- Köhnə - Dünya
- 4 Avqust 2018 12:18
- 2 273
Ərdoğan 100 günlük proqramını açıqladı: “Balışınızın altındakı pulları, qızılları çıxardın”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 400 yeni layihəni ehtiva edən 100 günlük işlər planını açıqlayıb.
Ərdoğan burada ən vacib məsələnin İstanbuldakı yeni hava limanının oktyabrın 29-da fəaliyyətə başlaması olduğunu bildirib.
Prezident xalqa səslənərək “balışınızın altındakı pulları, qızılları çıxardın, lirəyə çevirin, yerli və milli mübarizənizi bütün dünyaya göstərin. İqtisadi müharibə ilə üz-üzəyik, lakin narahat olmayın, biz bu müharibədən qalib çıxacağıq” – deyə, vurğulayıb.
100 gündə görüləcək işlərin sayı mindən çox olsa da, onların arasında daha önəmli olan 400-nə proqramda yer verilib. Əlavə mənbəyə ehtiyac olmadan, mövcud olan büdcə ilə işlərin tamamlanmasına diqqət yetirildiyini qeyd etmiş prezident 46 milyard lirə ilə həyata keçiriləcək 400 yeni layihənin bir növ dönəmin hərəkətverici qüvvəsi olacağını açıqlayıb.
Layihələrdən 48-i müdafiə sənayesinin inkişafı ilə bağlıdır. Burada həmçinin məhkəmə sistemi sahəsində görüləcək işlər, uşaqlara qarşı zorakılıq hallarının cəmiyyətin gözləntilərinə uyğun şəkildə cəzalandırılması, yaşıllıqların çoxaldılması, mənzil, torpaq, iş yerləri, daşınmaz əmlak məsələləri ilə bağlı yeniliklər, Mosul və Bəsrədə baş konsulluqların yenidən açılacağı, Trakyada 3-cü nüvə stansiyasının istifadəyə veriləcəyi kimi məsələlər də yer alıb.
Proqramda Şırnak və Artvinə, ilin axırına qədər də Hakkariyə təbii qazın verilməsi, Ağ dənizdə bir dərin və bir dayaz dəniz qazıntılarının başlanması, idman, yataqxanaların vəziyyətinin daha da yaxşılaşdırılması, tələbələrə yardımlar, maliyyə məsələləri var. Prezident Ərdoğan təhlükəsizlik sistemində yeniliklər, işçi qüvvəsinin artırılması, həmçinin təşkilatların FETÖ-çülərdən təmizlənməsi nüanslarını qeyd edib.
Turizm sektorunda gözlənilən inkişaf, yeni kitabxanalar, təhsil sistemi, müəllimlərin işə qəbulu, məktəblərdə təhlükəsizliyin təmin olunması, şəhərsalma, “Kanal İstanbul” layihəsi, istehsalat, informasiya texnologiyaları ilə bağlı layihələr də 100 gün içərisində icra olunacaq.
Həmçinin R.T.Ərdoğan Türkiyənin dünyanın ən inkişaf etmiş sosial müdafiə sisteminə malik ölkə olduğunu vurğulayaraq təqaüdçülərə bayram paylarının verilməsini də qeyd edib. O, Muş və Maraş hava limanlarının terminal binalarının inşasının başa çatmaqda olduğunu və Muş Hava Limanının Sultan Alparslan Hava Limanı adlandırılacağını bildirib.
Nurlan AĞA
Aznews.az