Dəyişdirici lideri anlaya bilmək üçün onun həm xarakterik keyfiyyətlərinin, həm də fəaliyyətinin üzərində birgə dayanılması vacibdir Dəyişdirici lideri anlaya bilmək üçün onun həm xarakterik keyfiyyətlərinin, həm də fəaliyyətinin üzərində birgə dayanılması vacibdir

Prezident İlham Əliyevin transformasional liderlik xüsusiyyətləri və Yeni Azərbaycan paradiqması

Dəyişdirici lideri anlaya bilmək üçün onun həm xarakterik keyfiyyətlərinin, həm də fəaliyyətinin üzərində birgə dayanılması vacibdir

Məşhur Türkiyə şairi Nəcib Fazil Qısakürəyin, əslində, ideyası Efesli Heraklitə məxsus olan bir misrası var: “Hər şey axar- insan, tarix və fikir”. Bəli, axış nəzəriyyəsi, başqa sözlə, dünyanın, insanın, biliklərin və cəmiyyətlərin davamlı olaraq yenilənməsi barədə fəlsəfi öyüdlərin tarixi çox qədimdir, bizim eramızdan öncə VI-V əsrlərə gedib çıxır. O çağlarda bu dəyişkənliyi efesli filosof belə səciyyələndirmişdi: “Eyni çaya girənlərin ayaqlarının üstündən fərqli sular axar”. Bəli, zaman axdıqca nəsilllər yenilənir, nəsillər və onların tələbatlarının dəyişməsi isə, sosial sistemlərə, mədəniyyətlərə, toplumların ortaq düşüncə və davranış tərzlərinə sirayət edir. Bəzən hissolunmaz dərəcədə sakit və lal, bəzən şairləri riqqətə gətirəcək dərəcədə aram-aram, bəzən də çox iti, sürətlə, olduqca səs-küylü gedən, hətta vahimə yaradan transformasiya prosesi xalqların mövcud qayğılarının və gələcəklə bağlı hədəflərinin məsuliyyətini daşıyan liderlərin institutsional varlığını da yenidən şəkilləndirir. Artıq elə bir dünyada yaşayırıq ki, heç bir cəmiyyətin universal yeniliklər və dəyişikliklər qarşısında yerində sayması, qulağını müasir çağırışlara qapaması, iqtisadi sərhədlərin başdanbaşa açıldığı bir zamanda özünü təcrid edərək inkişafa yadlaşdırması mümkün deyil. Bu deyilənlər planetimizdəki bütün toplumlarda, xüsusən də coğrafi mövqe və tarixən məruz qaldığı işğallar səbəbindən bəşəriyyətin ümumi tərəqqi magistralına çıxan yolu, yumşaq desək, hamar olmayan Azərbaycan sayaq cəmiyyətlərdə liderlik anlayışına da dərindən təsir göstərir. Lap çoxdandır ki, dünyanın heç bir yerində böyük dəyişikliklər ənənəvi liderlər sayəsində mümkün olmur, onların təməl yanaşma prinsipləri və spesfik xüsusiyyətləri ilə proseslərin məzmunu və yüksək tempi ötüşmür. Nəticədə, xalqların yeni çağa transformasiyasını gerçəkləşdirəcək məziyyətlərə malik liderlər aranır və elə bir liderə malik olan cəmiyyətlər, sözün əsl mənasında, şanslı sayılır. Yaşadığımız ilə və dünyanın gələcəyinə gözəgörünməz möhürünü basmış koronavirus təhlükəsi ilə mübarizədə bizim bu şansımız son dərəcə qabarıq görsənməklə bərabər, eyni zamanda yenidən format olunacaq dünyada Azərbaycan olaraq yerimiz və rolumuz barədə nikbinliklə düşünməyimizə ciddi əsaslar yaratdı. Bir daha bəlli oldu ki, bizim Azərbaycanın lideri- İlham Əliyev öz transformasional liderlik xüsusiyyətləri ilə gözlənilən və gözlənilməyən çox sayda çətinlikləri dəf etməyimiz, tarixi sınaqlardan uğurla çıxmağımız üçün əsas həlledici faktordur. Daha aydın şəkildə desək, viziya yaratması, yaratdığı viziyanı paylaşması, davamlı və intensiv əlaqələr quraraq hədəflərinin bütün cəmiyyət tərəfindən mənimsənilməsini təmin etməsi, qarşılığında öz şəxsiyyətinə simpatiya və güvən formalaşdırması ilə İlham Əliyev “Azərbaycan” adlı məmləkətimizi informasiya çağının standartlarına uyğun inşa edən yenilikçi sosial-siyasi memardır.

Bineyi-qədimdən bilinən həqiqətdir: insanlar öz vəziyyətlərini rahatlıqla tərk etmirlər. Odur ki, bir insanın özünü, çevrəsini, sosial münasibətlər sistemini, dövlət təşkilatını təzələməsi heç də asan deyil. Tərslikdən, bax, elə bu məqamda daha bir təzad meydana çıxır: insanlar bir tərəfdən dəyişikliklərə isti baxdıqlarını nümayiş etdirirlər, digər tərəfdən isə dəyişikliklərin zəruri etdiyi, gətirdiyi yenilikləri öz həyatlarına tətbiq etməyə çətinlik çəkirlər. Odur ki, istənilən cəmiyyətdə dəyişikliklərin önündə iqtisadi, sosial, psixoloji, mədəni və s. çox sayda əngəl mövcuddur. Liderlik məhz bu əngəlləri aşmaq, insanları və onların sosial təsisatlarını uğura qovuşdurmaq sənətidir. Bu baxımdan liderlik, ilk növbədə, gələcək haqqında aydın təsəvvürlərə, insanları yeniliyə inandırmaq qabiliyyətinə və dəyişiklikləri həyata keçirmək üçün toparlayıcı və prinsipial xarekterə malik olmaqdır. Bununla belə, günümüzdə liderlik, sadəcə, insanlara təsir etməkdən və kütlələri hərəkətə gətirməkdən ibarət deyil. Zəmanəmizin adamlarının bilik, bacarıq, istedad səviyyələri, idarəçiləri anlama və qavrama tərzləri, uğurları şişirtməkdən qaçıb adi zərurət hesab etmək təmayülləri liderlərə yanaşmaları da fərqliləşdirib. Rəqabətin kəskinləşməsi, işçilərin ovqat və məmnuniyyətinin şirkətlərin məhsuldarlığına və gəlirinə birbaşa təsir etməsi ilə insanların malik olduğu potensialdan bir mənbə olaraq faydalanan liderlərin funksiyaları da dəyişib. Bu gerçəkliyi ilk görənlərdən biri ABŞ tarixçisi və siyasi nəzəriyyəçisi Ceyms MakQriqor Burns olmuşdu. Burnsun baxışlarına görə, dəyişdirici lider- müasir müəssisələrdə (dövlət də müəssisədir- T.Ş) yeni sahələr, meydanlar açmaq bacarığına malik şəxs olaraq yüksək səviyyədə motivasiya, ovqat və perfomans yaradır, uzaqgörəndir, daha yaxşı gələcək hədəfindədir, viziya formalaşdırır və onu hər kəsə mənimsədərək gerçəkləşməsinə istək oyandırır. Elə bu səbəbdən C. Burns liderliyə ənənəvi baxışları kəskin tənqid edir, elitist çərçivədən tamamilə çıxır, alternativ yanaşma ortaya qoyurdu. Bu yanaşmanın predmeti liderlə tərəfdarları arasındakı qarşılıqlı münasibətlərdə əsas götürülən mənəvi-əxlaqi dəyərlər idi. Bu müstəvidə lider ardıcıl şəkildə öz tərəfdarlarının mühakimə meyarlarına diqqət göstərməlidir ona görə ki, onları məhz onların dəyərlərindən, duyğularından və istəklərindən bəhrələnərək hərəkətə gətirə bilər. Elə bu səbəbdən Kanada tədqiqatçısı Kennes Leytvud heç də əbəs yerə demirdi: “Dəyişdirici liderlik- insanların missiya və viziyalarının yenidən müəyyən olunması, məsuliyyətlərinin təzələnməsi, məqsədə çatmaq üçün sistemin yenidən qurulmasıdır. Qarşılıqlı mübadiləyə söykənən və liderin hər şeydən öncə, mənəvi-əxlaqi vasitəçi kimi çıxış etdiyi bir münasibətlər sistemidir”.

ABŞ-ın Corc Vaşinqton Universitetindən Marşall Şaşkin Dəyişdirici liderlərin beş xüsusiyyətini sadalayır: Şəffaflıq, kommunikativlik, güvən, diqqətcillik və fürsət yaratma. O, Eyzenhouer adına Liderlik Araşdırması İnstitununun professoru Uilyam Rozenbax ilə birgə çalışmasında bunlara əlavə olaraq daha üç keyfiyyətdən- özünəinam, gücqazanma, viziya- bəhs edir. Başqa bir ABŞ alimi Filip Podsakov isə transformasional liderliklə bağlı daha geniş araşdırmalar aparmış və Binqemton Universitetinin professoru Bernard Morris Bassın bu yöndəki nəzəriyyəsini bir qədər də zənginləşdirmişdi. O, viziya və stimulvericilik, davranış modeli təşkil etmə, özünü ümumi məqsədlərə həsr etmə, intellektual xəbərdaredicilik, fərdi dəstəkolma kimi keyfiyyətləri transformasional liderlərin əsas xüsusiyətləri hesab edirdi. Prezident İlham Əliyevin istər camaat arasında, istər dövlət tədbirlərində, istərsə də bağlı qapılar arxasında (Wikileaks məlumatlarını xatırlayın) davranışları, sadə insanlara, yüksək ranqlı məmurlara, xarici diplomat və dövlət xadimlərinə qarşı sərgilədiyi rəftarın əsas elementləri, çıxışlarının kontent-analizi göstərir ki, yuxarıda sadalanan xüsusiyyətlər onun şəxsiyyətində cəmlənir, vəhdət və ahəngdarlıq təşkil edir. Bir neçə nümunə göstərək. Transformasional lider:

Çevrəsindəkilərə və cəmiyyətə nümunədir: İlham Əliyev öz yüksək dünyagörüşü, intellekti, nəzakəti, təvazökarlığı, xalqa yanımcıllığı, ağayanalığı, cəsurluğu, prinsipiallığı və bu sayaq sadalamaqla bitməyəcək keyfiyyətləri ilə özünə hörmət aşılayır, elan etdiyi viziyaya uyğun davranır və bir missiya ruhu formalaşdırır.

Stimul verir: Hakimiyyətə gəldiyi ilk gündən bəri bir siyasi analitik olaraq Prezident İlham Əliyevin keçirdiyi müşavirələri, toplantıları və xalqla təmaslarını diqqətlə izləyir, təhlil edirəm. Son illər isə ölkəmizdə sosial şəbəkələrin təsiri son dərəcə artdığından bir Facebook istifadəçisi kimi virtual müzakirələrin də fəal iştirakçısıyam. Bütün qənaətlərimi ümumiləşdirib bir kəlimə ilə ifadə etməli olsam, tərəddüd etmədən deyərəm ki, Prezident İham Əliyevin hər çıxışından sonra cəmiyyətimizin gözləntiləri yüksəlir. Bu gözləntilərin yüksəlməsinin əsas səbəblərindən biri də budur ki, dövlət başçısı zamanın çağırışlarını sadə və anlaşıqlı bir dillə insanlara izah edir.

İntellektual xəbərdaredicidir: Prezident İlham Əliyevin bütün çıxışlarına rasionallıq hakimdir, hadisələrə və problemlərə baxışda dərin məlumatlılıq və təhlil tandemi özünü biruzə verir, bir neçə ay, bəlkə də bir il, ilyarım sonra atılacaq bir addımın, çıxarılacaq bir qərarın anonsu verilir.

Fərdi qaydada dəstəkləyir: Onu da hər biriniz dəfələrlə hiss etmisiniz ki, istər sadə insanlarla görüşlərdə, istərsə də dövlətin ən yüksək məmurlarının toplantısında İlham Əliyev hər kəsə fərdi yanaşır, fəaliyyətin ümumi koordinasiyası xaricində, individual istiqamət verir, belə demək olarsa, hər kəsə birbaşa rəhbərlik edir.

Əlbəttə, heç bir lideri xarizmasız düşünmək mümkün deyil. Xarizma insana, Maks Veberə istinad etsək, Tanrının hədiyyəsidir və klassik baxışlara görə, liderlik anadangəlmə keyfiyyətlərin məcmusudur. Cənab İlham Əliyevi prezident olmazdan öncə Milli Məclisdə və digər rəsmi tədbirlərdə bir neçə dəfə yaxından gördüyümdən və yaratdığı pozitiv auranı birbaşa müşahidə etdiyimdən, - onu daha gənc yaşlarından şəxsən tanıyanların müsbət təəssüratlarını da öz qənaətlərimə qataraq,- Azərbaycan liderinin xarizmasına, ilk növbədə, genetik amillər fonunda baxmağın tərəfdarıyam. Lakin bu da bir həqiqətdir ki, xarizmanı yaradan fiziki və intellektual göstəricilər, siyasi istedad, diplomatik məharət və başqaları üzərində psixoloji üstünlük yaratma gücü heç də həmişə məhz transformasional liderliyə çevrilmir. Bernand Bass məhz bu məqamda söhbətə daxil olur və DƏYİŞDİRİCİ LİDERi anlaya bilmək üçün onun həm xarakterik keyfiyyətlərinin, həm də fəaliyyətinin üzərində birgə dayanılmasını vacib sayır, başqa sözlə, xarizmanı həmin fəaliyyətin təkcə səbəbi olaraq deyil, həm də nəticəsi kimi görməyə çalışır. Binqemton Universitetinin professoru xarizmanı viziya və missiya formalaşdırma, qürur, ehtiram və güvən duyğusu yaratma prosesi kimi qəbul edir. O, qeyd edir ki, transformasional liderlər daha çox sayda xarizmatik xüsusiyyətlər daşıyır və özlərindən umulanları qarşılamaq üçün qeyri-adi dərəcədə əmək sərf edirlər. Məqaləmiz akademik jurnallar üçün nəzərdə tutulmadığından, B. Bassın bu yöndəki təsniflərini qısaca olaraq “etimad yaratma və etimadı doğrultma səyləri” kimi dəyərləndirə və İlham Əliyevin fəaliyyətinin hər iki istiqamətdə- həm etimad yaratma, həm də etimadı doğrultma- kompleks xarakter daşıdığını söyləyə bilərik. Budur, prezident İlham Əliyev deyir:

“Bu gün qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq. Ona görə 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq”.

Əslində, məram qədər sadə və aydın izah edilib ki, məsələni mürəkkəbləşdirməyə ehtiyac qalmır. Ancaq, gəlin, bir də bu şəkildə düşünək. Düşünək ki, Avropa çempionatında oynamasını istədiyimiz bir futbol komandası var. Yenicə yaranan, klub ənənələri, transfer gücü zəif olan, müdafiəsində problemlər yaşayan bu komandanı dünya çempionatına yüksəltməyə, orada finala çıxarmağa vaxtdan əlavə nələr lazımdır? Əlbəttə, iqtisadi müstəqillik, yaxşı maliyyə, oyunçuların yetişdirilməsi, yüksək rəqabətli daxili yarışlar silsiləsi, peşəkar menecer və məşqçilər, sadiq azarkeşlər və s. İndi bu komandanın yerinə respublikamızı qoyaq və yuxarıda təqdim etdiyimiz sitatın konteksində dövlətimizin başçısının hədəflərini bir daha dəyərləndirək. Bəli, o, hakimiyyətə gəldiyi ilk gündən bu yana müsbət dəyişikliklərin təmsilçisidir. Gənc bir klubun yüksək çempionatlara transformasiyasını hazırlayan, onu yenidən təşkilatlandıran, menecerləri, oyunçuları, tamaşaçıları motivasiya edən, eyni zamanda, əzmi ilə yanaşı səbri ilə də nümunə yaradan liderdir. Necə ki, “Uğurlu menecerin əl kitabı”nın müəllifi Susan Cibeleyn deyir: “Dəyişiklik şərtləri- dəyişikliyə dərhal uyğunlaşmağı və onu təsirli şəkildə idarə etməyi tələb edir. Dəyişdirici liderlər, yalnız dəyişiklik zərurətinə çevik reaksiya göstərmirlər, dəyişikliyin nə zaman vacib olduğunu görür və strategiya müyyənləşdirir, komandanı yeni şərtlərə adaptasiya edirlər”.

Bəli, Azərbaycan inkişaf etməkdə olan bir ölkədir və inkişaf etməkdə olan ölkə olaraq orta şərq arealında yerləşməsə belə, fələstin əsilli ədəbiyyat nəzəriyyəçisi Eduard Səiddən tutmuş məşhur yazıçı Amin Malufa qədər bir çox görkəmli fikir adamının söylədiyi kimi, ümidlər coğrafiyasıdır. Bizim coğrafiyamızı orta şərq ölkələrindən fərqləndirən, başqa sözlə, ümidi inama, tarixdəki problemlərimizin yaratdığı revanş duyğusunu gerçək naliyyətlərə hesablanan rasional dəyişiklik strategiyasına çevirən, sadəcə, hakim komandanı, partiyasını və tərəfdarlarını deyil, bütün dünya azərbaycanlılarını yeni çağırışlara uyğunlaşdıran bir lider- İlham Əliyev var. Və nə qədər ki, dövlətimizin başında İlham Əliyev var, bir millət olaraq tərəqqi yolundan əsla və əsla sapmayacağıq!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru