Filippin prezidenti inkar etdi - VİDEO

Filippində Hayyan qasırğasından ölənlərin sayı 20 minə yüksəlib. Ölkə iqtisadiyyatına dəyən maddi zərər 100 milyon dollarla ölçülür. Fəlakət bölgəsindən dramatik görüntülər gəlməkdə davam edir.

"Filippin hökuməti dağıdıcı "Hayyan" superqasırğası nəticəsində ölənlərin sayını müəyyən etməyə çalışır, təbii fəlakət zamanı 10 min insanın öldüyü barədə yayılan ilkin xəbərlər həqiqətə uyğun deyil",-bunu Filippin prezidenti Beniqno Akino CNN telekanalına eksklüziv müsahibəsində bildirib. Onun sözlərinə görə, hələki rəsmi olaraq 1744 nəfərin öldüyü, 2487 nəfərin isə xəsarət aldığı təsdiqlənib. Beniqno Akino vurğulayıb ki, superqasırğanın miqyasını əvvəlcədən müəyyən etmək qeyri-mümkün olub və hökumətin evakuasiya elan etməyəcəyi təqdirdə, ölənlərin sayı xeyli çox ola bilərdi.

BMT-nin hesablamalarına görə isə "Hayyan" qasırğasından 11 milyondan çox insan zərər çəkib, 700 minədək sakin isə evlərini tərk etməyə məcbur olub.

Hazırda fəalakət bölgəsində vəziyyət olduqca acınacaqlı hal alıb. Sebu adasında əhali bir tərəfdə humanitar yardım əldə etməyə, digər tərəfdə isə müvəqqəti sığınacaqlar tikməyə çalışırlar. İnsanlar vəziyyətdən çıxmaq üçün fərdi şəkildə tikinti işlərinə cəlb olunublar.

Bu arada, Beynəlxalq Kosmik Stansiya qasırğanın kosmosdan çəkilmiş görüntülərini yayımlayıb. Digər adı ilə Yolanda adlanan qasırğanın, ümumilikdə, ölkəyə 300 milyon dollardan çox zərər vurduğu bildirilir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinatoru Valeri Amos lazımi məbləğin yığılması üçün dünya ictimaiyyətinə müraciət edib. Hələlik isə, qonşu ölkələr Filippinə ilk yardım göstərməyə çalışırlar.



AzNews.az