MİLLİ İMZALAR VƏ KOLLEKTİV PAŞİNYANLAR

Zəngəzur döyüşünün məqsədini və nəticəsini sorğulayanlara!

İlk növbədə Azərbaycan mediasına, peşəkar və milli imzalara, çox dəyərli hərbi və beynəlxalq münasibətlər üzrə ekspertlərimizə təşəkkür edirəm.

Bəli, ZƏNGƏZUR DÖYÜŞLƏRİ Ermənistanla tarixi və hərbi konflikt kontekstində tamamilə yeni mərhələ idi. Hətta 44 günlük savaşda belə etmədiyimiz şəkildə Ermənistan ərazisindəki hərbi hədəfləri vuraraq düşmənin atəş nöqtələrini susdurur, hərbi texnikasını, infrostrukturunu, şəxsi heyətini sıradan çıxardırdıq. Onların hər biri legitim hədəf idi ona görə ki, ərazilərimizə, postlarımıza, şəxsi heyətimizə məhz həmin məntəqələrdən atəş açılır, hücum edilirdi.

Hər zaman dediyimiz oldu: Qarabağ münaqişəsi bitib və əgər Ermənistan yeni eskalasiya yaradarsa, savaş Azərbaycan ərazilərində getməyəcək. Bu, sübut olundu. Ermənistanın Zəngəzurda yerləşdirdiyi hərbi obyektlər böyük ölçüdə şumlandı. Silahlı Qüvvələrimiz kimi, Qələmli Qüvvəllərimiz də Zəngəzur savaşında əzm və rəşadət göstərdilər. Düşmən mediasını davamlı izləyirdim. Bizim jurnalistlər və ekspertlər daha peşəkar və mütəşəkkil şəkildə çalışdılar. İş o yerə çatdı ki, Nikol Paşinyanın açıqlamasına Ermənistan MTN düzəliş vermək zorunda qaldı. Bəli, illərlə etibarsızlaşdırılan, təhqir olunan, linç edilən bizlər böyük bir iş bacardıq.

Zəngəzur savaşı həm də Azərbaycandakı və Azərbaycandan kənardakı "kollektiv paşinyanları" üzə çıxardı. Xaricdəkilər məlum, Azərbaycanın legitim hərbi hədəfləri məhv etməsini, 71 şəhidimizin qisasını almasını "Ermənistana təcavüz" adlandırır, Azərbaycanın haqq davasına "Putin Əliyevin əli ilə Paşinyanı cəzalandırır" sayaq şərəfsiz şərhlər verirdilər.

Paşinyanizm AXCP və Müsavat rəhbərliyinin timsalında Azərbaycanın siyasi spektrində də boy göstərdi. Şəhidlərimiz barədə xəbər yayılan kimi, Əli Kərimlinin ağlı 90-cı illərə getdi. Canlı qüvvə, hərbi texnika və ərazi itkilərindən siyasi hakimiyyətə qarşı istifadə edir, kütləvi aksiyalar düzənləyir, son nəticədə vəziyyətin toparlanmasına yardımçı olmaq əvəzinə Qarabağ şüarları ilə hakimiyyəti qamarlamaq istəyirdilər.

Bu dəfə qursaqlarında qaldı.

Azərbaycan ordusunun Ermənistanın hərbi obyektlərini şumladığı bəlli oldu. Müsavat partiyasının başqanı isə eynilə AXCP sədri sayaq fürsəti fövtə vermədən soruşurdu: "Məqsəd nədir? Nəticə nədir?" Bu sualı verən təcrübəsiz, məlumatsız, nadan bir tip deyil, milyonlarca iştirakçısı olmuş siyasi proseslərin idarə olunmasında xüsusi rolu olan, keçmiş hakimiyyətin sosial bazasına arxalanan əsas siyasətçilərdən biri idi. Məqsəd torpaqlarımızı, ərazi bütövlüyümüzü, Silahlı Qüvvələrimizin şəxsi heyətini və texnikasını, diplomatik masadakı üstün mövqeyimizi erməni diversiyasından qorumaq idi.

Bunu etməməli idikmi?

Azərbaycan hakimiyyyətinin əməliyyat barədə bəlli səbəblərdənn danışmaq istəməməsinin özü əks hücumda hansı nəticələr əldə olunduğuna işarə deyilmi?

Yuxarıda dediyim kimi, Zəngəzur döyüşləri yeni mərhələdir. Bu mərhələ əvvəlki dövrlərdən kəskin fərqlənəcək. Milli imzaları, milli qüvvələri və milli hədəfləri gözdən salmaq, linçə və təqibə məruz qoymaq üçün üstümüzə çox yerdən saldıracaqlar.

Möhkəm olmalıyıq!

Bu dava başsız olmasa da- lider, strateq İlham Əliyevdi, Nəcib Fazilin dediyi kimi, bir çoxları üçün xor, bizim üçünsə qutsal və böyükdür.

Böyük işlər bizi gözləyir!

Taleh ŞAHSUVARLI