Mənim Tezislərim: Hamı Üçün!

Mirşahin Ağayevdən möhtəşəm təkliflər

Məncə bu saat mediamızın əsas vəzifəsi ölkənin taleyüklü hədəfləri ətrafında beyin birliyi və fəal düşüncə hərəkatını təmin etməyə nail olmaqdır. İlk baxışdan hətta əhəmiyyətli, cazibədar görünsə də əslində Qarabağın Dirçəldilməsi, Azad Edilmiş Ərazilərimizə Böyük Qayıdış kimi nəhəng proseslər fonunda son dərəcə qeyri-ciddi hadisələr təfəkkürümüzü korşaldır, bəsitləşdirir. Ciddi Media bütün primitiv, populist mövzulara yox deməyi bacarmalıdır. Mənim fikrimcə Prioritetlər bunlardır:

1. Qarabağın Dirçəldilməsi və sülh dövründə gözlənilən inteqrasiya detallı işıqlandırılmalıdır.

2. Keçmiş köçkünlərə böyük dönüşün təbliğ və təlqin edilməsi son dərəcə zəruridir.

3. Ermənistanın düçar olduğu ağır hərbi, sosial, siyasi, mənəvi böhran sabit, uğurlu Azərbaycan modeli ilə paraleldə geniş göstərilməlidir. Məğlubiyyət ölkəsi olmağın mənzərəsi hər bir xəbər istehlakçısına Qələbə ölkəsi olmağın şərəfi, ucalığını daha aydın göstərəcək.

4. Qlobal böhranın yaratdığı təbii mürəkkəbliklərə, ilk növbədə taxıl başda olmaqla ərzaq qıtlığına düzgün iqtisadi kurs nəticəsində ölkəmizin hazır olmasını izah etməliyik. Bu mövzuda hər hansı manipulyasiyaya yol verməməliyik.

5. Dünya Qlobal İstiləşmənin fəsadlarını yaşayır. Bu fəsadlar getdikcə daha ağır nəticələrə səbəb olur. Biz bu şəraitdə hər ağacın, hər sısqa bulağın Azərbaycan üçün misilsiz olduğunu aşılamalıyıq. Su böhranına yeni su tərbiyəsi ilə yanaşmalıyıq. Öz kiçik coğrafi ərazimizin qorunmasına bütün varlığımızla cəlb olunmalıyıq. Odla oynamamalı olduğumuz haqqında ciddi materiallar hazırlamalıyıq.

6. Tariximizin ən böyük qələbəsi-Ərazi Bütövlüyümüzün Bərpası haqqında ardıcıl, seriya məqalələr, reportajlar, analitik braşürlər təqdim etməliyik. Mədəniyyət adamlarımızı öz yaradıcılıqlarını Qarabağ Qələbəsinə kökləməyə təşviq, sonra da bu prosesə nəzarət etməliyik.

7. Xaricdəki soydaşlarımızı Qarabağın bərpasına peşəkar, mütəşəkkil qaydada cəlb etməliyik. Müxtəlif ölkələrdəki azərbaycanlıları-tanışlarımızı, qohumlarımızı ştatdankənar müxbir ampluasında öz media platformalarımızda işlətməliyik! “Dirçəliş” və “Yaşat” fondu, Silahlı Qüvvələrimizə Yardım Fondu üçün telemarafonlar təşkil etməliyik. Xarici dillərdə fikrini izah etməyi bacaranlarımız öz sosial hesablarından daha səmərəli istifadə etməlidir.

8. Haaqa Məhkəməsində Azərbaycanın gələcək uğuru üçün hər imkandan, o cümlədən sosial şəbəkələrdəki muxtar tribunalarımızdan istifadə etməliyik.

9. Dövlət olaraq ekoloji terrora məruz qaldığımızı bəyan etmişik. Tarixi abidələrimizin məhv edildiyi, müqəddəs məskənlərimizin murdarlandığı, darmadağın edildiyi göz qabağındadır. Amma biz fərdi qaydada da ifşa, pisləmə, məhkumetmə addımları atmalıyıq. Petisiyalar təşkil edilməsini təmin etməli və bu prosesi ardıcıl olaraq işıqlandırmalıyıq.

10. Ermənistanın rəhbərliyini-ərazimizdə törətdiyi hərbi cinayətlərə görə məhkum etmək üçün savadlı, mütəşəkkil mübarizə aparmalıyıq. Media burda əsas platformamız olmalıdır.

11. Vətəndaşlarımızın yeni dövr üçün dəyişməli, qazi və şəhid ailələrinə qayğının yalnız rəsmi strukturların problemi olmadığını, bizim də bu istiqamətdə atmalı olduğumuz addımları, bu xüsusi tarixi dönəmdə dövlət qurumlarını mümkün qədər az yükləməyə borclu olduğumuzu izah etməliyik. Klassikin məşhur sualının bu gün nə qədər taleyüklü olması təbliğ edilməlidir: “Soruşma Vətən sənin üçün nə edib, soruş ki, sən Vətən üçün nə etmisən!”

12. Pandemiya davam edir. Boşalmamağı, daxili intizamımızı daim formada saxlamağı, qapalı mühitdə maska taxmağı adi həyat tərzi tək təşviq etməliyik.

13. Sosial Şəbəkələrdə etdiyimiz paylaşımlara ciddi yanaşmağı, bunun bir dövlət xidməti olduğunu izah etməliyik. Düşmən mürgüləmir.

14. Regionda, xüsusilə qonşu dövlətlərdə baş verənləri, yaxud bu öıkələrlə bağlı Azərbaycanın kursunu Qoşulmama Hərəkatındakı mövqemizə uyğun işıqlandırmalıyıq.

15. Sosial Şəbəkələr Ən Yeni tariximizin təqdimatında ciddi təhriflərə yol verir. Doxsanıncı illərin tənəzzül və xaos dövrünün işıqlandırılmasına xüsusi yer ayrılmalıdır. Ən Yeni tariximizin uğursuz personajlarının dürüst tanıdılması bütün medianın işi olmalıdır.

Mənim Mediaya təklif etdiyim tezislər bunlardır. Həmkarlarımı tezis mübadiləsinə dəvət edirəm.

MİRŞAHİN