Corc Soros: “Putin Avropa Birliyini barmağına dolayıb“

"Avropa Birliyi assosiasiya haqqında sazişin imzalanması üçün Ukrayna qarşısında çox ağır tələblər qoydu. Lakin sazişin imzalanacağı təqdirdə Ukraynanın xeyrinə çox az şey təklif etdi. Bu isə Rusiya prezidenti Vladimir Putinə Ukrayna uğrunda "müharibə"də qalib gəlmək imkanı yaratdı".

ANS PRESS-in məlumatına görə, bu fikirləri ABŞ-lı iş adamı, sərmayədar Corc Soros deyib.

"Putin Avropa Birliyini barmağına doladı, aldadaraq qələbə qazandı. Çünki Avropa Ukraynadan çox şey tələb edir, təklifləri isə həddindən artıq azdır. Ona görə də Putin uğur qazana bildi", deyə Corc Soros Ukraynadakı vəziyyəti şərh edərkən bildirib.

İş adamı həmçinin qeyd edib ki, Ukrayna məsələsi onu göstərdirdi ki, Avropa Birliyi daxili və xarici siyasətini təkrar gözdən keçirməlidir. Əks təqdirdə Putin Avropa Birliyinə qarşı Rusiya imperiyasının bərpası ilə bağlı planlarını uğurla həyata keçirəcək.
"Ukrayna Avropa Birliyi üçün həyəcan siqnalıdır, çünki hazırda Rusiyanın açıq-aşkar birliyə qarşı çıxdığı görünür. Putin Rusiya imperiyasını bərpa etmək istəyir. O, yaxşı bilir ki, planını iqtisadi yolla həyata keçirə bilməyəcək. Çünki Rusiya iqtisadiyyatı hazırda elə də yaxşı səviyyədə deyil. Ona görə də Putin siyasi yollara əl atıb. Ukrayna böhranı Avropa üçün əsl mesaj oldu", deyə Corc Soros bildirib.


AzNews.az