Azərbaycandan Rusiyaya aviareyslərin biri də artdı

"Azərbaycan Hava Yolları" QSC noyabrın 30-dan etibarən Gəncə-Novosibirsk-Gəncə marşrutu ilə müntəzəm aviareyslərə başlayacaq. APA-nın məlumatına görə, bu barədə QSC-nin rəsmi xəbərində deyilir.

Bu marşrutla uçuşlar (reys J2 553/554) hər həftənin V günü yerinə yetiriləcək. Təyyarə Gəncədən saat 11:20-da (yerli vaxtla) havaya qalxacaq və Novosibirskdə 18:10-da enəcək, Novosibirskdən isə 08:15-də qalxacaq və Gəncədə 09:25-də enəcək.

Bundan başqa, qeyd edilir ki, AZAL noyabrın 30-dan Bakı-Novosibirsk-Bakı istiqamətində həftənin V günü yerinə yetirilən müntəzəm uçuşları yenilənmiş qrafik əsasında həyata keçirəcək. Belə ki, J2 551/552 reysi Bakıdan 00:15-də çıxacaq və Novosibirskə 07:05-də çatacaq, Novosibirskdən isə 20:00-da havaya qalxacaq təyyarə Bakıya 21:10-da eniş edəcək.

Uçuşlar "Aerobus A-319/320" və "Boeing 757" tipli təyyarələrlə yerinə yetiriləcək.

AzNews.az