Kütləvi əsgər məzarı aşkar edildi

Suriya nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatı (BMT) müvəqqəti işlər vəkili Munzər Munzər Hələbdə bir məktəbin həyətində kütləvi əsgər məzarı tapıldığını açıqlayıb.

AzNews.az Femida.az-a istinadən xəbər verir ki, BMT baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına məktub yazan Munzər Hələbin Sukkari ərazisindəki Müqəddəs İbtidai Məktəbində aşkara çıxarılan kütləvi məzarda 23 suriyalı əsgərin cəsədinin olduğunu bildirib. BMT-nin rəsmi internet saytında dərc olunan məktuba görə, suriyalı diplomat 20 əsgərin kimliyinin müəyyən edildiyini və bu əsgərlərin Suriya ordusunda xidmət etdiyinin müəyyən olunduğunu vurğulayıb. Munzər həmin məktəbin "Şamiyə Cəbhəsi" təşkilatı tərəfindən qərargah olaraq istifadə edildiyini bildirib: "Bəzi ölkələr "Şamiyə Cəbhəsi"ni mülayim qəbul edib, pul və silah yardımına davam edir".

Hələb, İdlib və Dəməşqdə fəaliyyət göstərən təşkilatın təxminən 3 min üzvü var. Digər tərəfdən, Munzər Hələbin eyni bölgəsində 37 nəfərin cəsədinin tapıldığını da diqqətə çatdırıb. Munzər vətəndaşların böyük hissəsinin boğazları kəsilərək, öldürüldüyünün məlum olduğunu qeyd edib. Rusiya Müdafiə Nazirliyi mətbuat katibi İqor Konaşenkov ötən ay verdiyi açıqlamada Hələbdə terrorçular tərəfindən işgəncə və zorakılığa məruz qalan vətəndaşların basdırıldığı kütləvi məzarlar olduğunu bildirmişdi.