Xaçmazda ADSEA geniş tərkibdə iclas keçirib

Xaçmaz rayonunda Abşeron və Quba–Xaçmaz regionu üzrə Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi, su resurslarından səmərəli istifadə edilməsi, kənd təsərrüfatında fermerlərə suyun tələbat əsasında verilməsi və suölçmə qurğularının quraşdırılması məsələlərinin müzakirəsinə həsr olunmuş geniş tərkibli iclas keçirilib.

Bu barədə Aznews.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, iclasda Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavinləri İlham Bayramov və İlqar Gülməmmədov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan yerli istismar idarələrinin rəhbərləri, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və Sudan İstifadəedənlər Birliklərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatında suvarma proseslərinin optimallaşdırılması, suyun bölüşdürülməsinin ədalətli və şəffaf təşkili, dövlət qurumları və su istifadəçiləri arasında koordinasiyanın və məlumat mübadiləsinin gücləndirilməsi, su itkilərinin azaldılması və su resurslarından qənaətli istifadə məsələləri müzakirə olunub.

SİB-lərin cari fəaliyyəti, institusional inkişafı, maliyyə və idarəetmə mexanizmləri, mövcud çətinliklər, suvarma rejiminin tənzimlənməsi və aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi məsələləri geniş təhlil edilib. Bununla yanaşı, SİB-lərin gələcək inkişaf istiqamətləri, dövlət dəstəyi imkanları, müasir suvarma texnologiyalarının tətbiqi, su resurslarının qorunması və səmərəli idarəetmə ilə bağlı təqdimatlar edilib, onların balansında və istifadəsində olan suvarma kanallarının mövcud vəziyyəti barədə məlumatlar təqdim olunub.

İclasda suölçmə qurğularının quraşdırılmasının vacibliyi, tətbiq mexanizmləri, suyun uçotunun dəqiq aparılması və bu istiqamətdə icra ediləcək fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Həmçinin, qurğuların quraşdırılması prosesində SİB-lərin məsuliyyət və öhdəlikləri müəyyənləşdirilib.

Sonda iştirakçılar su idarəçiliyinin təkmilləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması və kənd təsərrüfatı məhsulları istehsalçılarına suyun çatdırılmasında regional səviyyədə fəaliyyətlərin daha da gücləndirilməsi istiqamətində qarşıdakı addımlarla bağlı razılığa gəliblər.