Prokurorluq prezident barəsində istintaqa başladı

Argentinanın federal prokuroru Xorxe di Lelyo ölkə prezidenti Kristina Fernandes de Kirşner barəsində seçki qanunvericiliyinin pozulması ilə bağlı ittihamlar üzrə istintaqa başlayıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, keçən həftə Kirşner "AySA" dövlət korporasiyasının istismara verilən sutəmizləmə müəssisəsinin açılış mərasimində, bir neçə gün sonra isə paltaryuyan maşınlarını istehsal edən fabrikdə keçirilən mitinqdə iştirak edib. Müxalifət xanım Kirşnerin federal seçki qanunlarının pozulmasına yol verdiyini bəyan edərək müvafiq ərizə ilə prokurorluğa müraciət edib.

Müxalifətçilər iddia edir ki, prezident mitinqlərdə çıxışı zamanı oktyabra planlaşdırılan parlament seçkilərindən öncə avqustun 11-də keçiriləcək ilkin seçkilərdə (əsas namizədləri müəyyənləşməsi üçün) iqtidaryönümlü namizədlərə səs verməyə çağıraraq onların xeyrinə açıq təşviqat aparıb. Müxalifət vurğulayıb ki, qanuna əsasən, dövlət rəhbərinin seçkilərə iki həftə qalmış dövlət müəssisələrinin açılışı ilə əlaqədar keçirilən kütləvi aksiyalarda iştirak etməsi qadağandır.

Qanuna əsasən, müvafiq müddəaların pozulmasına yol vermiş şəxs on ilədək müddətə siyasi fəaliyyətdən kənarlaşdırıla bilər.

Kirşner öz növbəsində müxalifətin bu tip hərəkətlərinə artıq vərdiş etdiyini bildirərək qeyd edib ki, ona və hökumət nümayəndələrinə qarşı bu cür iddialar əvvəlki seçki kampaniyalarda da irəli sürülmüşdü.

AzNews.az