Xədicə İsmayıl və erməni lobbisi: Çirkli pullar çirkli əllərdə

OCCRP Xədicə İsmayıl kimilərindən istifadə edərək R.Vardanyanın çirkli pullarından bəhrələnir

Azərbaycana qarşı qərəz və böhtan yağdırmaq, ölkədəki sabitliyi pozmaq üçün gecə-gündüz planlar quran ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi'' (OCCRP) adlı bir təşkilat var. Təşkilatın sahibi - bütün dünyada araşdırmaçı jurnalistikanı inkişaf etdirmək üçün ABŞ-da təsis edilən - ''Jurnalistikanın İnkişafı Şəbəkəsi''dir (The Journalism Development Network, Inc. (JDN).

Bu şəbəkəni 2004-cü ildə Dryu Sallivan adlı şəxs yaradıb. İxtisasca komediya aktyoru olan D.Sallivanı sonralar hansısa yolla jurnalistikaya gəlib çıxıb. O vaxtdan bəri adamın xroniki olaraq bir ayağı okeanın o tayında, o biri ayağı isə Şərqi Avropada, Sarayevodadır...

Maraqlıdır ki, internetdə ''The Journalism Development Network'' adlı nə təşkilat, nə də onun rəsmi saytı var. “Təşkilat” ABŞ-ın Merilend ştatında qeydiyyatdan keçsə də, adı yalnız kağız üzərindədir. Baş qərargahı isə Bosniya və Herseqovinanın Sarayevo şəhərində yer alan həmin OCCRP adlı təşkilatdır.

Bu şəbəkə ABŞ büdcəsindən pul və başqa onlarla ölkədən OCCRP-a qrantlar ayrılması üçün maliyyə kanalı rolunu oynayır. Bunu ABŞ-ın rəsmi büdcə idarəsinin saytında görmək mümkündür.

OCCRP-nin uzun müddət Azərbaycana qarşı “bütün cəbhə boyu müharibə“ elan etməsi heç kimə sirr deyil. Bu təşkilat ölkəmizin adını müxtəlif növ çirkli maliyyə əməliyyatlarda hallandırmaqla, əslində, diqqəti bu əməliyyatların real icraçısı olan Ermənistandan yayındırmaq məqsədi güdür. Uzağa getməyək, 2016-2017-ci illərdə Bolqarıstanın aztirajlı nəşrlərindən olan “Trud”-da AZAL barədə kiçik bir jurnalist “araşdırma”sını uzun müddət gündəmdə saxlayan bəzi Qərb QHT-ləri və mediası nədənsə Ermənistanın silahlı qaçaqmalçılığında iştirakının üzərindən sükutla keçdi.

Lakin son aylar dünyanın bütün qitələrində fəaliyyət göstərən mütəşəkkil erməni cinayətkar şəbəkəsinin fəaliyyəti ciddi şəçkildə ifşa olunmaqdadır. Dünya və Azərbaycan ictimaiyyəti artıq belə ifşa məlumatları ilə tanışdırlar.

Misal olaraq, ötən ilin sonlarından etibarən, Almaniya və İspaniyada erməni mafiyası haqqında ciddi ifşaedici faktlar aşkarlandı. Məlum oldu ki, erməni mafiyası həmin ölkələrdəki Ermənistan diplomatları və rəsmi İrəvanla ciddi əməkdaşlıq şəraitində işləyirlər.

Həmçinin, cari ilin yanvar ayında britaniyalı araşdırmaçı-yazıçı Harold Keynin nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki fəsadları Qafqaz regionundan çox-çox uzaqlara çıxaraq beynəlxalq birliyə dərin təsir göstərə bilən cinayətlərin və cinayətkar şəbəkənin aşkara çıxarmasının şahidi olduq.

Eyni zamanda, silahli münaqişələrdə müxtəlif silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın “Conflict Armament Research” mərkəzinin dərc etdiyi hesabatda Ermənistan dövlət aviaşirkətinin Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına, mərkəzi və şimali Afrika terrorçularına silah daşıması ifşa edildi.

Martın 4-də isə OCCRP bu dəfə Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkənin hakim elitası ilə sıx əlaqəli böyük investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında hesabat dərc etdi.

Qeyd edək ki, “Troika” sxemi üzrə mənfəətdar isə Rusiyanın “Troika Dialog” kimi tanınan özəl investisiya bankı və Rusiyada qərbyönlü reputasiyaya malik rusiyalı erməni Ruben Vardanyandır. Bu adam Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əhalinin yerləşdirilməsi üçün kəndlər salınmasını maliyyələşdirir, bu kəndlərdə məktəb və kilsə tikdiririr. Yalnız Dağlıq Qarabağda deyil, Livan və Suriyada erməni kəndlərinin salınması, kilsələrinin və məktəblərinin tikilməsi üçün maliyyə ayırır. Vardanyan həmçinin Rusiya vətəndaşı olan oğlu David Vardanyanı Dağlıq Qarabağda hərbi xidmətə göndərib.

R.Vardanyanın “humanitar” layihədə tərəfdaşları, ictimai lobbisti və koordinatorları amerikalı cütlük - aktyor Corc Kluni və həyat yoldaşı livanlı erməni-druz qarışığı Amal Alamuddin Klunidirlər. Corc və Amal Klunilər Ruben Vardanyanın çoxsaylı layihələrində tərəfdaş və ictimai lobbist qismində çıxış edirlər. Bu cütlüyün ümumiyyətlə ictimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada yuduğu çirkli pulların hesabına həyata keçirilir.

Təsadüfi deyil ki, Amal Kluni OCCRP “araşdırmaçısı” jurnalist Xədicə İsmayılın vəkili olub, onun həbsdə olduğu dövrdə xaricdə ictimai və hüquqi müdafiə kampaniyalarını təşkil edib. Nəzərə alsaq ki, Corc və Amal Klunilərin ictimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada TROİKA pulyuma sxemi ilə yuyulan çirkli pulların hesabına həyata keçirilir, onda belə çıxır ki, Xədicə İsmayılın hüquqi müdafiəsi ermənilərin Rusiyada yuduğu çirkli pulların hesabına təşkil olunurmuş.

Məsələnin başqa bir maraqlı tərəfi də OCCRP-nin Xədicə İsmayıl kimilərindən istifadə edərək, R.Vardanyanın çirkli pullarından bəhrələnməsidir. Beləliklə, aydın olur ki, OCCRP öz əməkdaşlıq etdiyi həbsdəki jurnalistin hüquqlarının müdafiəsini ictimai fəaliyyəti R.Vardanyanın çirkli pullarından qaynaqlanan Amal Kluniyə tapşırmaqla həm də onun çirkli pullardan bəhrələnməsi məqsədini güdüb.

Elgün
AzNews.az