İranın Qərblə böyük barışı - dünya yeni sabaha oyanır

Kənan Rövşənoğlu Tehran dünya bazarına qayıdır, 100 milyard nəğd pul, böyük Qərb sərmayəsi cəlb etməyə hazırlaşan İslam Respublikası regional siyasətdə də aktivlliyini artırır.




Nəhayət ki, İran və "altılıq" (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında nüvə məsələsi ilə bağlı yekun razılaşma qüvvəyə minir. Avstriyanın paytaxtında şənbə günü bir araya gələn iştiraçkı dövlətlərin xarici işlər nazirləri yekun razılaşma üzərində anlaşmaya nail olublar.

Hər iki tərəf razıdır


BBC-nin məlumatına görə, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif sanksiyaların şənbə günündən etibarən ləğv olunacağını bildirib. Gözlənildiyi kimi, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramını minimallaşdırması ilə bağlı hesabatını elan edəcək. Gələn bilgilərə görə, Tehran artıq nüvə fəaliyyətini beynəlxalq müşahidə altında razılaşmaya uyğun həcmdə azaldıb. Buna qarşılıq olaraq BMT, AB və ABŞ İrana qarşı sanksiyaları donduracaq, bura İranın 100 milyard dollar civarında dondurulmuş vəsaitinin geri ödənməsi və ən mühümü, İranın yenidən dünya enerji bazarına qayıtması kimi mühüm detallar daxildir.
Artıq ABŞ hökuməti də məsələ ilə bağlı müsbət mesaj verib. Vaşinqton bəyan edib ki, hər iki tərəf nüvə anlaşmasının qüvvəyə minməsi üçün doğru yöndə addımlar atıb.



Vyanada danışıqların getdiyi bir zamanda İran hökuməti "Washington Post" qəzetinin iranlı müxbiri Jason Rezayian da daxil olmaqla 4 ABŞ vətəndaşını azadlığa buraxıb. Buna qarışılıq olaraq ABŞ hökuməti də həbsdə olan 7 İran vətəndaşını azad edib.


Embarqodan sonra İran

İrana qarşı embarqoların ləğv olunması ilә bu ölkənin 20 ildən artıqdır məhdudiyyət altına olan iqtisadiyyatı geniş bir nəfəslik əldə edəcək. İlk növbədə İran dünya banklarında dondurulmuş pularını geri alacaq. Fərqli rəqəmlər deyilsə də, hökumət rəsmilərinin məlumatına görə, embarqoların ləğvindən sonra İranın dünyanın müxtəlif banklarında qalan 100 milyard dollardan artıq nəğd pulu ölkəyə qaytarılacaq.



Yeri gəlmişkən, ötən il İran Mərkəzi Bankı embarqo səbəbilə Cənubi Afrika Respublikasında dondurulmuş 13 ton qızılı ölkəyə gətirdiyini elan edib. Embraqoların ləğvi ilə İran uzun illərdir həbsdə olan pullarını, eləcə də qiymətli metalları, əmlakını geri ala biləcək. Ancaq təbii ki, İrana qarşı embarqoların ləğvinin ən böyük təsiri neft və qaz sektorunda olacaq.
İran təsdiqlənmiş qaz ehtiyatlarına görə, dünyanın ikinci, neft ehtiyatlarına görə isə 4-cü yerdə gələn ölkəsidir. Ancaq məlum səbəblərdən uzun ilər İran nefti və qazı "qara bazar"da, ucuz qiymətə satılıb. İndi isə embarqo qalxır və İran birbaşa Avropa Birliyinin enerji bazarına daxil olmağa hazırlaşır. Doğrudur, hazırkı qiymətlərlə bu, elə də böyük qazanc vəd etmir, ancaq istənilən halda böyük ehtiyata sahib Tehranın bazara çıxması və sərbəst ticarət imkanları qazanması ölkəyə böyük miqdarda pul gətirəcək.

Ancaq dünyada daha çox neft-qaz ölkəsi kimi tanınan, ixracatında əsas bu məhsullar olan İran uzun illər embarqo dönəmində sənayesini inkişaf etdirib. Dünyada hər il ən çox ali təhsilli mühəndis İranda məzun our. Ölkənin nanotexnologiyadan tutmuş, metallurgiyaya qədər, elektronika, maşınqayırma kimi sahələrdə böyük inkişaf edən sənayesi var. Bu mənada embarqolardan xilas olan İranın dünya ticarət dövriyəsində önəmli paya sahib olması gözlənilir.


Tehranın "siyasi açılımı"

Maraqlıdır ki, şənbə günü Türkiyənin hakimiyyətə yaxın mediası İran xarici işlər nazirinin müavininin yaxın günlərdə Ankaraya səfər edəcəyi haqda məlumat yayıb. Bildirilir ki, Əmi Hüseyn Abdullahiyan Ankarada bir sıra rəsmilərlə görüşəcək. Eyni zamanda xarici işlər naziri Cavad Zərifin səfərinin detallarını müzakirə edəcək. Bu səfərin iki ölkə münasibətlərinin yaxşılaşdırması cəhdi olaraq təqdim ediblər.

Məlum olduğu kimi, son bir neçə ildə iki ölkə münasibətlərində ciddi soyuqluq müşahidə olunub. Qərblə anlaşan İranın Türkiyə ilə münasibətləri qaydaya salması regionda artan gərginliyin yumşalması cəhdi kimi də yozula bilər. Son zamanlar İrana qarşı ciddi bir ərəb bloku yaranıb və Tehranı təkləmək cəhdləri müşahidə olunur. Görünür ki, İranın diplomatik hücumu həm də bu bloku dağıtmağa yönəlik olacaq.