Qarabağa dair Moskva zirvəsinin özəti - TURAN QAPISI açılır! - Rauf Arifoğlu yazır

Ölkəmizin geoiqtsadi əhəmiyyəti artacaq

Moskavadakı Qarabağ zirvəsi ilə bağlı özəl düşüncələrim və qısa şərhimi bölüşmək istəyirəm.

Qarabağa dair Moskva zirvəsi keçirildi və hər üç ölkənin liderlərinin yekun açıqlaması ilə başa çatdı.

Bağlı qapılar arxasında gedən danışıqların detalları barədə hələ ki kənara məlumat çıxmayıb.
Ona görə də indi hər ağızdan bir avaz (status) gəlir.

Lakin iki döyüşən dövlətin rəhbərlərinin mətbuat konfranslarındakı çıxışları oldu - Prezident İlham Əliyevin və Baş nazir Paşinyanın.

Onların qısa açıqlamaları və davranışları - bədən dili analitiklər üçün ciddi ipucları sayıla bilər.

Məsələn, İlham Əliyevin açıqlamasındakı əsas məqam olduqca ilginc idi.
O, özünəməxsus, məşhur tezisi Moskva zirvəsində də səsləndirdi və zirvənin məzmununa çevirdi: ‘’Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb, gələcəyə baxmaq lazımdır...’’
Heç kimə sirr deyil ki, 27 sentyabrdan 10 noyabradək davam edən və ''44 günlük müharibə'' kimi tarixə düşən İkinci Qarabağ müharibəsi Azərbaycanın xeyrinə bitib və Ermənistan darmadağın edilib.

Bu məqamda qalib ölkənin prezidentinin 61 günlük atəşkəsdən sonra belə açıqlanma verməsi və qətiyyətli, soyuqqanlı davranışlar sərgiləməsi diqqətə alınmalı detaldır. Prezident Əliyev Azərbaycan xalqının qarşısında söylədiyi fikirləri Moskva zirvəsində Putinin və düşmən ölkə sayılan Ermənistanın Baş naziri Paşinyanın da yanında söylədi. Ən əsası isə bunu ictimai qaydada, mətbuat konfransında bəyan etdi. Azərbaycan üçün münaqişə bitib və rəsmi Bakı gələcəyə, Qarabağın və kommunikasiyaların qurulmasına, işgüzar əlaqələrin yaradılmasına baxır. Tərəflərin imzaladığı (İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan) üçlü bəyanatın məzmunu da Azərbaycan prezidentinin verdiyi açıqlama istiqamətində idi. Bu tezislər Putinin dilindən də səsləndi və maraqlı bir həmfikirlik mənzərəsi yarandı.

Yayılan bəyanatda məhz gələcək kateqoriyasında birgə fəaliyyətə dair niyyətlər, çağırışlar var. Bunları və Paşinyanın qısa, ürkək açıqlamasını diqqətə alsaq, Moskvadakı Qarabağ zirvəsində qəbul olunan bəyanat - niyyət protokolu daha çox Azərbycanın mövqeyidir, nəinki Ermənistanın.
Elə isə diqqət edək, Nikol Paşinyan öz açıqlamasında nələri demişdi?

Paşinyanın açıqlaması Rusiya prezidentinə təşəkkürdən və şikayətdən ibarət idi. İki məsələdən şikayətçi idi Paşinyan: 1. Status məsələsi müzakirə olunmayıb və onun nəzərində açıq qalıb (Azərbaycan Prezidenti isə deyib ki, status cəhənnəmə gedib, gorbagor olub); 2. Əsir və girovların məsələsi həll olunmayıb, gündəmə salınmayıb. (Azərbaycanın əlində 62 erməni silahlısı var və rəsmi Bakı onları hərbi əsir yox, terrorçu elan edib). Görünən budur ki, Paşinyan bu görüşə iki məsələ ilə gəlib və ikisi də açıqda qalıb. Əvəzində onu və Ermənistanı başa salıblar ki, gələcəyə bax. Kommunikasiyaların açılmasına, 10 noyabr bəyanatının bəndlərinin icrasına diqqət et.
Beləliklə, Moskva görüşündə Ermənistanın istədikləri, Azərbaycan müxalifətinin isə qorxduğu, ya da bilə-bilə, düzünə qəsdlə ictimaiyyəti yayındırmaq məqsədilə söylədikləri olmadı. Nə Hadrut verildi, nə Şuşa, nə də sülhməramlıların statusunun təsdiqi məsələsi - Rusiyanın bölgədə hərbi varlığını gücləndirmək təşəbbüsü qaldırıldı...

Bu görüş bütün mənalarda Azərbaycanın qalib statusunun keçmiş postsovet məkanında daha bir nümayişi idi. Bu da zərərimizə deyildi.

Görüşdə Azərbaycanın təklif etdiyi gələcək kateqoriyasında əməkdaşlıq istiqamətində üçtərəfli komissiyanın yaradılması da bizim xeyrimizədir.

Məlum olduğu kimi, üçtərəfli komissiyaya Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri daxil olur. Onlar kommunikasiyaların bərpasına nəzarət edəcəklər. Komissiyanın yaradılmasının və kommunikasiyalar istiqamətində planın rəsmiləşdirilməsinin əhəmiyyəti böyüldür. Bu barədə erməni mediası olduqca maraqlı qısa icmal verib və prosesi Əliyevin qələbəsi adlandırıb.

Ermənistan mediasının yazdıqlarını belə özətləyirəm: “Əliyev Putinlə görüşdə Qafqazda yeni nəqliyyat konfiqurasiyasını elan etdi:

- Azərbaycan Ermənistan ərazisindən Naxçıvan və Türkiyə ilə dəmir yolu rabitəsi alır;

- Ermənistan Rusiyaya və İrana Azərbaycan ərazisindən birbaşa dəmir yolu rabitəsi alır;

- Rusiya və Türkiyə dəmir yollarını birləşdirir”.

Bunların gerçəkləşməsi istiqamətində atılan addımlar, həqiqətən, Azərbaycanın triumfu sayıla bilər. Naxçıvanla kommunikasiyaların açılması Azərbaycan və Türkiyə üçün həyati və strateji əhəmiyyət daşıyır və Moskva görüşündə Azərbaycan bütün gücünü bu istiqamətdə qoymuşdu. Putin də bunu dəstəklədi və alındı.

Bu, faktiki olaraq “Mehri dəhlizi” ilə Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq.

Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyyəti artacaq.

Moskava görüşündə “Turan Qapısı” layihəsi istiqamətində böyük bir addım atıldı, demək olar!

Rauf Arifoğlu,

"Yeni Müsavat"ın baş redaktoru