Bəyanat "müharibəsi" davam edir

Şimali Koreyanın ABŞ-a təhdidlərindən və Cənubi Koreya ilə müharibə vəziyyətinə girdiyini açıqlamasından sonra nüvə obyektlərini açacağına dair bəyanata Vaşinqton reaksiya verib.

Ağ Ev sözçüsü Cey Karni gündəlik brifinqdə Şimali Koreyanın nüvə obyektlərini açmaqla öz öhdəlikləriylə ziddiyyətə düşəcəyini, bunun beynəlxalq öhdəliklərin də pozulması mənasına gəldiyini bildirib.

Şimali Koreyanı öhdəliklərinə əməl etməyə və nüvə silahı axtarışından çəkinməyə çağıran Karni bu məsələylə bağlı müttəfiqləri Cənubi Koreya və Yaponiya ilə birgə fəaliyyət göstərdiklərini, Şimali Koreyanın provokativ fəaliyyətlərinə qarşı tədbir gördüklərini deyib.

Sözçü Rusiya və Çinlə də Şimali Koreyanın davranışlarına təsir göstərmələri üçün müzakirələri davam etdirdiklərini bildirib.

ABŞ prezidenti Barak Obamanın davamlı olaraq proseslərlə bağlı məlumatlandırıldığını qeyd edən Karni bütün milli təhlükəsizlik komandasının bu məsələyə diqqət kəsildiyini söyləyib: "Amma bunu da qeyd etmək lazımdır ki, Şimali Koreyanın ritorikası hələlik konkret addımlarıyla dəstəklənməyib".

Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland da niyyət açıqlaması ilə onun həyata keçirilməsi arasında qət edilməli olan uzun bir məsafə olduğuna diqqət çəkib: "Amma Şimali Koreya bu obyektlərdən istifadə edə biləcək mövqeyə gələrsə, əlbəttə, bu, ciddi həyəcan siqnalına səbəb ola bilər".

AzNews.az