İran sərhədində 10 nəfər öldürüldü

Sərhəddən qeyri-qanuni yolla keçirən iki şəbəkə zərərsizləşdirilib



İranda xarici ölkə vətəndaşlarını qeyri-qanuni yolla sərhəddən keçirən iki şəbəkə zərərsizləşdirilib. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Hüseyn Zülfüqari açıqlama verib.

Onun sözlərinə görə, ölkənin şimal-qərbində, Maku şəhərində həmin şəbəkələr müxtəlif üsullarla Pakistan və Əfqanıstan vətəndaşlarını şərq sərhədlərindən İrana daxil edib, sonradan onları İranın şimal-qərb sərhədlərindən çıxarırmışlar: "Ötən bir neçə gündə sərhədçilərimiz hər iki şəbəkəni müəyyənləşdirərək zərərsizləşdiriblər. Nəticədə həmin şəbəkələrin 10 üzvü ilə birlikdə Maku sərhədindən qeyri-qanuni keçməyə cəhd göstərən 28 xarici vətəndaş da həbs edilib".

H. Zülfüqari əlavə edib ki, ötən 2-3 gün ərzində ölkənin cənub-şərqində yerləşən Taybadda İran sərhədçiləri ilə qaçaqmalçılar arasında silahlı toqquşma baş verib: "Nəticədə 10 qaçaqmalçı öldürülüb, onlardan 137 kiloqram narkotik maddə, 5 ədəd "Kalaşnikov" markalı avtomat götürülüb".