Bir dövlət və cəmiyyət olaraq əlimizdən gələni etməliyik ki, Elvin canına qəsd edən sonuncu qazi olsun! Bir dövlət və cəmiyyət olaraq əlimizdən gələni etməliyik ki, Elvin canına qəsd edən sonuncu qazi olsun!

Qazilər və "siyasi piy" axtaranlar

Bir dövlət və cəmiyyət olaraq əlimizdən gələni etməliyik ki, Elvin canına qəsd edən sonuncu qazi olsun!

Vətən müharibəsinin qəhrəman iştirakçısı, aldığı medallar keşməkeşli döyüş yolu keçdiyini ortaya qoyan Elvin Cəfərovun canına qəsd etməsi hər bir soydaşımızı dərindən sarsıtdı. Qazi intiharları ilə bağlı təsdiqlənmiş xəbərlər Vətən müharibəsinin iştirakçılarının savaşdan sonra ciddi problemlərlə üzləşdiyini göstərir. Bu problemlərə dövlət həm kompleks şəklində, həm də fərdi yanaşmalı, hər bir qazini tanımalı və dəstəkləməlidir.

Dünən qazilərə qarşı məmurların laqeydliyinə mən də öz kəskin etirazımı bildirdim, ayrı-ayrı dövlət qurumlarının və nümayəndələrinin 44 günlük Vətən müharibəsinin iştirakçılarına "missiyasını başa vurmuş adamlar" kimi yanaşmasını möhkəm tənqid etdim. Faktlar göstərdim, təkliflər verdim.

Məqaləni sosial şəbəkə hesabımdan paylaşdıqda iki rəy diqqətimi çəkdi.

Birincisi, Türkiyədə yaşayan həmyerlimiz idi. O, narazılıq etdi ki, bu qədər əziyyət çəkib yazı yazmısan, nədən bir nazirin adını çəkmirsən?

İkincisi, Azərbaycanda yaşayan yaxşı təhsilə və dünyagörüşə malik olduğunu bildiyim xanım soydaşımızdı. O, çox vacib bir məqama toxunmuşdu: "Çevrə də qazilərimizi intihara sürükləyir".

Hər iki məqama birdən toxunmaq istəyirəm.

Bu ölkədə kimi deyirsinizsə, adbaad tənqid edək, necə deyərlər, yıxaq, sürüyək. Ancaq problemlərin həlli hansısa nazirin adını tənqidi yazıda çəkməkdən keçmir. Bir xəstəliyi müalicə etmək üçün ilk növbədə zəruri olan diaqnozun düzgün qoyulmasıdır. Heç bir nazirin 100 mindən çox veteranı bir-bir qəbul etmək, problemlərini dinləmək, qayğısına qalmaq imkanı yoxdur. Bu işi bütün dövlət qurumları, aşağıdan yuxarıya, yuxarıdan aşağıya dövlət sistemini təşkil edən bütün orqanlar ardıcıl və prioritet məsələ kimi görməlidirlər. Bir daha deyirəm: Vətən müharibəsi iştirakçıları ilə bağlı bütün təhrikedici amillər- bank, kredit, mülki və xüsusi ittiham qaydasında məhkəmə şikayətləri, əmlak mübahisələri və s. kimi məsələlərə son verilməlidir.

Məsələn, çox hörmətli Ədliyyə nazirimiz Fikrət Məmmədovun bütün instansiyalar üzrə məhkəmələrə qazilərlə bağlı məsələlərin ədalətli araşdırılması üçün tövsiyyə verməsi çoxmu çətindir?

Mərkəzi Bankın ölkədəki bankları bu həssas təbəqəyə əlavə güzəştlər tanımağa çağırmasına kim etiraz edər?

Hər bir qaziyə işğaldan azad edilməsi uğrunda döyüşdüyü torpaqlardan pay veriləcəyi haqqında dövlətin rəsmi açıqlama verməsi niyə gecikir?

Bəli, veteranların cəmiyyətə inteqrasiyası yönündə addımlar atılmalıdır.

Bir təklif verim.

Təhsil naziri Emin Əmrullayevdən şəxsən xahiş edirəm.

Qarşıdan yeni bilik günü gəlir. Qoy ilk dərs günündə bütün orta və ali məktəblər öz qazi məzunlarını açılışa dəvət etsinlər, hər biri qəhrəman olan döyüşçülərimiz məzunu olduqları təhsil ocağının müəllim və şagird kollektivi qarşısında çıxışlar etsin, doğmalıq hiss etsin.

44 gün ərzində döyüş yoldaşlarını itirmiş, qəlpə parçalayan görmüş qazilərimizin hər şeydən öncə məhz bu doğmalığa ehtiyacı var.

Qazilərimizi intihardan çəkindirmək üçün ilk növbədə ailənin və çevrənin bu doğmalığı sərgiləməsi lazımdır, nəinki ölüm hissini yenmiş adamları "sizin qədrinizi bilmirlər", "canınızı qoydunuz, torpaq aldınız, 80 manat verirlər" kimi tənələrlə qızışdırmaq.

Bəli, qazilərimizə münasibətdə bir çox məmurlar, hətta deyərdim ki, əksər məmurlar adekvat davranmırlar. Elə Elvin Cəfərovun özünə qəsd etməsindən sonra Sabirabad rayonunun icra başçısının işlətdiyi "psixoloji problemləri vardı" cümləsi də göstərir ki, böyük bir rayona rəhbərlik edən şəxs problemi anlamır. Anlamır ki, 44 günlük müharibənin istisnasız olaraq bütün iştirakçıları bir yana, arxa cəbhədə, hətta döyüş zonasından kilometrlərlə uzaqdakı paytaxtda belə insanlarımız psixoloji travmalar alıblar. Görünür, bu travmalar sadəcə Siraqəddin Cabbarov kimilərinin özündən və ailəsindən yan keçib. Əks halda, təxminən bir ayda Sabirabbadda iki qazi ard-arda intihar etməz, Maşallah Mənəfovdan sonra Elvin də canına qıymazdı.

Bəli, müharibə sonrası vəziyyət birmənalı şəkildə şərtləndirir ki, məmurlar ənənəvi vərdişlərindən və iş üslublarından imtina etsinlər, Prezidentin, Ali Baş Komandanın savaş iştirakçılarına diqqətini, qayğısını və sayğısını hər addımda veteranlara hiss etdirsinlər. Bunu bacarmayanların yerini dövlət dəyişməlidir və əminəm ki, dəyişəcək də: rahat kabinetlərdən DTX-nın zirzəmisinə, oradan məhkəməyə, sonda cəzaçəkmə müəssisələrinə!

Ancaq dəyişməsi vacib olan başqa məsələ də var.

Qazilərin canına qəsd etməsindən siyasi xal qazanmağa çalışanlar da özlərinə, yumşaq desək, çəki-düzən verməlidirlər. Çox təəssüf ki, Azərbaycan müxalifəti iştirakçılarda və bütövlükdə cəmiyyətdə 44 günlük savaşın reallıqlarından qaynaqlanan travmaları körükləməklə məşğuldur. Elə Elvin Cəfərovun intiharına münasibətdə də görürük ki, bir çox müxalifət qrupları qazimizin ölümündən sarsılmaq əvəzinə, sevinir, baş verən faciəni fürsət bilərək Böyük Zəfəri, Ali Baş Komandanın milli davasını şübhə altına almağa çalışırlar. Buna ən yaxşı cavabı müharibədən döndükdən sonra elə Elvin özü vermişdi. Ali Baş Komandana QƏLƏBƏ üçün təşəkkür etməklə!

Mən "qazi" deyəndə müharibənin bütün iştirakçılarını nəzərdə tuturam və araşdırdığım qədər, bu, daha düzgündür. Bu gün Azərbaycan müxalifətinin bütün fəaliyyəti ona yönəlib ki, qazilərlə dövlət arasında uçurum yaratsın, mövcud problemlər dərinləşsin və kəskin sosial-siyasi ziddiyyətə çevrilsin. Ölkəsini, Qələbəsini, Qazisini sevən insan problemlərin həllində maraqlı olar, davamlı psixoza, ziddiyətə çevrilməsində yox. Odur ki, mən də o fikri dəstəkləyirəm ki, Şəhid ailələri, Veteranlar və Ehtiyyatda olan hərbiçilərlə iş üzrə xüsusi dövlət komitəsi yaradılsın. Ancaq bir də müxalifətçilərin sosial şəbəkədə yazdıqları rəylərin "mustafa"sına baxın: "Özünüzü öldürməyin, məmurları öldürün"! Bu zehniyyətin ölkəni, xalqı, dövləti hara apardığının fərqindəsinizmi? Kifayət qədər həssas və silahdan istifadə etməyi bacaran insanları bu şəkildə qızışdırmaq cinayətə və terrora çağırış, ölkəni vətəndaş müharibəsinə sürükləmək deyilmi?

Qəhrəman Azərbaycan oğullarının faciəsi üzərindən siyasi divident toplamaq əxlaqsızlıq və xəyanətdir!

Bir dövlət və cəmiyyət olaraq əlimizdən gələni etməliyik ki, Elvin canına qəsd edən sonuncu qazi olsun!

Taleh ŞAHSUVARLI