Con Kerrinin daha bir gizli planı: “İsrailin əvəzinə İran”

İsrailin “Maarif” qəzetinin müxbiri Kerolayn Qlik “ABŞ niyə öz tərəfdaşlarını müdafiə etmir?” sualına cavab tapmaq üçün araşdırma hazırlayıb.


AZNEWS.AZ həmin araşdırmanı təqdim edir.

"İranın Marşal adalarına məxsus ticarət gəmisini ələ keçirməsi bunu deməyə əsas verir ki, ABŞ öz tərəfdaşlarını müdafiə etmir. İsrail xilasedicilərinin Nepala göndərilməsi sübut etdi ki, İsrailin mövcudluğuna son qoyulması cəhdləri Fələstin münaqişəsilə əlaqəli deyil.

"Maersk" beynəlxalq gəmiçilik şirkəti deyib ki, "Maersk Tiqris" gəmisinin 34 nəfər ekipajı sağ-salamatdır. Bu gəmini ötən həftə İranın islam inqilabı keşikçiləri korpusu qeyri-qanuni olaraq Ormuz körfəzində ələ keçirib. Gəmi 1986-cı ildə ABŞ-dan müstəqilliyini alan və Sakit okeanının cənub hissəsində yerləşən Marşal adaları dövlətinə məxsus olub.

Müstəqillik müqabilində ada rəhbərliyi ölkənin müdafiəsini ABŞ-a tapşırıb. Gəminin saxlanılması olayından sonra adanın ABŞ-dakı səfiri vəzifəsində çalışan Junior Aini deyib ki, onun ölkəsi ABŞ-dan gəmi heyətinin azad edilməsini gözləyir. Ancaq görünür, ABŞ hələ heç bir addım atmayıb. Prezident Barak Obama yalnız bildirib ki, ABŞ-ın böyük gəmisi həmin rayona sarı üzəcək. Ağ Evin sahibi bundan başqa heç nə etməyib.

ABŞ-ın götürdüyü öhdəlikləri yerinə yetirməməsi təkcə bu hadisə ilə kifayətlənmir. Onlar öz tərəfdaşlarını İrandan qorumağa cəhd etmir. Çox böyük ehtimalla, bu həftə ərzində ABŞ-ın İranla bağlı yürütdüyü siyasət ona sevinc bəxş edib. Bu, heç də təəccüblü deyil. Vaxt keçdikcə heç kəsdə şübhə qalmaz ki, kimsə ayatullalarla bağlanan anlaşmanı poza bilər.

Eyni zamanda iranlılar ABŞ-ın irəli sürdüyü təklifi bəyəndiklərindən onun 2 ay sonra imzalanacağına hazır olduqlarını deyiblər. Bu zaman isə İrana külli miqdarda investisiya qoyulacaq. ABŞ-ın Dövlət Katibi Con Kerri bununla bağlı vurğulayıb ki, sazişdən sonra rəsmi Tehran avans şəklində 50 milyard dollar alacaq. Qarşılığında isə İranın Qərb banklarındakı hesablar açılacaq.

Alınan məlumata görə, İran hər ay Suriyadakı vətəndaş müharibəsinin davam etdirilməsi üçün 3 milyard dollar xərcləyir. Bundan əlavə onlar "Hizbullah"a da İsrailin sərhəd rayonlarında, Holan təpəliyində terakt törətmək üçün maliyyə ayırır. İranla bağlanacaq sazişdən sonra bu ölkə öz hərbi potensialını yüksəldəcək. Və deməli, rəsmi Tehran Obama ilə tərəfdaşlığa hazırdır. Daha sonra isə o, İsraillə bağlı xarici siyasətinə yenidən baxmalı olacaq.

Bu yaxınlarda Con Kerrinin müavini Uendi Şerman İsraili təhdid edərək deyib ki, İsrail "2 xalq üçün 2 ölkə" prinsipindən əl çəkməsə, rəsmi Vaşinqton beynəlxalq aləmdə İsrailə dəstək verməyəcək.

ABŞ-ın İsraildəki səfiri Dan Şapiro da ivrit dilində "Qaley Çaxal" radio stansiyasında çıxışı zamanı Uendi Şermanın fikirlərini təkrar edib. Beləliklə, ABŞ rəhbərliyinin məqsədi İsraillə tarixi dostluğu pozmaqdır".