi layihələr, tədqiqat istiqamətləri digər ali təhsil müəssisələri ilə paylaşılmalı, mütəxəssislər bir araya gələrək birgə elmi araşdırmalar aparmalıdırlar. Bu məqsədlə alimlər və elmi tədqiqatla məşğul olan mütəxəssislər üçün vahid elmi mərkəzin yaradılması zəruridir. Görünən odur ki, yaxın gələcəkdə bu istiqamətdə müsbət addımlar atılacaq. Dövlət tərəfindən elmi tədqiqatlara, beynəlxalq məqalələrin yazılmasına və gənc alimlərin dəstəklənməsinə xüsusi diqqət göstərilməsi gözlənilir. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi də bu sahədə ciddi şəkildə çalışır və yaxın illərdə Azərbaycan gənc alimlərinin beynəlxalq elmi müstəvidə daha fəal iştirakını görəcəyik. Nəticə etibarilə, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə aşağı yerlərdə qərarlaşması və ya ümumiyyətlə yer almaması onların cəmiyyət tərəfindən sevilmədiyi və ya etimad qazanmadığı anlamına gəlmir. Bu qiymətləndirməyə təsir edən çoxsaylı amillər var. Bu gün Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qarabağ Universiteti, eləcə də özəl ali təhsil müəssisələrindən Xəzər Universiteti təkcə ölkə daxilində deyil, region səviyyəsində də nüfuzlu universitetlər hesab olunur. Bu ali məktəblər beynəlxalq tələbələrin maraq göstərdiyi, tanınan və güclü təhsil ocaqlarıdır. Düşünürəm ki, yaxın 5–10 il ərzində Azərbaycanın ali təhsil müəssisələrinin böyük bir hissəsinin həm QS, həm də Şanxay kimi beynəlxalq reytinq cədvəllərində daha geniş şəkildə təmsil olunduğunun şahidi olacağıq".
Rəfiqə Namazəliyeva,
AzNews.az