Qan Turalı müasir dövrün “tikanlı və iynəli” yazarlarından biridir Qan Turalı müasir dövrün “tikanlı və iynəli” yazarlarından biridir

Qan Turalı: “Mirzə Cəlili Rəsulzadəyə qoşulmadığına görə təftiş etmək hansı insafdandır?”

Qan Turalı müasir dövrün “tikanlı və iynəli” yazarlarından biridir

Kulis.az-dan gedəndən sonra mediada da az-az görünür. Son günlərdə meyxanaçılar və Mirzə Cəlil barəsində müzakirələrə qoşulanlardan biri də odur. Onunla ədəbiyyat, meyxana və digər mövzularda söhbətləşdik:

- Tural haralardasan, nə isə məşğulsan?

- Pedaqoji fəaliyyət, oxu.az saytı üçün məqalələr, ədəbiyyatla məşğulam. Yeni kitabım olan “Ayna”nı nəşriyyata göndərdim. Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal etdiyimiz filmi təhvil verdik. İş çoxdur...

- Hansı kitabın çapa gedəcək?

- “Ayna”dır adı, iki povest və yeddi hekayədən ibarətdir. “Prokurorun üç günü” adlı povest yazmışam. Bu da yeni bir prokuror hekayəsidir. Adı “Casusların xəfiyyəsi”dir, II Dünya müharibəsi, Stalin və Rəsulzadə, Mehdi Hüseynzadə arasında baş verən alternativ tarix üslubunda bir hekayədir.

Digər povestim isə “Samir və Samiri”dir. Müəyyən mənada Fellininin “Şirin həyat” filminin, Quranda və Tövratda olan Samiri əhvalatının müasir variasiyasıdır.

- Səncə, teatrı atan Samir “Dantenin yubileyi”ndəki obrazın əksi deyil?

- Feyzulla istedadsızdır, onun faciəsi daha çox fərdi faciədir. Samirin Samiriyə çevrilməsi isə müasir dünyada incəsənətin qarşısında duran sınaqlardan bəhs edir. İncəsənət şouya uduza bilməz, incəsənət əbədidir, şou ötəridir. Amma incəsənət adamları uduza bilər.

- Doğrudanmı, incəsənət əbədidir?

- Biz əgər 60-cı illərin mahnılarını, misal üçün, Mirzə Babayevin “Liman” mahnısını bu gün də dinləyiriksə, o illərin artıq əfsanəyə çevrilmiş kinolarına baxırıqsa və 3 il qabaq “Bozbaş”ın çəkdiyi filmləri xatırlamırıqsa, deməli, sənət əbədidir. Onlar 2-3 saatlıq “sənət”dir. Eləcə də meyxananı da bura qatıram. Bunlar birdəfəlik istifadə üçün hazırlanmış məhsullardır.

- Belə başa düşdüm, sənin üçün daha siyasətdən yazmaq dövrü bitib.

- Maraqsız gəlir. Misal üçün, günlərdir “Apple”nin “Apple TV Plus” layihəsi ilə maraqlanıram. Bu platforma həm verilişlər, serial və filmlər istehsal edəcək. Başqa bu cür platformalar da vardı. İndi artıq “Apple” bu bazara girir. Artıq kinoteatr, televiziya öz dövrünü başa çatdırır, hər şey internetə transformasiya edir. Mənə bu proseslər daha maraqlıdır, nəinki İsgəndər Həmidovun yaratdığı təşkilat... Nə idi o təşkilatın adı?

- Azərbaycan Xalq Hərəkatı...

- Hə... Onu deyirəm. Sizcə, bu hərəkat kimin üçün maraqlıdır?!

- Meyxanadan yazmaq daha maraqlıdır, nəinki siyasətdən?

- Məhz elədir. Meyxana müzakirələri mədəniyyət hadisəsidir. Azərbaycan ziyalısının Axundovdan, Mirzə Cəlildən gələn maarifçilik missiyası var. Qərbdə Kant, Russo, Volter kimi filosoflar bununla məşğul olublar. Bir ziyalı bunlarla məşğul olmalıdır. Meyxanaya gəldikdə isə... Hər zaman ucuz mədəniyyətin alıcısı çox olur, çünki onu istehlak eləmək asandır.

tural.jpg (59 KB)

Meyxana dinləmək zövq tələb eləmir. Küçədən keçənə Kafkadan sual versək, o, heç nə anlamayacaq. Amma alışdıqca, oxuduqca sevəcək. Baxın, hamımız ölkədəki o kriminal verilişlərdən şikayət edirik. O qatillərdən, oğrulardan. Bu mühiti nə yaradır? Kitabsızlıq.... Maarifsizlik... Şərqdə ilk operanı biz yaratmışıq, ilk fəlsəfi traktatı biz yazmışıq, Nizami, Füzuli kimi bəşəri şairlərimiz var. Belə mədəniyyətə malik xalqın meyxanadan danışması faciəvidir. Nizami yetişdirən xalq meyxanaçıya şair deyirsə, bu, Nizamidən Səttar Bəhlulzadəyə, Qara Qarayevə qədər mədəniyyətimizə təhqirdir. Meyxana səbəb deyil, o yalnız nəticədir. O, nadanlıqdan, bisavadlıqdan törəyir. Meyxananı yaradan səbəb də ölkədəki təhsil, savad və maarif problemidir. Əvvəl bu ancaq bir bölgədə vardı, ANS bu virusu bütün ölkəyə yaydı.

- Şəhriyar Del Gerani yazır ki, Aydın Xırdalanlı şifahi ədəbiyyatın fədaisi oldu, Azərbaycan yazılı poeziyasına özünü dürtüşdürən şeir yazanların 90 faizindən yuxarıdadır onun poetik məqamı. Məsələn, Fikrət Qocadan, Rasim Qaracadan min yol, yüz köynək daha yaxındır gerçək şeirə, həqiqi poeziyaya.

- Vəfat etmiş şəxs haqda danışmağı etik saymıram, bu insafdan deyil. Çünki onun ən azı cavab vermək imkanı yoxdur. Mən prinsiplər üzərindən danışıram, nəzəriyyəni deyirəm. Fikrət Qoca yaradıcılığının ilkin dövründə poeziyamıza yeni nəfəs gətirmişdir. Rasim Qaraca da mənim çox sevdiyim bir şairdir.

Əzizim Şəhriyarla polemikaya girmək fikrim də yoxdur. Bircə onu deyim ki, Mirzə Cəlil haqda hər cür məntiqdən, intellektdən kənar silsilə yazılar yazan Şəhriyar Del Gerani bir meyxanaçını dahi söz ustası hesab edirsə, belə hesab edirəm ki, bu haqda dərin mülahizə yürütmək də mənasızdır. O ki qaldı pirşünas Həmidə... Yaxşı olar ki, yaradıcılığına fikir versin. Onunla gündəmə gəlsin. Kiminsə fikri Mirzə Cəlili yox, o sözün müəllifini təyin edir. Klassikləri tənqid və təhlil etmək olar, amma inkar etmək gülüncdür. Çünki günəşi palçıqla suvamaq olmaz, yarasalar görməsə də günəş həmişə var.

- Səncə, meyxanaçılar istedadlı deyil?

- İstedadlıdırlar. Kimsə də ağzından od çıxardır, bu da istedaddır. Amma incəsənət deyil.

- Amerikanın da meyxanası repdir, küçə sənətidir də, sözlərində söyüş var. Amerikada milyonlarla insan Hüqonu, Molyeri oxumur, amma Eminem, 2 Pac kimi reperləri dinləyir...

- İndi 2 Pacla bizim bu “sənətkar”ları yanaşı qoyursansa... (gülür) Bu çox uzun bir söhbətdir.

- Amma şairlər ilhamlanıb şeirlər yazanda, meyxanaçılar bu sözləri bədahətən söyləmək qabiliyyətinə malikdirlər...

- Mikayıl Müşfiq bədahətən şeirlər deyirdi, Mirzə Ələkbər Sabir yatanda yuxuda şeir sayıqlayırmış. Amma onlar buna görə tarixdə qalmayıblar ki... Məsələnin bədahətən deyilməsi əhəmiyyətli deyil, önəmlisi bədii estetik olmasıdır. Lətifə qəhrəmanları da sözü dərhal deyirlər. Məgər onları da klassik adlandırmalıyıq? Onlar Füzulini demirəm, Əliağa Vahidlə necə bərabər qoyula bilər? Dünyada sözün meyarı bədahətən demək olmayıb. Bədahətən söz demək nə zaman estetik bir kateqoriya olub? Meyxana ölü doğulan bir sənətdir.

“Klassikləri tənqid və təhlil etmək olar, amma inkar etmək gülüncdür”

- Tural, bir məqalədə oxudum ki, Heredot “Tarix” əsərində meyxanadan yazıb, deyib ki, bu coğrafiyadakı massagetlər çoxsaylı və igid tayfadır. Nə dərəcədə doğrudur?

- Meyxana əruz üzərində deyilir. Əruz da bizə ərəblərdən sonra gəlib, Heredot isə ərəblərdən bir neçə əsr əvvəl yaşayıb. Bütün bu müqayisələr bisavadlıqdan, nadanlıqdan irəli gəlir.

- Yəni hamı Mayakovskini, yaxud Nazim Hikməti oxumalıdır?

- Bəli... Biz bunun üçün çalışmalıyıq. Hamı Nazim Hikmət poeziyasından zövq alsın deyə... İnsan nadanlığından qürur duymamalıdır. Mən istərdim ki, hər evdən klassik musiqi sədası gəlsin, hər evdə Tolstoy oxunsun, Çexovdan söhbət getsin. Bunlar insanlar üçündür. İnsanlara ali hisslər yaşatmaq üçündür.

Sizcə, həyatında cəmi bir dəfə Çexovun bir hekayəsini oxumuş insan o Aytacı o cür qəddarlıqla öldürə bilərdimi?

Cəmiyyət bir “vor zakon”un dəfninə yığışan milyonlara baxıb dəhşətə gəlir, bunun səbəbini anlamır. O qızların videosuna baxıb dəhşətə gəlir, səbəbini anlamır. Bunun səbəbi cəhalətdir, nadanlıqdır, kitabsızlıqdır. Sabir öləndə demişdi ki, ətimi bu millət yolunda qurban etdim, ömür vəfa etsəydi sümüklərimi də bu xalqın yolunda qoyardım. Bizə miras qalan dəyər budur.

- Sizə elə gəlmir ki, bizdə yazıçılar, şairlər, xüsusən yeni ədəbi nəsil meyxana, saz kimi daha təhlükəsiz mövzulara belə böyük reaksiya verirlər, harada ki, kütləni qəzəbləndirən haqsızlıq olur, onun yanından ötüb keçirlər?

- Mən başqalarının yerinə cavab verməyi etik saymıram. Özüm üçün vacib bildiklərimi də daim uca səslə demişəm. Elə bu müsahibədə də dediyim kimi. Məsələ bundadır ki, media da bizə, yazıçılara, ziyalılara hazır rəy maşını kimi baxır. Hansısa bir sosial ədalətsizlik varsa, mütləq bir yazıçı kütlənin təkidli tələbi ilə ona münasibət bildirməlidir. Yazıçılıq bu deyil, ziyalılıq bir deyil. Yazıçı namus və ləyaqətlə onu narahat edən məsələlərə münasibət bildirməlidir. Lakin yazıçı kütlənin arxasınca qoşulub gedə bilməz. Vəziyyət o qədər dramatik hal alıb ki, Mirzə Cəlilə qarşı başqa bir cəbhə açılıb. Sən demə, Mirzə Cəlil ADR hökumətində iştirak etməli imiş. Halbuki bu o Mirzədir ki, 1917-ci ildə öz görkəmli “Azərbaycan” məqaləsini belə tamamlayırdı: “Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları!

Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar. Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!".

O günlərdə Azərbaycan müstəqil də deyildi. Rəsulzadə bütün enerjisi, millət sevdası və entuaziazmı ilə möhtəşəm bir şəxsiyyət və liderdir. Lakin Mirzə Cəlili Məhəmməd Əminə qoşulmadığına görə təftiş etmək hansı insafdandır? Bu elə Məhəmməd Əminin ruhuna hörmətsizlik deyilmi? O Məhəmməd Əmin ki, hətta kommunist Səməd Vurğuna belə yüksək qiymət verirdi. Çünki o, xalqın inkişafında mədəniyyətin rolunu düzgün qavramışdı. Bu gün biz o qavrayışdan, o düşüncədən uzağıq və bu cür diletant fikirlərimizə əli qələm tutan, iki pyes yazan o kişini şahid tuturuq. İncəsənət adamlarını cari polemikalardan uzaq tutmaq lazımdır.

- Niyə görə?

- İnkişaf etmiş ölkələrə baxın - Almaniya, Fransa, İngiltərə, Yaponiya, Çin... Hamısının yüksək mədəniyyəti var. Mədəniyyət bir xalqın varlığını müəyyən edir. Onu təyin edir və ucaldır.

Almaniya II Dünya müharibəsində darmadağın olmuşdu. Ərazisində ikinci bir alman dövləti yaradılmışdı. Sənaye məhv edilmişdi, inflyasiya pik həddə idi. Amma almanlar 60-cı illərdə heç üzərindən 20 il keçməmiş Avropanın ən güclüsü olmağı bacardılar. Küllərindən doğuldular. Nəyin sayəsində? Tində oturub meyxana dedilər? Oturub Balabəyə qulaq asdılar?

Almaniyanın ən böyük sərvəti kömür mədənləri deyildi, Almaniyanın ən böyük sərvəti almanlar idi. O alman ki, bəşəriyyətə Bethoven kimi, Hegel kimi, Höte kimi dahilər bəxş etmişdi. O almanı yaradan da Fixte idi, Hesse idi.

Bir rus romanı vardı, “Qələbə” adında. Sovet jurnalisti Potsdam sülh konfransını izləmək üçün Berlinə gedir. Orada maşınqayırma fabrikində çalışan almanın evində qalır. Fabrik dağılıb, rus görür ki, alman hər gün işə gedir. Alman onun suallarına həvəssiz cavab verir. Axırda rus bir gün almanı izləyir. Görür ki, o və fəhlə yoldaşları zavodun içindən dəzgahları çıxarıb təmir edir, ətrafı təmizləyirlər. Yenidən böyük Almaniya qurmaq üçün. Təsəvvür edirsən, bu necə möhtəşəm bir xarakter deməkdir. Bu xarakteri alman ədəbiyyatı yaratmayıbsa, bəs kim yaradıb. Ya da yaponları yada salın. İki atom bombası atmışdılar başlarına. Amma yaponlar da qısa müddətdə böyük sıçrayışa nail oldular. Nəyin sayəsində? Yaponun sayəsində... Daha gedib Xoşqədəmin verilişində “Sony” axtarmadılar ki...(musavat.com)

AzNews.az