Prezidentin köməkçisi AXCP sədrini ad çəkmədən İxtiyar Şirinə bənzətdi Prezidentin köməkçisi AXCP sədrini ad çəkmədən İxtiyar Şirinə bənzətdi

“Əli Kərimli qorxusundan köməkçisinin arxasında gizlənmişdi” - Əli Həsənovdan müxalifətə sərt ittihamlar

Prezidentin köməkçisi AXCP sədrini ad çəkmədən İxtiyar Şirinə bənzətdi

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün KİV-də geniş məqalə ilə çıxış edib. Məqaləsində aktual ictimai-siyasi məsələlər üzərində ətraflı dayanmış Əli Həsənov “Keşikçi dağ” insidenti zamanı Azərbaycan müxalifətinin milli maraqlarımıza zidd mövqe sərgilədiyini vurğulayıb. Əli Həsənov yazıb:

“Azərbaycan Prezidentinin və onun peşəkar komandasının sistemli siyasəti, bütün məsələlərdə nümayiş etdirdiyi prinsipial mövqe, əlbəttə ki, bəzən gündən-günə inkişaf edən dövlətimizə rəqib kimi yanaşan xarici aktorların ürəyincə olmur və zaman-zaman ölkəmizə qarşı müəyyən arzuolunmaz təxribatlar törədilir. Əminliklə demək olar ki, dövlət sərhədlərimizdə yaşanmış ən son hadisə olan “Keşikçi dağ” insidenti də bu qəbildən olan təxribat idi. Bununla bağlı bir həftə əvvəl kütləvi informasiya vasitələrinə açıqlama verdiyimdən, bir daha həmin mövzuya qayıtmaq istəmirəm. Lakin bu günün özündə də həmin təxribatı səsləndirdikləri yeni-yeni bəyanatlarla davam etdirən AXCP sədri Əli Kərimli və yaxın ətrafının mövqeyi ilə bağlı bəzi məsələlərə qısaca münasibət bildirməyi zəruri hesab edirəm.

Keçən dövrün ictimai-siyasi proseslərinin təhlil bir daha göstərir ki, 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən və hakimiyyəti itirdikdən sonra radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı ötən müddətdə də öz səhvlərindən heç bir nəticə çıxarmayıblar, əksinə radikal antimilli və qeyri-konstruktiv mövqelərini ardıcıl olaraq davam etdiriblər. Bu düşərgənin əsas simaları bəhs etdiyimiz “Keçikçi dağ” insidenti zamanı öz mənfur xislətlərini bir daha ortaya qoydular. Hazırda onların gündəlik davranışı sübut edir ki, ümumiyyətlə, bu insanlarda keçən 30 ildə heç bir pozitiv keyfiyyət dəyişikliyi baş verməyib, bütün məsələlərə yenə də eyni prizmadan, yalnız mənfi rakursdan yanaşma xəttini davam etdirirlər. Əli Kərimli və ətrafının bir dəfə də olsun mövcud iqtidarın əldə etdiyi və bütün dünyanın diqqətini çəkən hər hansı bir uğurunu etiraf etməyə cürətləri çatmayıb. Öz inkarçılıq xəttlərini şiddətlə davam etdirərək hər şeyi qaralayan, bütün müsbət nəticələri inkar edən bu qaragüruh dəstə elə öz hərəkətlərinə görə də ölkə əhalisinin etimadını qazana bilmir. Azərbaycanda hardasa bir ağacın budağı qırıldı, hardasa leysan yağdı və yaxud sel gəldi, dolu düşdü və əkin- biçinə ziyan dəydi, zəlzələ oldu və hansısa ev xəsarət aldı, elektrik stansiyasında qəza baş verdi, yanğın oldu, avtobus aşdı, xəstəxanada ölüm halı baş verdi, bir vətəndaş intihar etdi - bir sözlə, ölkədə və bütün dünyada mənfi yönlü nə olursa, “mövcud iqtidar günahkardı, hakimiyyət hara baxır”,- deyə haray-həşir salırlar, kampaniya aparırlar. İqtidara qarşı təkidlə həyata keçirdikləri belə inkarçılıq xətti onların xislətində elə mənfi fəsadlar yaradıb ki, artıq hakimiyyətlə dövlət arasındakı sərhədləri də çoxdan itiriblər.

Məsələn, baş vermiş son “Keşikçi dağ” insidenti barədə müvafiq dövlət qurumları anındaca Azərbaycan Prezidenti cənab İlham Əliyevə məruzə etmiş, məsələ dövlətimizin başçısı tərəfindən xüsusi nəzarətə götürülmüş və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir. Bundan başqa, respublikamızın Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlar bütün zəruri tədbirləri həyata keçirmiş, “Keşikçi dağ” məntəqəsində hadisələrin nəzarətdən çıxmasına imkan verməmiş, orada xidmət göstərən sərhəd dəstəsinin ahəngdar fəaliyyətini bərpa etmişlər. Müvafiq dövlət qurumları baş vermiş hadisə və görülmüş işlər barədə zamanda içtimaiyyətə açıqlamalar verərək, hadisənin təxribat məqsədi ilə törədildiyini vurğulamışlar. Gürcüstanın bir qrup öyrədilmiş vətəndaşı tərəfindən törədilən həmin hadisə barədə ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri cəmiyyətimizi dərhal yetərincə məlumatlandırmış, ictimaiyyyətin fəal nümayəndələrinin Azərbaycan əsgərinin təxribata çəkilməsinə qarşı səsləndirdiyi haqlı etirazlarını bütün dünyaya yaymışlar. Bəyanatlarda həm Azərbaycan iqtidarı və cəmiyyətinin, həm də Gürcüstan hökuməti və vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən təəssüflə qarşılanan bu təxribatın xalqlarımız və dövlətlərimiz arasında tarixi qonşuluq münasibətlərinə, strateji tərəfdaşlığa, birgə həyata keçirilən transmilli layihələrə, əməkdaşlıq və yaxşı gələcək uğrunda birgə imkanlara zərər vurmaq üçün planlaşdırıldığı və həyata keçirildiyi qeyd olunmuşdur.

Bir faktı da yada salmaq istəyirəm ki, 2005-ci il oktyabrın 12-də Prezident İlham Əliyev həmin ərazidə Azərbaycan-Gürcüstan sərhədinin mühafizəsi ilə şəxsən tanış olmuş və lazımi tapşırıqlarını vermişdir. 2007-ci il dekabrın 19-da isə Azərbaycan Prezidentinin sərəncamı ilə Ağstafa rayonu ərazisindəki Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir. Bu faktlar bir daha onu göstərir ki, Əli Kərimli və tərəfdarlarının yalançı bəyanatlarının əksinə olaraq, Prezident İlham Əliyev həmişə Azərbaycan torpaqlarının hər qarışına böyük məsuliyyət, məhəbbət və qayğı ilə yanaşır. Elə bu məsuliyyətin, böyük vətən sevgisinin nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri keçmiş hakimiyyətlər dövründə olduğu kimi, “pərakəndə və nizamsız bir hərbi birləşmə”dən ibarət deyil, müasir maddi-texniki təchizata malik olan dünyanın ən güclü əlli ordusu sırasında yer alan ordudur.

İlham Əliyev prezident seçildiyi gündən bəri Azərbaycan əsgəri xalq cəbhəsi hakimiyyətinin dövründən fərqli olaraq bir metr də olsun torpaq itirməyib, əksinə, şanlı ordumuz 2016-2018-ci illərdə xalqımızın iftixarla xatırladığı hərbi əməliyyatlar keçirərək, işğal olunmuş ərazilərimizin xeyli hissəsini azad edib. İndi Naxçıvanda və Füzuli rayonunda müqəddəs bayrağımızın dalğalandığı strateji yüksəkliklər gələcək döyüşlərdə Azərbaycan əsgərinin qısa vaxt ərzində qələbə qazanması baxımından böyük əhəmiyyətə malikdir.

Tərəfdarlarının sayı “Keşikçi dağ”da Azərbaycan əsgərini təxribata çəkmək istəyənlərdən bir o qədər də çox olmayan AXCP sədri Əli Kərimli və ətrafı neçə gün dalbadal həmin insidentin böyüməsinə dəstək verərək, sosial şəbəkələrdə “zəif və iradəsiz hakimiyyət” obrazı yaratmağa çalışdı, dövlət rəsmilərinin bu istiqamətdəki soyuqqanlı qərarlarını, təmkinli, ölçülü-biçili bəyanatları və fəaliyyətini təhrif etdi, əllərinə fırça alaraq Silahlı Qüvvələrimizin reputasiyasına qara yaxmaq istiqamətində xarici şəbəkələrdə əməlli-başlı “rəssamlıq” etdilər. Açıq desək, Azərbaycanı və Gürcüstanı qarşıdurmaya, konfliktə sürükləyərək zəiflətmək, bununla özlərindən asılı vəziyyətə salmaq istəyən qüvvələrin qurduğu bu oyuna əyinlərinə “Milli Şura” forması geyinən Əli Kərimli və dəstəsi məhz təxribatçı rolunda qatıldı. Odur ki, mən ilk növbədə, siyasi davranışları dövlət və idarəçilik zehniyyətinə tərs mütənasib olan, “bir dövləti qurmağa uzun illər, dağıtmağa isə bir neçə saat lazımdır” həqiqətini hələ də dərk etməmiş Əli Kərimliyə həmin aforizmin müəllifi, məşhur ingilis şairi və siyasətçisi Lord Bayronu oxumağı yox, daha çox öz keçmişinə nəzər salmağı tövsiyyə edirəm.

Heç kim unutmayıb ki, Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin Surət Hüseynovun hərbi qiyamının qarşısını almaq üçün Gəncəyə göndərdiyi bütün yüksək vəzifəli şəxslər bir neçə günün içərisində bir-birinin ardınca əsir düşdülər. Onlar heç də sərhəddə keşik çəkən gənc əsgər deyildilər, hər biri onlarla silahlı cangüdənlərin müşayiətilə gəzən, dövlətin, xalqın təhlükəsizliyinə cavabdehlik daşıyan “məsuliyyət sahibləri” idilər. Nədənsə, 709 saylı hərbi hissənin heç həndəvərinə çatmamış məsuliyyət hisslərini də, silahlarını da, bəziləri hətta simalarını da itirdilər. Hər halda, Əli Kərimli çox yaxşı xatırlamalıdır ki, onun dövlət katibi olduğu hakimiyyətin baş prokuroru bir sillədən sonra öz prezidentinin həbsinə sanksiya verdi. Elə, silahdaşlarının məlumatına görə, Əli Kərimlinin özü də Əbülfəz Elçibəyin vəfat etdiyi gün onun birinci müavini ola-ola öz sədrinin əleyhinə “Azadlıq” qəzetində biabırçı yazılar yazdırıb, təhqir dolu məqalələrin yayımlanmasını sifariş edib. Əlbəttə, bu faktdan sonra Əli Kərimli ilə həmin baş prokuror arasında hansısa mənəvi keyfiyyət fərqinin olmadığı aydın görünür. Elə cəsarət fərqindən də çox danışmağa, məncə, ciddi lüzum yoxdur. Çünki 1993-cü ilin yayında Əli Kərimlinin dövlət katibi olaraq Prezident Aparatından çıxmağa saatlara cürət etməməsinin, axırda köməkçisinin arxasında gizlənə-gizlənə xidməti avtomobilinə oturaraq qaçmasının şahidləri hələ ki, sağdırlar...

Bəli, Prezident İlham Əliyev və onun sadiq komandası, Azərbaycanın dövlət qurumları, bütün silahlı qüvvələrimiz hər zaman olduğu kimi, bu gün də müstəqilliyimizin, dövlətçiliyimizin, milli maraqlarımızın keşiyində möhkəm dayanıblar, Əli Kərimlinin timsalında fərarilikləri və xəyanətləri küll-aləmə bəlli olan antimilli qruplar və xarici ölkələrin iaşə obyektlərində vurnuxaraq anti-Azərbaycan fəaliyyəti sərgiləyən bəzi azərbaycanlı adını daşıyanlarsa yenə də hakimiyyət eşqindədirlər! Əlbəttə ki, ölkəmizdə fəaliyyət göstərən əksər sağlam müxalifətçilərdən və xaricdə yaşayan vətənsevər soydaşlarımızdan söhbət getmir. Onlar da bu reallığı yaxşı görür və dərk edirlər”.

AzNews.az