Keçmiş prezident ömürlük həbs edildi

Argentina məhkəməsi keçmiş prezident, general Reynaldo Binyoneni 1982-83-cü illərdə insanlığa qarşı törədilən cinayətlərdə təqsirli bilərək, onu ömürlük həbs cəzasına məhkum edib.


APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, Argentinada hərbi xuntanın rəhbəri olmuş 85 yaşlı Reynaldo Binyone bundan əvvəl müxtəlif ağır cinayətlərdə müqəssir bilinərək üç ayrı-ayrı uzunmüddətli həbs cəzalarına məhkum edilib.

Bu dəfə Binyone və 4 başqa hərbçi indiyədək tapılmayan, aralarında 7 hamilə qadının olduğu 23 nəfərin oğurlanmasında təqsirli bilinib.

Hüquq müdafiəçilərinin məlumatına görə, Argentina hərbçilərinin müxalifət fəallarına qarşı apardığı "çirkin müharibə" zamanı 30 minədək insan məhkəmə qərarı olmadan öldürülüb və ya xüsusi xidmətlərin iştirakı ilə müəmmalı şəkildə itkin düşüb.

AzNews.az