Yeni Mədəniyyət nazirinin QƏLƏBƏdən sonra və islahatlar kontekstində əsas görəvi Yeni Mədəniyyət nazirinin QƏLƏBƏdən sonra və islahatlar kontekstində əsas görəvi

Anar Kərimov "mədəni müdafiə naziri" ola biləcəkmi? - ANALİZ

Yeni Mədəniyyət nazirinin QƏLƏBƏdən sonra və islahatlar kontekstində əsas görəvi

Bu ilin əvvəllərində, daha dəqiq desək, yanvar ayının 5-də Anar Kərimov Azərbaycanın Mədəniyyət naziri təyin olundu. Bu təyinata qədər o, təxminən 6 ay müddətində Mədəniyyət nazirinin birinci müavini olmuş və faktiki olaraq nazir səlahiyyətlərini həyata keçirmişdi. Məlum olduğu kimi, ötən ilin mayında Dövlət Təhlükəsizlik Xidməti sözügedən nazirlikdə əməliyyat keçirmiş, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilmişdi. Üzə çıxan korrupsiya faktlarından sonra nazir Əbülfəs Qarayevin ən yaxşı halda postunu itirəcəyi aşkar idi. Elə də oldu. Prezident İlham Əliyev tərəfindən 21 may 2020-ci ildə imzalanan sərəncamla Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi.

Qarayev sıradan bir nazir deyildi. O, 1994-cü ildən etibarən müxtəlif formatlarda gənclər, idman, turizm, mədəniyyət kimi sahələr üzrə nazir vəzifəsində çalışmışdı, müvafiq profillərdə mövcud hakimiyyətin əsas simalarından idi. 26 il nazir kreslosunda əyləşən Qarayevə bir gün “dur” deyilməli idi. Ancaq onun işdən çıxarılması məsələsinin məğzi tam olaraq heç də hakim elitanın vitrinini dəyişmək və ölkədə aparılan islahatların kadr bazasını yeniləməkdən ibarət deyildi. Belə ki, Əbülfəs Qarayevin vəzifəsini itirməsindən çox az müddət sonra Azərbaycan cəmiyyətinin, hətta siyasi elitanın yaxından tanımadığı bir isim- ölkənin YUNESKO-dakı daimi nümayəndəsi, şərqşünaslıq və beynəlxalq münasibətlər üzrə təhsil almış, diplomatik fəaliyyətlə məşğul olmuş Anar Kərimov əvvəlcə “birinci müavin” təyin olunmaqla nazir vəzifəsini icra etməyə başladı. Prezidentin 1977-ci il doğumlu, ərəb, rus, ingilis, fransız dillərini bilən, amma Azərbaycanın mədəniyyət cameəsinin "dilini"- yönünü, yöntəmini bilməyən cavan diplomatı birdən-birə nazir təyin etməməsi onun az sonra başçılıq edəcəyi sahəyə bələd olması üçün yaradılan imkan idi.

Heç kim şübhə etmirdi ki, 2014-cü ildən YUNESKO-da dövlətimizi təmsil etmiş Kərimov, belə demək olarsa, işin içinə girdikdən sonra nazir təyin olunacaq. Sonradan gerçəkliyə çevrilən bu ehtimal bəzi əks rəylərə də yol açmışdı və hətta diplomatın mədəniyyət sahəsinə cavabdeh şəxsə çevrilməsini iqtidarın kadr qıtlığı ilə üzləşməsi kimi yozanlar da vardı. Ancaq ilk təyinatın üzərindən təxminən 6 ay keçdikdən və ötən yarım il ərzində Azərbaycan 44 günlük Vətən savaşında qalib gəldikdən sonra Prezidentin mədəniyyət naziri postuna namizədləri nəzərdən keçirərkən niyə məhz Anar Kərimovun üzərində dayanmasının səbəbləri bəlli olur. Dövlət başçısı ötən ilin yayında müharibəyə hazırlaşırdı, bu savaşda qalib gələcəyimizi bilirdi və hər zaman olduğu kimi dərin və geniş düşünərək, zəfərdən sonrakı Azərbaycanda Mədəniyyət nazirliyinin Müdafiə və Xarici işlər nazirlikləri qədər ağır yük daşıyacağının fərqində idi. İlham Əliyev çox yaxşı fərqində idi ki, iş, sadəcə savaşın udulması ilə bitməyəcək, sülh prosesini də udmaq lazımdır və hər iki istiqamətdəki qələbə onsuz da çoxmillətli olan Azərbaycanın daxili mədəni arealında Dağlıq Qarabağdakı erməniləri də inteqrasiya prosesinə qoşmaq zərurəti ortaya çıxaracaq. Bax, bu məqamda ölkə rəhbəri belə bir mürəkkəb və məsuliyyətli işi həm mədəniyyətə, həm də diplomatiyaya bələd olan bir kadra həvalə edilməsini daha məqbul saydı.

Beləliklə, yeni Mədəniyyət nazirindən həm prezidentin, həm də cəmiyyətin çox ciddi gözləntiləri var və gözləntiləri bir kəlimə ilə ifadə etsək, belə deyə bilərik: Anar Kərimov mədəniyyət nazirliyini, ilk növbədə, "mədəni müdafiə nazirliyi"nə çevirməlidir. Onun sələfinin dövründə korrupsiyaya uğramış, işçi qüvvəsi şişirdilmiş bir nazirliyin imicini dəyişməsi qısa vədəli hədəfdir. Bir nazir kimi qarşısında dayanan ən mühüm vəzifə isə, məhz yuxarıda dediyimiz şəkildə, əsasında dövlət başçısının yeni dövrlə bağlı təlimatları dayanan “yaradıcı mədəniyyət konsepsiyası” ortaya qoymaq və bu konsepsiyanı həyata keçirmək üçün başçılıq etdiyi qurumu qalib dövlətin mədəni irsini zənginləşdirən mexanizmə çevirməkdir. Cəmiyyət o zaman tərəqqi edir ki, sosial, iqtisadi, siyasi, hərbi uğurlar mədəniyyət faktına çevrilsin. Bunun üçün isə tarixi irsin və çağdaş resursların itib-batmasına, sıradan çıxmasına imkan verməmək, obrazlı desək, problemləri malalamaq əvəzinə, gələcəyi mayalamaq lazımdır.

Nazir Kərimovun az öncə söylədiyimiz istiqamətdə uğur qazanmasına mane olan ən böyük amil Azərbaycanda mədəni elitanın mühim bir hissəsinin heç də mədəni və heç də elita olmaması, üstəlik, heç də mədəni və heç də elita olmayan həmin kəsimin müasir industrial vərdişlərdən uzaqlığıdır. Son bir neçə ildə ölkə televiziyalarında kifayət qədər liberallaşmış şou proqramlar bu reallığı bütün çılpaqlığı ilə üzə çıxarıb. Elə COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin tətbiqi də bir daha məlum edib ki, Azərbaycanın mədəni həyatı əslində çox sönükdür, sənət industriyası toy, parçabiçdi, xınayaxdı mərasimlərindən kənarda, demək olar ki, mövcud deyil. 44 günlük Vətən savaşına mədəni mühitin reaksiyalarının təhlili göstərir ki, xarici ideoloji diversiyalara açıq olan “underground” seqment ölkənin ən ağır zamanlarında daha çevik tərpənib. Bu, məsələn, meyxanaçılar adına müsbət hal olsa da, yüksək sənət baxımından riskli bir vəziyyətdir. Odur ki, “yaradıcı mədəniyyət konsepsiyası”nı yeni kültür siyasətinin əsasına qoyacaq bir nazirlik titullar paylayan, bəzən də satan bürokratik dövlət qurumundan “yeni ictimai menecerlik” (“New Public Management”) anlayışı ilə hərəkət edən vasitəçi mexanizmə dönməlidir.

Azərbaycan post-sovet ölkəsidir. Sovetlər dövründən qalma streotiplər məmləkətimizdə hələ də keçərlidir. Elə bu səbəbdən də sənət müstəqil istehsal sahəsi deyil, hələ də dövlətin əlinə və ağzına göz dikir, fərdlər və yaradıcılıq ittifaqları ilə dövlətin münasibətləri heç bir modelə uyğun deyil. Qısaca olaraq çağdaş dünyadakı mədəni siyasət modellərini incələsək, Azərbaycan nə mərkəzi, nə şimali Avropa, nə də Anqlo-sakson təcrübəsinə keçid edir. Ona görə yox ki, bizim daha fərqli və daha əlahiddə bir platformamız, yaxud yenidən velosiped icad etmək niyyətimiz var. O sadə səbəbə görə ki, müstəqillik illərində dövlətin mədəni siyasəti yeni bazar iqtisadiyyatına keçidin çətinlikləri qarşısında əldə olanları qorumağa, ənənələrin qırılmamasına, “beyin köçü”nün qarşısının maksimum alınmasına yönəlib və bu, olduqca təbiidir. Azərbaycanda yerli idarəçilik institutu- bələdiyyələr Avropa ölkələri səviyyəsində inkişaf etmədiyindən mədəni siyasətin maliyyə qaynaqlarını bölüşməsi üçün dövlət üçün alternativ qurumlar da yoxdur. Belə olan halda, ilk baxışda o təəssürat yaranır ki, dövlət ya mədəni siyasəti tam liberallaşdırmalı və Britaniya modelinə keçməli, ya da “sosial” Skandinavaya ölkələrindəki kimi baş rolda çıxış etməlidir. Ancaq bu səthi yanaşmadır və aldadıcıdır. Çünki hər iki modelin əsasında dayanan yerli ənənələr bizim cəmiyyətimiz üçün xarakterik olmadığından, üstəlik, klassik Avropa modellərinin özünün də yeni ictimai menecment müstəvisinə meyilləndiyini nəzərə alıb hamının "Mərsinə getdiyi" dünyada, "tərsinə" getməyə ehtiyac yoxdur.

Zatən, İlham Əliyevin sərəncamları ilə son zamanlarda xeyli “publik hüquqi şəxs” yaradılıb. Bu siyasət onun göstəricisidir ki, cəmiyyətimizin keçilmiş yoldan asılılıq əmsalını çox dəqiq qiymətləndirən prezident dövlətin xidmət sahəsindəki dominant mövqeyini minimuma endirmək, “ictimai məhsuldarlığı” artırmaq yolu ilə bazar iqtisadiyyatının məntiqini topluma aşılamağı hədəfləyir. Prezident Əliyevin daha böyük miqyasda yürütdüyü siyasi xəttin ana prinsipini Anar Kərimovun nazir portfelinə qoysaq, oradan çıxan sual bu olacaq: vətəndaş mədəni xidməti artıq satın almalıdır, amma kimdən almalıdır, dövlətdənmi? Cavab aydındır: dövlət mədəni xidmət sata bilməz, bu, zamanın ruhuna, bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Ölkəmizdə də islahatlar məhz ona görə aparılır ki, cəmiyyətimiz istehlakçıdan istehsalçıya, o cümlədən mədəni xidmət istehsalçısına çevrilsin. Deməli, Anar Kərimov heç də bəzən hakim elitanın yüksək ranqlı yeni nümayəndələrinə deyildiyi kimi, “hazıra nazir" deyil, - onun qarşısında mühüm vəzifələr, taprışıqlar var- amma bu iş prezident tərəfindən məhz ona həvalə edilibsə, şübhə edilməməlidir ki, mədəniyyət sektorunda islahatlar aparmağa hazırdır!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru