Türkiyə mediası da ABŞ-a meydan oxudu

ABŞ əleyhinə başladılmış “ABŞ-a reklam vermə!” kampaniyasına “TürkMedya” da qoşulub.

AzNews.az “Anadolu Ajansı” informasiya agentliyinə istinadən xəbər verir ki, tərkibində “Akşam”, “Güneş”, “Star” qəzetləri, “24 TV”, “360”, “TV4” kanalları, “Alem”, “Platin” jurnalları, “Lig Radyo”, “Alem FM” və “TürkMedya Dijital” markalarını birləşdirən media holdinq ABŞ-da fəaliyyət göstərən təşkilatlara reklam verməyəcəyini açıqlayıb.

“TürkMedya” həmişə olduğu kimi, ABŞ-ın elan etdiyi iqtisadi müharibədə də dövlətin və millətin yanında olduğunu göstərərək kampaniyaya dəstək verib.

Qeyd edək ki, sosial mediada məşhurlaşmış “ABŞ-a reklam vermə!” kampaniyasına Türk Hava Yolları və Türk Telekom da qatılıb.

Nurlan AĞA
AzNews.az