10 gün susan bir təşkilatın rəhbərliyi onları istefaya dəvət etməyimə nədən belə "operativ" reaksiya bildirir? 10 gün susan bir təşkilatın rəhbərliyi onları istefaya dəvət etməyimə nədən belə "operativ" reaksiya bildirir?

Mətbuat Şurasının məlumatı savadsızlıq və səriştəsizlik nümunəsidir

10 gün susan bir təşkilatın rəhbərliyi onları istefaya dəvət etməyimə nədən belə "operativ" reaksiya bildirir?

Əziz dostlar və həmkarlar!

Az öncə Azərbaycan Mətbuat Şurasının quruma ünvanladığım rəsmi müraciət və daha sonra təşkilatın İdarə Heyətinin üzvlərinin tam tərkibdə istefa verməsi ilə bağlı bəyanatımla bağlı yaydığı məlumatla tanış oldum. Üstəlik, MŞ-nın sədr müavini Müşfiq Ələsgərlinin verdiyi açıqlamanı da nəzərdən keçirdim. İki səbəbə görə çox təəssüf etdim.

Birincisi, nədən 2 avqust 2020-ci ildə MŞ-a təqdim edilmiş müraciət barədə 10 gün susan bir təşkilatın rəhbərliyi onları istefaya dəvət etməyimə belə "operativ" reaksiya bildirir? Deməli, jurnalistin öz peşə fəaliyyətinə görə həbs təhlükəsi ilə üzləşməsi bu qurumun rəhbərliyinin eyninə deyil, amma istefaya çağırılmaları dərhal münasibət bildirilməli mövzudur? Bəli, məhz buna görə mən deyirdim ki, MŞ İH üzvləri media nümayəndələrinin problemlərinə laqeyd yanaşır, ancaq öz maraq və mənfəətlərini güdürlər. Yaydıqları məlumatla bu rəyimi isbat etdilər, dərhal və hamılıqla istefa verməli olduqlarını bütün cəmiyyətin gözü önündə bir daha təsdiq etdilər.

İkincisi, bütün qurumun adından yayılan məlumat və sədr müavininin açıqlaması onu ortaya qoyur ki, Mətbuat Şurasının İdarə Heyətinin öz nizamnaməsindən və missiyasından xəbəri yoxdur. Hərçənd onların əksəriyyəti uzun illərdir ki, Azərbaycan jurnalistlərinin əsas peşə qurumuna rəhbərlik edirlər. Görünür, bu illər ərzində öz ictimai vəzifələrinin mahiyyətinə bələd olmaq zəhmətinə qatlaşmağı artıq hesab ediblər. Üstəlik, mənim MŞ-a ünvanladığım müraciəti də ya ümumiyyətlə oxumayıblar, ya da qəsdən təhrif edirlər.

Mən müraciətimdə yazmışam:

"Məqalənin yayımlanmasının üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, qəfildən Aslan İsmayılov belə qənaətə gəlib ki, sən demə Kristina Puşau adlı ABŞ vətəndaşının erməni diaspor təşkilatının liderlərindən olmasını üzə çıxarmaqla mən ona böhtan atmış, özünün və oğlunun şərəf və layaqətini alçatmışam. O, guya bu səbəbdən barəmdə Binəqədi rayon məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək mənim həbs olunmağımı tələb edir. Mən bu tələbi erməni diasporunun arzusu kimi dəyərləndirir, Azərbaycan Respublikasının milli maraqlarına zərbə hesab edir, həmçinin jurnalist kimi peşə fəaliyyətimə təzyiq hesab edirəm".

MŞ isə bildirir: "Jurnalist peşə borcunun yerinə yetirməsinə maneə törədilməsindən də şikayətçi deyil".
Şikayətçiyəm, Mətbuat Şurası, şikayətçiyəm!

"KİV haqqında qanun"da nəzərdə tutulan təkzib verilməsi müddəti belə keçdikdən, az qala bir il ötdükdən sonra heç bir böhtan və təhqir elementi olmayan bir yazıya görə xüsusi ittiham qaydasında məhkəməyə verilərək həbs təhlükəsi ilə üz-üzə qoyulmağım məhz peşə fəaliyyətimə əngəl və təhdiddir. İndi siz bizim problemlərimizlə maraqlanmır, iddiaçının son vaxtlar üzə çıxan bəzi əlaqələrindən çəkinir (bu barədə ayrıca bəyanatım olacaq), riyakarlıq edirsiniz, amma bu qədər yalan danışmaq və üzə dirənmək nəyə lazım?

Daha sonra isə sədr müavini deyir:

"Konkret Taleh Şahsuvarlının iddiasına gəldikdə isə, bəli, biz də deyirik ki, baş redaktor peşə fəaliyyəti ilə bağlı müəyyən problemlərlə rastlaşıb".

Belə yerdə deyirlər: bu nə turşu, bu nə pəhriz? İki sözünüzün bir-birinə düz gəlmədiyinin fərqindəsinizmi?
MŞ-nın Nizamnaməsinin 2.1.8. bəndinə görə, Şuraya daxil olmuş ərizə və şikayətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi sizin borcunuzdur. 10 gündür niyə cınqırınız çıxmır? Elşad Abdullayev kimi bir avantüristin şikayətlərini dərhal araşdıranda, onun əleyhinə yazılar yayımlayan qəzetləri "reket" elan edəndə nümayiş etdirdiyiniz "prinsipiallığı" nədən jurnalist hüquqlarının müdafiəsinə yönəltmirsiniz?
Nağıl danışmayın!

Mən MŞ-a müraciət ünvanlayaraq "gedək Binəqədi rayon məhkəməsinin önündə piket edək" deməmişəm, "məhkəməyə ictimai-siyasi təzyiq göstərək" çağırışı etməmişəm. Mən MŞ-dan mənim məhkəmə çəkişməsinin predmetinə çevrilmiş məqaləmdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı qaydalarının pozulub-pozulmaması barədə (əminəm ki, pozulmayıb) mənim iştirakımla müzakirə keçirilərək rəy verilməsini xahiş etmişəm.

Çünki MŞ nizamnaməsinin tələbləridir:

2.1.2. Jurnalistlərin Peşə Davranışı Qaydalarının tələblərinə, mövcud standartlara uyğun peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması;

2.2.1. Jurnalistlərin fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə yardımcı olmaq, eləcə də onların peşə funksiyalarını müstəqil surətdə həyata keçirmək barədə qanunun tələblərinin təmin edilməsinə nail olunması;

Böyük hərflərlə yazıram ki, görməməyə öyrəşmiş gözləriniz görsün: "... ONLARIN PEŞƏ FUNKSİYALARINI MÜSTƏQİL SURƏTDƏ HƏYATA KEÇİRMƏK BARƏDƏ QANUNUN TƏLƏBLƏRİNİN TƏMİN EDİLMƏSİNƏ NAİL OLUNMASI..."

Məhz bu tələbə əsasən istənilən məhkəmə prosesini birbaşa müşahidə və həmin prosesdə jurnalistləri müdafiə etmək MŞ-nın əsas borclarından biridir.

MŞ bu tələbləri artıq nizamnaməsindən çıxarıb, yoxsa Anadolu türkləri demiş, umurunuzda deyil?
Nəhayət deyirsiniz: "Bəzən jurnalistlərdə elə təəssürat yaranır ki, hər işi Şura görməlidir. Əslində gördüyümüz bir çox iş qanunvericilik baxımından bizim öhdəliyimizdə deyil. Baş redaktora bir məsələni də xatırlatmaq istəyirəm ki, Mətbuat Şurası Azərbaycanda yeganə jurnalist təşkilatı deyil. Ölkədə 50-dən yuxarı media təşkilatı var."

Möhtərəm cənablar və xanımlar!

Əvvəla, mən demirəm ki, hər işi MŞ görməlidir. Mən deyirəm ki, MŞ öz işini görməlidir, ancaq görmür! Görmürsünüzsə, sizin bu qurumun rəhbərliyini işğal etmək haqqınız yoxdur!
Digər tərəfdən, deyəsən pandemiya dövrünün gərginliyində başınızı itirib yaddan çıxartmısınız ki, MŞ dövlətin əsas jurnalist təşkilatı kimi əməkdaşlıq etdiyi, adı prezidentin sərəncamlarında keçən bir qurumdur, 50-dən çox media təşkilatından yalnızca biri deyil.

Nəhayət, bunu o adamlar deyir ki, MŞ-da biri- Əflatun Amaşov "Ruh" Jurnalistlərinin nümayəndəsi, digəri - Müşfiq Ələsgərli isə Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri kimi təmsil olunur. Deməli, sadəcə MŞ-nın deyil, elə jurnalist təşkilatının rəhbərləri kimi də ictimai vəzifələrinizin öhdəsindən gəlmirsiniz.

Sonda məsuliyyətinizi gec də olsa başa düşəsiniz deyə, nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, mən heç bir jurnalist təşkilatından dəstək və müdafiə ummuram. Nə Elçin Şıxlının başçılıq etdiyi AJB-dən, nə Arif Əliyevin "Yeni nəsil" adlı ictimai birliyindən, nə də Əflatun Amaşovun və Müşfiq Ələsgərlinin onlardan az qrant almamış QHT-lərindən. Çünki nə mən, nə də mənim başçılıq etdiyim redaksiya həmin təşkilatların üzvüdür. Ancaq AzNews.az MŞ-nın üzvüdür, Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları məhz mənim də şəxsən iştirak etdiyim Azərbaycan jurnalistlərinin qurultayında qəbul olunub və icrasına nəzarət MŞ-a həvalə edilib. Mənim müəllifi olduğum məqalədə Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarının pozulub-pozulmaması barədə rəy bildirməyə MŞ xaric heç bir jurnalist təşkilatının səlahiyyəti yoxdur. Bundan sonra həmin rəyi heç sizdən də istəmirəm, müraciətimi geri götürürəm və bir daha MŞ-nın İdarə Heyətinin bütün üzvlərini DƏRHAL İSTEFA VERMƏYƏ DƏVƏT EDİRƏM!

Taleh Şahsuvarlı