Zabuxda etnik yox, ekoloji təmizliyə start verilib Zabuxda etnik yox, ekoloji təmizliyə start verilib

LAÇIN ŞƏHƏRİ: DƏMİR YUMRUQ VƏ DƏMİR MƏNTİQLƏ AÇILAN DƏMİR QAPI

Zabuxda etnik yox, ekoloji təmizliyə start verilib

Bu ayın sonuna qədər, bəlkə də daha tez Ermənistan işğalçı qoşunlarının qalıqlarını və 30 illik işğal müddətində qanunsuz məskunlaşdırdığı erməni ailələrini Laçın şəhərindən, Zabux, Sus kimi kəndlərdən çıxaracaq. Artıq bu barədə Ermənistan hakimiyyəti və Xankəndidəki xunta qalıqları tərəfindən 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatdan sonra Laçında qalmış ermənilərə xəbərdarlıq edilib. 1992-ci ilin mayında Laçın işğal edildikdən sonra sözügedən məntəqələrə əsasən Suriya və Livandan gətirilərək yerləşdirilmiş terrorçu ailələri, necə deyərlər, şələ-şülələrini də götürüb Azərbaycanən hüquqi və tarixi ərazisindən dəf olacaqlar.

Bu addımı Ermənistan, əlbəttə, Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərə əməl etmək istədiyi üçün atmır. Əgər xatırlayırsınızsa, avqustun 3-də, Azərbaycan "Qırxqız" yüksəkliyini ələ keçirmək istəyən erməni silahlı çətələrinə qarşı "Qisas" əməliyyatı apardığı gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Üçtərəfli Bəyanatda Laçın şəhəri, Zabux və Sus kəndlərinin boşaldılmasının nəzərdə tutulmadığını, Ermənistanın Xankəndi ilə əlaqəsini təmin edəcək marşrutun dəyişdirilməsinin isə qarşıdakı illərdə razılaşdırılmalı olduğunu vurğulayırdı. Eyni zamanda yeni marşrutla Ermənistan öz ərazisində yol inşa etməmiş, Tex-Kornidzor istiqamətində asfaltlaşma işi aparmamışdı. Görünür, Nikol Paşinyan həm müxalifətinin təzyiqlərindən çəkinmiş, həm də məsələni yubadacağına ümid etmişdi.

Ancaq rəsmi Bakı Ermənistanı son olaraq avqustda keçirdiyi anti-terror əməliyyatı ilə, həm də diplomatik masada Laçın şəhərini və digər məntəqələri təhvil verməyə vadar edirdi. Azərbaycan prezidenti hələ iyul ayının ortalarında Ermənistana açıq mesaj göndirmişdi: "Ya təqvim verin, ya da mövqeyinizi konkret deyin, işimizi bilək". Bu bəyanatdan sonra prezident İlham Əliyev Ermənistan gələcək və ya gələ biləcək cavaba əsla məhəl qoymadı, "Qisas əməliyyatı" ilə İrəvana daha bir dəfə "Dəmir yumruq" silkələdi və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında açıqladığı kimi, məsələni Rusiya Müdafiə nazirliyi qarşısında qaldırdı, Moskvadan müsbət cavab aldı.

İndi Ermənistanda "Berdzoru və Axovna"nı təhvil verməmək barədə çağırışlar səsləndirilir, müqavimət hərəkatları formalaşdırmaq üçün addımlar atılır. Ancaq bütün bunlar mənasız və təsirsiz cəhdlərdir. Bir anlıq təsəvvür edin ki, köç üçün Laçın şəhərində və Zabuxda ermənilərə verilən vədə dolub. Bundan bir gün öncə rus sülhməramlıları yeni marşrut üzrə dislokasiya olunub. Azərbaycan komanda birlikləri, DTX-nın, DİN-in və s. güc qurumlarının xüsusi təyinatlıları göydə "Bayraqdarlar"ın müşayiəti ilə Laçın şəhərinə və Zabuxa girir. Ordumuz qarşısına çıxan istənilən silahlı dəstəni dərhal zərərsizləşdirəcək, təxribatçıların başına çuval keçirib mühakimə olunmaq üçün Bakıya gətirəcək, Suriya və Livan miqrantlarını isə heç Ermənistana da deyil, çıxdıqları yerə deportasiya edəcək.

İndi Ermənistanın revanşist qrupları Azərbaycan ordusunun Laçın şəhərinə və Zabuxa girməsinə mane olmaq üçün "ekstremist dəstək qrupları" formalaşdırmağa çalışır.

Deyək ki, 10 min revanşist bu təşəbbüsə qoşuldu.

Əvvəla, onlar Zabuxa və Laçın şəhərinə hardan keçib gələcəklər?

Gorus-Xankəndi yolu Rusiya sülhməramlılarının nəzarətindədir və onların vəziyyəti dramatikləşdirməyə çalışan ekstremist qruplara "buyurun, keçin" deyəcəyi inandırıcı görünmür.

Tutalım, dedilər, onlar da gəlib Laçın şəhərinə, Zabuxa çatdılar.

Bəs, sonra?

Rusiya sülhməramlıları köhnə marşrutdan uzaqlaşan kimi, mühasirəyə düşəcəklər və təpələrinə qapaz dəyə-dəyə İrəvana qayıtmaları üçün heç əsgərlərimizə də ehtiyac qalmayacaq. Laçınlılar öz dədə yurdlarına qayıtmaq üçün yürüş etsələr, yumruğun, çomağın qabağına qatıb Xoznavaracan qovarlar onları.

Bütün hallarda Azərbaycan dövləti Laçın şəhərindən və Zabuxdan Suriya-Livan miqrantlarının köçürülməsi prosesinə yüksək diqqətlə yanaşmalıdır və əminəm ki, yanaşır da. Prezident Administrasiyası, XİN, ordu komandanlığı, xüsusən də general-polkovnik Əli Nağıyev kimi peşəkarın başçılıq etdiyi DTX-nın Laçın şəhərində və Zabuxda Azərbaycan bayrağının qaldırılma mərasimini ən yüksək səviyyədə təşkil edəcəyinə inanıram.

Bir az zamanı qabaqlayıb o günü təsəvvür edək.

Prezident, Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinə bayraq sancır...

Üçrəngli bayrağın Laçın şəhərində dalğanması, heç şübhəsiz, "Dəmir yumruq" sayəsindədir. Ancaq mənim fikrimcə o yumruqdan da önəmli olan bir amil var: "Dəmir məntiq"!

Dünyanın dəqiq oxuyan, regionu dərindən tanıyan və xarakteri dərin intellektlə genetik liderlik keyfiyyətlərinin vəhdətindən formalaşmış BAYRAQDARın dəmir məntiqindən danışıram.

Qardaş Türkiyənin istehsal etdiyi PUA- "Bayraqdar", İkinci Qarabağ savaşındakı qələbəmizə heç şübhəsiz, misilsiz töhfə verdi. Amma ən böyük və mübahisəsiz töhfə bizim BAYRAQDAR liderimizə məxsus idi.

10 noyabr 2020-ci ildə Üçtərəfli Bəyanat imzalanandan, bir qədər sonra Ağdam, Kəlbəcər, Laçının əksər əraziləri Azərbaycana təhvil veriləndən sonra qələbəmizə kölgə salmaq istəyənlər yadınızdadır?

Bəs, Xankəndi? Bəs, Xocalı? Bəs, Laçın şəhəri?- deyənlərin bir çoxunun məqsədi heç də suala cavab almaq məqsədi daşımırdı.

Bir qismi Ermənistanı nokauta salmış "Dəmir yumruq" qarşısında deməyə söz tapmayan, ancaq DƏMİR MƏNTİQi görməyən, görmək istəməyən siyasi oliqofrenklər, bir qismi də hibrid savaşın məzmunundan bixəbər, Birinci Qarabağ müharibəsinin məğlubiyyət kompleksindən çıxa bilməyərək sosial şəbəkələrdə nevrotik simtomplar yayan psixopatlar idi.

Hazırda İrəvanda prezident Əliyevin Laçın şəhərində və Zabuxda "etnik təmizləmə" aparmaqda ittiham edilməsi də erməni cəmiyyətindəki natamamlıq kompleksinin təzahürüdür.

Bəli, biz təmizləmə aparırıq, bu, doğrudur. Çünki 30 illik işğal dövründə Azərbaycanın yaşayış məskənləri xarabaya çevrilib, evlər yandırılıb, qəbiristanlıqlar dağıdılıb, torpağımız, suyumuz, havamız çirkləndirilib, ata yurdumuz zibilləndirilib. O zibilləri təmizləyirik və təmizləyəcəyik ki, gələcək nəsillərə sağlam eko və etno sistem qoyaq. Ancaq erməni həyasızlığının dərəcəsinə bir baxın. Başqa bir dövlətin ərazisini işğal edir, daş üstdə daş qoymayaraq şenlikləri viran edir, yerli əhalini silah gücünə yurdundan-yuvasından qovur, Suriyadan, Livandan marginal, terrorçu qrupları gətirib onları qanunsuz şəkildə Zəngəzurda, Qarabağda yerləşdirir, sonra torpağın sahibi gəlib "haydı burdan..." deyəndə adını qoyur "etnik təmizləmə"...

Nədən narahatdırlar, bilirsinizmi?

Laçın şəhərinin və Zabuxun nəzarətimizə keçməklə, yeni yolun işə düşməsi ilə Ermənistandan Xankəndiyə gedən qaz və elektrik xəttləri də əllərindən çıxır. İşğal infrostrukturu dağılır, işğalçılıq siyasətinin hərbi, iqtisadi, sosial, ideoloji, diplomatik dayaqları məhv olur. Ermənistandakı banklar Xankəndidə yaşayanlara kredit vermir ki, səfil adamdırlar, bu gün-sabah qalanları da qaçıb İrəvana gələcəklər, borclarını qaytara bilməyəcəklər. Doğrusu, dəqiq bilmirəm, bunu indiki etapda etmək mümkün olacaq, yoxsa "Zəngəzur dəhlizi"nin açılması ilə paralel həyata keçiriləcək, amma Laçın-Xankəndi yolunun başında, yaxud ortasında Azərbaycan Nəzarət-Buraxılış Məntəqəsi qurmalıdır. Ermənistan vətəndaşısan?- silah daşımırsansa, təxribatçı deyilsənsə, kisəndə narkotik yoxdursa, gedib-gələ bilərsən. Ancaq Azərbaycan üçün, dünya üçün "DQR" deyilən bir anlayış yoxdur. Ya Azərbaycan pasportu almalısan, ya da ayağını sərhəddən nə o tərəfə, nə də bu tərəfə qoya bilərsən.

Bütün hallarda, məsələ bitib!

Ermənilər Laçın şəhərindən keçən yolu itirdi, Azərbaycan buradan həm Xankəndiyə, həm də Qərbi Zəngəzura DƏMİR QAPI açdı.

Taleh ŞAHSUVARLI