İrəvanda vəziyyət daha da gərginləşdi – Prezident iqamətgahına doğru hücum

Ermənistanda elektrik qiymətlərinin artmasına etiraz etmək üçün Azadlıq Meydanını dolduran və Prezident Sarayına gedən yolları bağlayan təxminən 15 min adam yenidən aksiyalara başlayıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı CİHAN agentliyi yayıb.

Məlumata görə, dünən səhər saatlarında polis müdaxilə edərək 237 nümayişçini saxlayıb.

Gecə saatlarında isə yenidən prospektlərə axışan nümayişçilər nəzarətə alınanların hamısının azadlığa buraxılmasını və elektrik qiymətlərinin aşağı salınmasını tələb edib.

Prezident Sarayına doğru irəliləyən izdihamın qarşısını Baqramyan küçəsində kəsən polis, nümayişçilərin Saraya çatmasına imkan verməyib.

Ermənistan Prezidenti Serj Sarkisyanın nümayişçilərdən bir qrupu ilə görüşmək istədiyi, ancaq nümayişçilərin bunu rədd etdiyi bildirilir.

Rus mətbuatında yer alan xəbərlərdə nümayişçilər özlərini "Yeni Meydan", ya da "Electromaidan" olaraq adlandırırlar. Onların Twitter-də də bu adla dünya gündəminə daxil olduqları bildirilir. Ukrayna mətbuatı isə yazır ki, ermənilər "Rusiyanın işğalına" görə meydanlara axışıb.

Ermənistanın siyasi eksperti Hrant Məlik-Şahnazaryan vurğulayır ki, aksiyalarda "rəngli inqilab" ruhu var: "Bəzi siyasi qüvvələr nəticədə başqa planlar həyata keçirə bilər. Bütün bunların arxasında kimin olduğunu demək çox çətindir. Ukrayna rəsmiləri isə aksiyanı öz mənafelərinə görə istifadə edirlər".

Digər bir erməni siyasətçisi Andrey Araşev də Lenta.ru-ya verdiyi açıqlamada aksiyaların sosial-iqtisadi tələblərin ödənməməsindən qaynaqlandığını deyir.

Araşev xəbərdarlıq edib ki, aksiyalarda Rusiya əleyhinə çıxışların önə çıxması Ukrayna və digər oxşar ssenarilərin baş verməsilə nəticələnə bilər.
image description image description