“TƏBİB özünü doğrultmadı, xalqın nifrətini qazandı” - Qüdrət Həsənquliyev

“Səhiyyə Nazirliyinin səlahiyyətləri özünə qaytarılmalıdır”

“Öncə hökumət üzvlərini Vətən Müharibəsində qazanılan qələbə münasibətilə təbrik etmək istəyirəm. Hesab edirəm ki, bundan sonra hökuməti tənqid etmək ədalətli olmaz. Amma bir neçə təkliflər irəli sürəcəyəm”.

AzNews.az bildirir ki, bu fikirləri parlamentin plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

“Şəhid ailələri və qazilər üçün müavinətlər 3 dəfə artırılmalıdır”

Millət vəkili “öncə onu qeyd etmək istəyirəm ki, bu qələbəni bizə qazandıran bizim şəhidlərimiz və sağlamlığını itirən qazilərimiz oldu”, - deyə bildirib: “Ona görə də, biz onlara münasibətdə ədalətli davranmalıyıq. Onlar üçün nəzərdə tutulan müavinətlər ən azı 3 dəfə artırılmalıdır ki, onların ailələri maddi sıxıntılar içərisində yaşamasınlar. Bunun üçün soruşulacaq ki bu vəsaiti hardan alaq? Hesab edirəm ki, bu vəsait bizdə var. Bu məqsədlə də ölkədə böyük özəlləşdirmə həyata keçirib, büdcəyə milyardlarla vəsait cəlb etmək mümkündür. Bizim hazırki vəziyətimizin təhlili onu göstərir ki, iri dövlət müəssisələri gəlirlə işləmirlər, bəzi hallarda isə hətta zərərlə işləyirlər. Bunların heç biri öz vəsaitləri hesabına heç bir layihə həyata keçirmir. Yalnız dövlət zəmanəti ilə xaricdən borclar götürür və həmin vəsaitlər hesabına hansısa layihələr həyata keçirirlər. Ona görə də mən əvvəllər də söyləmişəm ki, bu cür borc müqavilələri mütləq Milli Məclis tərəfindən təsdiq olunmalıdır. Ona görə ki, həmin vəsaitləri biz sonradan büdcədən qaytarmaq zorunda qalırıq. Məsələn səhiyyə müəssisələri özəlləşdirilməlidir. Biz icbari tibbi sığortaya keçirik. TƏBİB adlandırılan qurum özünü doğrultmadı, xalqın nifrətini qazandı. Səhiyyə Nazirliyinin səlahiyyətləri özünə qaytarılmalıdır və həmin qurum da ləğv olunmalıdır. Bundan başqa qapalı səhmdar cəmiyyətlər var. Əgər onlar özəlləşdirməyə çıxarılmırlarsa, heç olmasa 51 faiz nəzarət paketi hökumətdə saxlanılsın, 49 faiz isə satışa çıxarılsın. Bunun hesabına dövlət milyardlarla vəsait cəlb edə bilər. Həm də ölkəyə böyük vəsait gələr. Bu il büdcədən Qarabağın bərpasına 2, 2 milyard dollar ayrılır. Bu çox kiçik bir vəsaitdir. Mən hesab edirəm ki, hər il bu qədər vəsait ayırsaq, bizə onillər lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə yaşayışı bərpa edək. Ona görə də, biz, beynəlxalq birliyə və BMT-yə yardım üçün müraciət etməliyik”.

BMT-nin səhlənkarlığı nəticəsində torpaqlarımız işğal olunub

Millət vəkili diqqətə çatdırıb ki, əgər BMT bundan imtina eləsə, biz onları məhkəməyə verməliyik: “Düzdür, vaxtilə Haiti BMT-ni məhkəməyə vermişdi. Ona görə ki, Amerika Birlləşmiş Ştatlarının sülhməramlıları xolera xəstəliyini yaymışdı, bir milyon insan yoluxmuşdu və 10 min insan ölmüşdü. Amma BMT özünün 1946-cı ildə qəbul olunmuş immunitet hüququndan istifadə elədi və bu məhkəmə predmetinə çevrilmədi. Amma dünya bu problemi bildi. Hesab edirəm ki, biz, BMT-yə müraciət edəcəyimiz tədirdə, onlar bizə kömək etməyəcəyi halda biz onları məhkəməyə verməliyik. Ona görə ki, onların – BMT Təhlükəsizlik Şurasının səhlənkarlığı nəticəsində bizim torpaqlarımız işğal olunub. Və bir milyon insan qaçqın həyatı yaşayıb, onların yenə də məsuliyyətsiz yanaşması nəticəsində bizim işğal olunmuş ərazilər vəhşicəsinə darmadağın edilib. Ona görə də hesab edirəm ki, bu barədə də hökumət ciddi şəkildə düşünməlidir”.

Qarabağın bərpası üçün mütləq dəmiryolu çəkilməlidir

BAXCP sədri həmçinin “bundan başqa qeyd edim ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bizim güc strukturlarının - Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin, əməkdaşları xidmət keçirlər”, - deyə əlavə edib: “Orada normal yaşayış standartları olmadığına görə, hesab edirəm ki, onların əməkhaqqı ən azı 2 dəfə artırılmalıdır. Bundan başqa Qarabağın bərpası üçün mütləq dəmiryolu çəkilməlidir. Yəni tikinti materiallarını ora yük avtomobilləri ilə daşımaq mümkün deyil. Amma bizə bəlli deyil ki, məsələn dövlət dəmiryoluna nə qədər pul ayrılıb. Hər il Hesablama Palatası deyir, yazır, biz bu məsələni qaldırırıq ki, büdcə sistemi haqqında qanunun 12.1.8-ci maddəsinə görə, bizə dövlət investisiya proqramının layihəsi təqdim olunmalıdır. Biz görməliyik ki, hansı layihələrə nə qədər pul ayrılır. Amma bu bizə təqdim olunmur. Səbəbini bilmirəm ki, hökumət niyə bunu etmir. Hər il Hesablama Palatası hökumətə təqdim edir ki, beynəlxalq standartlara cavab verən maliyyə idarəçiliyi üçün, şəffaflığın, hesabatlılığın artırılması üçün hansı işləri görmək lazımdır. Yəni yenə də hökumət bizə bu təkilflərin öyrənildiyi, yaxud öyrənilmədiyi ilə bağlı hesabat vermir. Öyrənilirsə ona münasibət nədən ibarətdir? Qəbul olunmursa niyə qəbul olunmur?”.