Dünyanın ən varlı pişiyi- Foto

O, dünyanın ən varlı, bəxtli pişiyi sayıla bilər. Bu heyvanın lüks avtomobilləri, cangüdənləri, apartamenti, hətta vəkili və meneceri də var.

İnternetdə "Grumpy Cat", yəni "Qeyzli pişik" kimi tanınan pişik sahibinə milyonlarla dollar qazandırıb.

İndi bu pişik qlobal şou-biznes bazarının bir hissəsidir.

Milli.az bildirir ki, "Qeyzli Pişik" barədə film, bestsellərə çevrilmiş kitab, hətta onun adı verilmiş qəhvə, kakao və müxtəlif qida məhsulları da satılır.

Milad açıqcaları, təqvimlər, fincanlar, futbolkalar, soyuducuya vurulan maqnitli oyuncaqlar, minlərlə formada yumşaq oyuncaqlar - bir sözlə, pişiyin üzünün yer aldığı minlərlə əşya. Onlar yaxşı satılır və pişiyin sahibinə milyonlarla dollar qazandırır.

Fəqət, "Qeyzli pişik" yenə də qəzəblidir.

Srağagün Nyu-Yorkda bu pişiyin adının "Ginnesin Rekordlar Kitabı"na düşməsi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimə lüks limuzində gətirilən "Qeyzli pişik" yenə narazı görünürdü.

Genetik qüsurla doğulan bu pişiyin Twitter-dəki akkauntunun 116 min daimi oxuyucusu, Facebook-dakı səhifəsinin isə 1,6 milyon təqibçisi var.
Hər şey ötən il, pişiyin fotosunun populyar "Reddit" servisində peyda olmasından sonra başladı.

Çox böyük sürətlə populyarlaşan pişik "Grumpy Cat" adlandırıldı və internetin yeni fenomeninə çevrildi.

İndi onun "müəllif"liyi ilə kitab çap olunub və həmin kitabın təqdimat mərasimi çərçivəsində "Grumpy Cat"in Nyu-York, Los-Anceles və Ostin şəhərlərində pərəstişkarları ilə görüşləri nəzərdə tutulub.

"Qeyzli pişik" tək deyil və onun internetdə rəqibləri də var.
Bu superulduz pişiyin əsas rəqibləri ABŞ-ın İndiana ştatındakı ailədə yaşayan "Lil Bub" adlı zolaqlı pişik və Çindəki "Snoopy"dir.

AzNews.az