Əli Kərimli terrorçudan "qəhrəman" düzəldənlər sırasında

AXCP-nin və Milli Şuranın sosial media mərkəzli terror zehniyyəti Azərbaycana nə vəd edir?

Bir insanın, üstəlik, o həm də dövlət nümayəndəsidirsə, fiziki varlığına qəsd edilməsi, rəsmi səlahiyyətlərini yerinə yetirməsinə mane olmaq üçün ölümünə səbəb ola biləcək şəkildə hücuma məruz qoyulması terrorizmdir. İfadə tərzləri bəzən fərqli olsa belə, bütün aparıcı beynəlxalq təşkilatların, ümumilikdə beynəlxalq hüququn ötən il Gəncədə icra başçısına atəş açılması kimi olaylara prinsipial yanaşması bu yöndədir.

O da sirr deyil ki, terrorçu qruplaşmalar hədəfə aldığı dövlətləri və cəmiyyətləri, sadəcə, odlu silahlarla, partlayıcı maddələrlə, kütləvi ölüm hallarına səbəb ola biləcək kimyəvi vasitələrlə yox, həm də internetdən istifadə edərək, sosial mediada təbliğat apararaq təhdid edirlər. Gəncədə baş vermiş terror aktının ildönümü ərəfəsində həmin qanlı hadisələrin əsas personajı olan Rusiya vətəndaşı Yunis Səfərova mənəvi-siyasi dəstək kampaniyasına başlanması da məhz bu konteksdədir.

Kampaniya çərçivəsində əksəriyyəti saxta olan və xaricdən idarə olunan sosial media hesabları vasitəsi ilə Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını görüntüləyən kadrlar nümayiş etdirilir, həyat yoldaşının Gəncədəki teraktdan dərhal sonra etdiyi çıxış təkrar-təkrar yayımlanır, terror təşkilatları üçün ənənəvi olan metodlarla aktın icraçısı “qəhrəman” kimi təqdim edilir. Eyni təqdimatla ideoloji və maliyyə hövzəsi Azərbaycanın siyasi hakimiyyətinə də, hüquq-mühafizə orqanlarına da, elə cəmiyyətin özünə də yaxşı məlum olan, xaricdən Azərbaycan dilində materiallar yayımlayan radikal dini saytlar da çıxış edirlər. Aparılan təbliğatda qeyri-qanuni hərbi birləşmələr yaradılması təqdir olunur, Azərbaycan dövlətinin məzhəb savaşına sürüklənməsinə açıq mətnlə çağırışlar edilir, ölkənin çoxəsrlik dini dözümlülük mühiti, tolerant imici şübhə altına alınır.

İşin içində həm də Ermənistanın xüsusi xidmət orqanları var. Gəncə terrorçusunu açıq şəkildə “qəhrəman” elan edərək sosial şəbəkələr vasitəsi ilə “Yunis Səfərov” hərəkatı yaratmaq təşəbbüsü Ermənistan xüsusi xidmət orqanlarına məxsusdur. İşğalçı ölkənin kəşfiyyatı bu ideyanı əlaltıları olan OTV-nin bədnam rəhbəri Zabil Məhərrəmovun dili ilə gündəmə gətirib. İlk dəfə deyil. Unutmamısınızsa, Z. Məhərrəmov “Nardaran hadisələri” ərəfəsində də fəallaşmışdı, “Kərbübəladır Nardaran” mətləsi ilə şiə rövzələrinə bənzər radikal çağırışlar ehtiva edən şeirlər yazır, separatçılığı vəsf edirdi. Mətbuatdan artıq hər kəsə məlumdur ki, bu yaxınlarda Ermənistanda “elmi konfrans” adı altında keçirilən bir tədbirdə Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın rəhbərlik etdiyi, ölkəmizdə etnoslararası və məzhəblərarası sülh mühitini pozmaq üçün ixtisaslaşmış “xüsusi qrup” Taleh Bağırzadəni “yaşıl Azərbaycan inqilab”ının lideri elan edib. Həmin konfransın da əsas çıxışçıları Zabil Məhərrəmov, Zahirəddin İbrahimi kimi xainlər idi.

Düzdür, Taleh Bağırzadənin “Müsəlman Birliyi Hərəkatı” adlandırılan qruplaşması həmin konfransda verilən bəyanatlara mənfi reaksiya göstərdi. Lakin bu etirazın sözügedən tədbir Azərbaycanın kütləvi informasiya vasitələrində sərt tənqid olunduqdan sonra bildirilməsi, o cümlədən yayılan açıqlamada yer alan “Qarabağı işğaldan azad edə biləcək potensial güc Hüseyni əqidədə olanların gücüdür” cümləsi diqqətdən qaçmadı. Hər halda “Müsəlman birliyi”nin xaricdə mənzillənən, Azərbaycan vətəndaşlarını müxtəlif üsullarla tələyə salaraq İraq və Suriyadakı vətəndaş müharibələrinə cəlb edən “Hüseyniyyun” terror qruplaşmışı ilə eyni üslub seçməsi təsadüfə bənzəmir. Hər iki qurum vahid mexanizmin tərkib hissələri kimi nəzərə çarpır.

Nəzərdən qaçırılması mümkün olmayan daha iki ciddi nüans var.

Gəncə hadisələrindən bir ay əvvəl 2018-ci il mayın 28-də ABŞ-ın nüfuzlu “Foreign Policy“ nəşri “Gəncə keçidi”nin Qərb üçün əhəmiyyəti haqında yazı dərc edərək baş verəcək təxribatlar haqda xəbərdarlıq etmişdi.

Yunis Səfərov və Tale Bağırzadənin adları ətrafında göstərilən yeni canfəşanlıqlar, kampaniyanın sifarişçilərinin açıq və dolayı şəkildə dövlətə ünvanladıqları təhdidlər Gəncə hadisələri ilə yanaşı, Avropa İttifaqı üçün prioritet enerji layihəsi olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın ötən il Türkiyənin Əskişəhər şəhərində təşkil olunmuş, prezident İlham Əliyevin şəxsən iştirak etdiyi açılış mərasimindən sonra istifadəyə verilməsinin də, demək olar ki, ildönümünə təsadüf edir.

Bu iki faktı yada salanda, yan-yana gətirərək təhlil edəndə Yunis Səfərovun əli ilə Gəncədə, əslində, dövlətə, dövlətin strateji hədəflərinə, milli maraqlarımıza atəş açdırıldığı, onun himayəçilərinin və müdafiəçilərinin isə Azərbaycanı inkişaf edən, güclü, demokratik bir respublika olaraq yox, Suriya, Liviya və digər belə ölkələr kimi terrorun qurbanı olan, anarxiyanın, vətəndaş qarşıdurmasının hökm sürdüyü, yaxud şəriət qanunları ilə idarə olunan dövlət şəkilndə görmək istədikləri bəlli olur. Onların prezident İlham Əliyevin qətiyyəti və milli maraqlarımızın gerçəkləşməsi uğrunda ardıcıl həyata keçirdiyi çoxşaxəli siyasəti sayəsində hər zaman puç olmuş və olacaq niyyətlərini haradasa başa düşmək olar. Azərbaycanın müstəqilliyini və geopolitik rolunun güclənməsini həzm edə bilmirlər!

Bəs, söz-sözə gələndə özünü “Qərbpərəst” adlandıran müxalif kəsimlər, konkretləşdirsəm, AXCP və Milli Şura Azərbaycan dövlətçiliyinə qarşı aparılan bu çirkin təbliğata nədən bu qədər şövqlə dəstək verirlər?

Hayfa Universitetinin professoru, terror və internet mövzusundakı araşdırmaları ilə tanınan Qabriel Veymann (Gabriel Weimann) və digər tədqiqatçılar vurğulayırlar ki, terror təşkilatları internet üzərindən şiddət təbliğatı aparmaqla gerçəkləşdirdikləri və gerçəkləşdirmək istədikləri aktlara bəraət qazandırmaq, öz əməllərini “çıxış yolu” kimi göstərməklə bir növ legitimləşdirmək, özlərinə tərəfdar toplamaq, terror zehniyyətini yaymaq istəyirlər.

Bəli, Əli Kərimli və çevrəsinin terror, dağıdıcılıq, anarxiya təbliğatındakı iştirakı bu istiqamətdə də elmi-nəzəri biliklərinin azlığından xəbər verməklə bahəm, həm də bir zehniyyət məsələsidir.

Nikkolo Makiavellinin məşhur “məqsəd vasitəyə bəraət qazandırır” prinsipini əsas götürən AXCP və onun marginallamış vitrini olan Milli Şuranın terrorçudan “qəhrəman” düzəldilməsi kampaniyasına dəstək verməsi, qanlı Gəncə hadisələrinə görə həbs olunanları “məsum insanlar” kimi təqdim etmələri, “Hüseyniyyun” , “Müsəlman Birliyi” kimi qruplaşmaları qınamaq yerinə, onları müdafiə edən bəyanatlar vermələri, həmin şəxsləri “vicdan məhbusu” siyahılarına salmaları məhz bu zehniyyətin göstəriciləridir.

Fuad Qəhrəmanlının timsalında sədr müavinlərindən biri radikal “Hizbullah” təşkilatının şüarlarını təkrarlayan AXCP-nin Azərbaycanda “demokratiya” və “insan haqları” adı altında apardığı “mübarizə” öz anti-milli fəaliyyətlərini pərdələməkdən başqa bir şey deyil. Göbəyi Azərbaycandan kənarda kəsilmiş Milli Şura yeni maliyyə imkanları əldə etmək üçün istənilən xarici qüvvənin maşasına çevrilməyə də, ölkəmizin Suriyaya döndərilməsinə də hər cür dəstək verməyə hazırdır.

Ancaq elə “hazır” vəziyətdə də qalacaqlar ona görə ki, Azərbaycan prezidenti İlham Əliyev, onun siyasi komandası və ictimai dəstəkçiləri xidmət və tərəqqi amalının daşıyıcılarıdırlar.

Başqa sözlə, Suriya zehniyyətinin Azərbaycan zehniyyətinə qalib gəlməsi mümkünsüzdür!

Taleh ŞAHSUVARLI,

AzNews.az