Saxtakar, avantürist, dələduz!- Taleh Şahsuvarlı yazır

Həqiqətlər gec də olsa, üzə çıxır....

Onun adı Azərbaycanda tarix, diplomatiya və Ali Baş Komandan İlham Əliyevin gerçəkləşdirdiyi “Dəmir yumruq” əməliyyatı ilə millətimiz və dövlətimiz adına ZƏFƏRlə sonuclanmış Qarabağ münaqişəsi ilə maraqlanan konfliktoloqlara yaxşı məlumdur.

Ermənistanda isə o, Səfəvilərə və Osmanlılara qarşı “milli azadlıq hərəkatı”nın əsasını qoyan böyük fədai, diplomat, müstəqil erməni dövlətinin əsas ideoloqlarından bir kimi təbliğ olunur.

İsrail Oridən danışırıq.

Gerçəklikdə isə o, bir saxtakar, avantürist, intriqant, rus çarı I Pyotra belə çox yekə kəf gəlməyi bacarmış, tarixdə bənzərinə çox az rast gəlinən bir dələduzdur.

İndi deyəcəksiniz ki, Azərbaycan cəmiyyətində ermənilərin tarixi şəxsiyyətlərini qaralamaq, aşağılamaq çox asandır, hətta popolizmdir, yəqin mən də bir müəllif olaraq bu asan yola qaçıram.

Bütün səmimiyyətimlə deyirəm: Qətiyyən belə deyil!

Əslində, tarixdə eyni adam kimi təqdim olunsa da, iki İsrail Ori var, ancaq onlardan heç biri etnik baxımdan hay olmamışdır.

Üstəlik, 300 ildir ki, tarix kitablarında bir adam, eyni şəxs kimi təsvir edilən, ancaq bir-birini heç zaman görməmiş, bir-birinə heç zaman rast gəlməmiş iki fərqli zat olan İsrail Ori sayaq tiplərə elə bizim öz tariximizdə də rast gəlinir.

Məsələn, Səfəvilər dönəmində özünü II Şah İsmayıl kimi təqdim edən bir saxtakar- səhv etmirəmsə, qələndər idi- meydana çıxmışdı. O, qələndər əhalini II İsmayıl olduğuna inandırmaq üçün bütün dişlərini çəkdirmiş, ağzında cəmi iki diş saxlamışdı. Qəzvində ölmədiyini, sui-qəsdçilərdən qaçdığını car çəkərək özünü Səfəvi imperatoru elan etmiş, “haqqı olan taxt-tac”a yenidən qovuşmaq üçün qoşun yığmağa, qızılbaş tayfalarını ətrafında cəmləməyə başlamışdı.

Ancaq “İsrail Ori” saxtakarlığı daha böyük miqyasda idi, daha hiyləgər, avantürist bir plan idi, o qədər incəliklə reallaşdırılırdı ki, qos-qoca I Pyotr belə fırıldağın fərqinə vara bilməmişdi.

Tarixdə bizə “İsrail Ori” kimi təqdim olunan adamlardan birincisi əslən qarabağlı idi, Xaçındakı alban məlik ailələrindən Hahbablar, daha sonrakı dövrlərdə Proşlar kimi tanınan feodal evinin nümayəndəsi idi. Bu feodal evinin etnik baxımdan haylara, dini baxımdan isə erməni qriqoryan kilsəsinə heç bir dəxli olmayıb, Həsən Cəlal kimi, onlar da mehranilərin qalıqları və diofizit xristian idilər. Əsl adı Həsən olan “Proş”un davamçıları Zəngəzurda və Naxçıvanda bir neçə yerdə mülk əldə eləmişdilər, erməni kilsəsinin missionerlərinin diqqətinə də elə bundan sonra düşmüşdülər.

Həmin dövrdə- söhbət artıq17-ci əsrin ikinci yarısından gedir- Eçmiədzin kilsəsi fırıldaq bir işə qol qoymuşdu, “insanları günahlardan arındıran yağ” ticarətinə girişmişdi, bu ticarəti xristian dünyasında genişləndirmək üçün Roma papasının izninə ehtiyac vardı. Odur ki, Eçmiədzin keşişləri 1677-ci ildə bir toplantı keçirdilər, Roma papasına və Qərbi Avropaya gedəcək bir nümayəndə heyəti təşkil etdilər, heyətə Hakop Cuqaesi (Culfalı) şəxsən özü rəhbərlik elədi. Əgər heyət mənzil başına çatar və Roma papasından “günahlardan arındıran yağ ticarəti”nə izn alardısa, Eçmiədzin keşişləri Qriqoryan kilsəsinin monofizit təlimindən vaz keçməyə, katolik məzhəbini qəbul etməyə hazır idilər. Ancaq plan baş tutmadı ona görə ki, keşiş Hakop İstanbulda öldü, yaxud öldürüldü, nümayəndə heyəti geri qayıtdı, bircə Proş nəslindən olan İsrail Ori yoluna davam etdi, 20 ildən artıq bir müddətdə İtaliyanı, Fransanı, Almaniyanı gəzib-dolaşdı...

Proş feodal evinin Zəngəzurda qalan nümayəndələri gənc İsrailin öldüyünü zənn etdilər, 20 ildən sonra bir adam Avropa qiyafəsində geri qayıdıb özünü “İsrail Ori” kimi təqdim edəndə isə onu TANIMADILAR və sözlərinə İNANMADILAR!

Dəyərli oxucularımın İsrail Orinin öz məktublarında yer alan bu məqama xüsusi diqqət etmələrini xahiş edirəm. Söhbət 20 ildən sonra Avropadan “qayıdan”, özünü “İsrail Ori” kimi təqdim edən şəxsin sözlərinə İNANMAMAQla yanaşı və ondan daha çox, kimsənin onu TANIMAMASINDAN gedir.

Bəli, “İsrail Ori” kimi Zəngəzura dönən şəxsi kimsə tanımamışdı, öz doğma bacı və qardaşları onu SAXTAKAR kimi qəbul etmişdi, çox çək-çevirdən, Avropada hazırlanmış SƏNƏD təqdim etdikdən sonra öz ailə üzvləri deyil, yalnızca qohumlarından biri “mənə elə gəlir ki, sən bizim 20 il öncə səfərə çıxan adamsan” yanaşması sərgiləmişdi. Həmin şəxsi də “İsrail Ori” dərhal özünə qoşduğundan ortada bir şirnikləndirmə olmasını güman etmək çətin deyil.

“İsrail Ori”nin qapısını açdığı başqa bir adam Məlik Safraz olur. Məlik Safraz mövzumuz baxımından önəmli bir şahiddir, çünki gerçək İsrail Orini dəfələrlə görmüş, onunla eyni toplantıda iştirak etmiş şəxsdir. Saxta “İsrail Ori” Məlik Safrazın xanəsinə gəlir, gürcü knyazlarının qasidi olduğunu söyləyərək görüşməyə nail olur, ancaq bu feodal da “əlbəttə, görsəm, dərhal tanıyaram” dediyi halda, İsrail Orinin qarşısındakı adam olduğunu kəsdirə bilmir. İşin ən ilginc tərəfi, Məlik Safraz qan düşməni olduğu Əmir bəy adlı başqa bir xristian feodalla “dərhal tanıyaram” dediyi halda, tanımadığı, “İsrail Ori” olmasına yenə Avropada hazırlanmış bir sənəd əsasında qənaət hasil etdiyi adamın sözü ilə gecə ilə barışır, hətta qohum olmağa razılıq verir. Demək ki, ortada yenə ya şirnikləndirmə, ya da şantaj vardı...

Çox pakizə, bəs, kim idi bu saxta İsrail Ori?

Zəngəzura niyə gəlmişdi, alban feodallarından, o cümlədən erməni keşişlərinin cənginə keçmiş alban feodallarından, nəhayət erməni keşişlərinin özündən nə istəyir, hansı planlar qurur, hansı tapşırıqlar yerinə yetirirdi?

Hazırda Ermənistanda aparılan təbliğata görə, İsrail Ori “milli azadlıq hərəkatının qaranquşu” idi, amma gəlin düşünək, o, necə milli azadlıq hərəkatçısı idi ki, heç bir məktubunda, heç bir görüşündə müstəqil erməni dövlətinin yaradılmasından bəhs etmir, Səfəvi və Osmanlı təbəəsi olan xristianların Avropa despotlarının, yaxud rus çarının himayəsinə keçməsini təşviq edir?

Ayrıca, müxtəlif yazışmalarda, məsələn, Pfals elektoruna göndərdiyi namədə “İsrail Ori” müharibə olarsa, Səfəvi qoşunlarının sayının 50 mini keçməyəcəyi, xirstianların isə 150 mindən çox döyüşçü çıxaracağı kimi şişirdilmiş məlumatlar məruzə edir. Sadə bir sual yaranır: bu 150 minlik ordu niyə müstəqil şəkildə ortaya çıxaraq 50 minə çatmayacaq qızılbaşları məhv etmir, öz müstəqil dövlətini qurmur da, gözünü xarici himayədarlara dikir?

Əgər bu məqaləni bura qədər oxumusunuzsa, səbrinizi bir az da basın, SENSASİYA AÇIQLAYIRAM: "İsrail Ori"nin rus çarı I Pyotra erməni feodallarının və ruhanilərinin adından təqdim etdiyi məktub SAXTADIR!

Özünün yazışmalarından məlum olur ki, o, şirnikləndirmə və şantaj yolu ilə Eçmiədzinin təsirinə düşmüş feodallardan KART BLANŞ, yəni imzalanmış və möhürlənmiş AĞ KAĞIZ alıb, daha sonra o KART BLANŞ-dan aldığı təlimatlar əsasında istədiyi kimi istifadə edib.

Əslində, casus, yəni ikinci “İsrail Ori”nin əsl görəvi məhz bu KART BLANŞı almaq, bu kart blanşla Səfəvi və Osmanlılara qarşı Qərbi Avropanın güclənməkdə olan dövlətlərinin əlinə bəhanə vermək, Çar Rusiyasını isə şərqdə savaşlara çəkmək idi.Bundan o tərəfini bilmir, hətta təsəvvür eləmirdi...

Bəli, ikinci İsrail Ori, gah “müstəqil erməni dövlətçiliyinin ideoloqu”, gah da erməni məsələsini Çar Rusiyasının gündəminə gətirən, “Çar Rusiyasını şərqə çağıran böyük diplomat” kimi tarixə sırınan fırıldaqçı, kələkbaz icraçısı olduğu böyük planı belə axıracan bilməyən bir casus idi.

15 avqust 1534-cü ildə katolik dünyasında Yezuitlər Ordeni qurulmuşdu. Bu orden Roma Papası tərəfindən təsdiqləndikdən sonra zaman-zaman böyümüş, Avropada minlərlə kollej açmış və 17-ci yüzilin sonlarına doğru Osmanlı və Səfəvi imperiyasının içinə nüfuz etmək üçün hərəkətə keçmişdi.

Bu məqamda səslənə biləcək “yezuitlər hara, Azərbaycan hara” sualı yanlışdır, bircə onu yada salmaq kifayətdir ki, bu gün katolik missionerlərinin izləri “firəng kilsəsi” kimi tanınan dini məbədlərdə hələ də qalır. Bundan əlavə, Osmanlı və Səfəvi ərazilərində fəaliyyət yezuitlərin fəaliyyət planında əsas prioritetlərdən biri olması danılmaz faktdır.

Fleryo Ata adlanan bir yezuit keşişi var, Səfəvi və Osmanlı xristianları ilə bağlı bütün ilkin planlar onun başının altından çıxmış...

1773-cü ildə rəsmən ləğv edilən yezuitlərin böyük planı isə yeni bir xaçlı yürüşü başlamaq idi. Bu yürüş Vyanadan başlamalı, Moskvadan keçməli, Dərbəndi aşaraq indiki Azərbaycana adlamalı, sonunda provaslav Çar Rusiyası, müsəlman Səfəvi və Osmanlı imperiyaları tam işğal olunaraq çökdürülməli idi.

Əziz oxucu!

Mən bu yazıda Sizin başınızı istinadlarla, qaynaqlarla, sitatlarla ağrıtmadım, amma heç nəyi də uydurmadım, elmi əsaslardan uzaq yazmadım.

Məqalədə, əsasən, mənşəcə Osmanlı ermənisi olan, Xarkovda doğulmuş araşdırmaçı Filip Ekozyantsın 2020-ci ildə Moskvada İsrail Ori ilə bağlı çap edilmiş kitabında yer alan bəzi epizod və iddialardan istifadə etdim.

Taleh ŞAHSUVARLI