- Köhnə - Dünya
- 26 Sentyabr 2014 20:48
- 7 309
Nobel almış müsəlmanlar: 112 ildə cəmi 10 nəfər

Müsəlmanlar Yer Kürəsinin əhalisinin təxminən 4-də 1-ni təşkil edirlər.
AzNews.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, amma onların arasından, Nobel mükafatının verilməyə başlandığı 1901-ci ildən bəri, cəmi 10 mükafatçı çıxıb.
Bunların da 6-sı Nobel Sülh Mükafatına layiq görülənlərdir. İkisi Ədəbiyyat üzrə Nobel alıb.
Elmlə bağlı Nobel mükafatlarının indiyəcən yalnız ikisində - Fizika və Kimya nominasiyalarında müsəlman qaliblər olub. Tibb və İqtisadiyyat üzrə Nobeli alan müsəlman yoxdur.

Abdus Salam - Pakistanlı fizik. Nobel mükafatı almış ilk müsəlman alimidir. 1979-cu ildə amerikalı alimlər Sheldon Lee Glashow və Steven Weinberg ilə şərikli olaraq Fizika üzrə Nobel Mükafatına layiq bilinib - "Elementar hissəciklər arasında zəif və elektromaqnit əlaqəyə aid nəzəriyyənin yaradılmasında xidmətlərinə görə".

Ahmed Zewail - Misir-Amerika alimi. 1999-cu ildə kimya üzrə Nobel Mükafatını qazanıb. Mükafat ona "Femtosaniyə texnikasından istifadə etməklə aparılan kimyəvi reaksiyalar zamanı keçid hallarının öyrənilməsinə görə" verilib.

Ənvər al-Sadat - Misir prezidenti. 1978-ci ildə İsrailin baş naziri Menachem Begin ilə birgə Nobel Sülh Mükafatına layiq görülüb. İsraillə Misir arasında əldə olunan sülhə görə.

Yasser Arafat - Fələstin Muxtariyyətinin rəhbəri. 1994-cü ildə İsrail siyasətçiləri Şimon Peres və Yitzhak Rabin ilə birgə Nobel Sülh Mükafatına layiq görülüb. "Yaxın Şərqdə sülh yaratmaq səylərinə görə".

Şirin Ebadi - İranlı hüquq müdafiəçisi. İranda insan haqları uğrunda, xüsusən qadın və uşaqların hüquqları uğrunda mübarizəsinə görə 2003-cü ilin Sülh Mükafatı ona verilib.

Mohamed El Baradei - Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri kimi "nüvə enerjisinin yalnız sülh məqsədləri üçün istifadəsinə çalışdığı üçün" 2005-ci ilin Nobel Sülh Mükafatına layiq bilinib. Misirlidir.

Muhammad Yunus - banqladeşli iqtisadçı. 2006-cı ildə Nobel Mükafatı onunla birlikdə Grameen Banka verilib. Kasıblar üçün əlyetərli kredit sistemi yaratdıqları üçün.

Tavakel Karman - yəmənli insan haqları müdafiəçisi. 2011-ci ildə liberiyalı Ellen Johnson Sirleaf və Leymah Gbowee ilə birlikdə dinc üsullarla qadın hüquqları uğrunda mübarizəsinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

Naguib Mahfouz - Misir yazıçısı. Ədəbiyyat üzrə Nobel Mükafatını 1988-ci ildə alıb.

Orhan Pamuk - Türk yazıçısı. Ədəbiyyat üzrə Nobel Mükafatını 2006-cı ildə qazanıb.
AzNews.az