Dünya universitetlərinin növbəti reytinq cədvəli

Böyük Britaniyanın "Times Higher Education" jurnalı 2013-2014-cü illər üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan "Times Higher Education"un növbəti araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi əhatə edir. Reytinq "Thomson Reuters" kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdirən məlumatlara əsaslanır. Reytinq cədvəlinə artıq 3 ildir ki, fasiləsiz olaraq Amerikanın Kaliforniya Universiteti başçılıq edir. Dünyanın 200 ən nüfuzlu universitetlərinin siyahısına əsasən Amerika və Böyük Britaniya universitetləri liderlik edir. İlk "10-luq"da ABŞ 7, Böyük Britaniya 3 ali məktəblə təmsil olunur. Harvard Universiteti Oksford Universiteti ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Stenford Universiteti 4-cü, Massaçusets Texnologiya Universiteti isə 5-ci yeri tutublar.

Avropanın ən güclü universitetləri Böyük Britaniyanın payına düşür. Reytinq cədvəlində bu ölkənin 31 ali məktəbi yer alıb. "200-lüyə" Niderlandın 12, Almaniyanın 10, Fransanın 8, İsveçrənin 7, Belçikanın 5 universiteti daxil olub. Asiyada liderlik Yaponiyanın Tokio Universitetinə (23-cü yer) məxsusdur. Sinqapurun Milli Universiteti Avstraliyanın Melburn Universitetini (34-cü yer) qabaqlayaraq 26-cı yerə çıxıb. Çinin Pekin Universiteti 45-ci yerdə qərarlaşıb. Türkiyənin Boğaziçi Universiteti 200 universitet arasında 199-cu yerdədir. Rusiya ali məktəbləri dünyanın 200 ən yaxşı universitetləri sırasına daxil ola bilməyiblər. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti bu siyahıda 226-250-ci yerləri tutan ali məktəblər qrupuna daxildir. Ötən il MDU "201-225" ali məktəblər qrupuna daxil olub.

"Times Higher Education" jurnalının redaktoru Fill Beytin sözlərinə görə, Rusiya ali məktəbləri getdikcə reytinq cədvəlinin yüksək sıralarından uzaqlaşmağa başlayıblar.

AzNews.az