Ermənistana göndərilən missiya ATƏT-i münaqişə katalizatoruna çevirir Ermənistana göndərilən missiya ATƏT-i münaqişə katalizatoruna çevirir

ATƏT “filin dişisi” rolunda - ANALİZ

Ermənistana göndərilən missiya ATƏT-i münaqişə katalizatoruna çevirir

ATƏT rəsmi İrəvanın dəvəti ilə Ermənistana Azərbaycanla sərhədyanı bölgələrində “ehtiyacların qiymətləndirilməsi” üçün xüsusi qrup göndərəcək.

Bu barədə qurumun mətbuat xidməti məlumat verib və hazırda Ermənistan rəhbərliyi böyük intizarla ATƏT missiyasını İrəvana gətirəcək təyyarəni gözləyir.

Açıqlanan rəsmi mövqeyə görə, səfərin məqsədi ATƏT-in inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində onun mandatı və təcrübəsi əsasında müəyyən sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir.

Ekspertlərdən və ATƏT katibliyinin nümayəndələrindən ibarət olacaq texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyu ərazilərə səfər edəcək, eləcə də yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşəcək.
Əgər diqqət edirsinizsə, ATƏT-in “səbəbi-ziyarət”lə bağlı yaydığı açıqlamada üç son dərəcə ziddiyyətli məqam var.

Birinci ziddiyət qrupun mandatı ilə bağlıdır. ATƏT-in heç bir kollegial orqanı Ermənistana qiymətləndirici heyət göndərilməsi barədə müzakirə aparmayıb və bu yöndə qərar qəbul etməyib.
İkincisi, yerlərdə Ermənistandan savayı beynəlxalq tərəfdaşlar kimdir ki, ATƏT onunla məsləhətləşmələr aparmaq istəyir? Əgər söhbət ATƏT-ə üzv olan Azərbaycandan gedirsə, rəsmi Bakı belə bir qrupun təşkilinə razılıq verməyib, fəaliyyətinə şərait yaratmaq öhdəliyi götürməyib və onun hazırlayacağı hər hansı hesabatı nəzərdən keçirmək fikrində deyil.

Bu rəsmi mövqe Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda çox aydın əks olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkəti beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə ziddir.

Rəsmi Bakı yada salır ki, 2005 və 2010-cu illərdə Azərbaycan o zaman işğal altında olan ərazilərinə ATƏT-dən bir neçə dəfə missiya göndərilməsini xahiş edib. Lakin Ermənistanın aşkar destruktiv mövqeyi üzündən ATƏT çərçivəsində bu barədə konsensus əldə olunması illər çəkib. Azərbaycanın işğal olunmuş ərazilərində saysız-hesabsız qeyri-qanuni fəaliyyət, o cümlədən bu ərazilərdə qanunsuz məskunlaşma faktları nəzərə alınaraq, 2020-ci ilə qədər Azərbaycanın növbəti belə missiyası ilə bağlı müraciət edib və yenə də Ermənistanın müqaviməti nəticəsində missiyanın formalaşdırılması baş tutmayıb.

Göründüyü kimi, ATƏT Azərbaycanın bənzər təşəbbüslərinin önünə birgə müzakirə və konsensus baryeri qoyduğu halda, Ermənistanın çağırışına dərhal və sözün əsl mənasında özbaşına qərar verib. Bu isə, ilk növbədə ATƏT-in adında da əks olunan “əməkdaşlıq” fəlsəfəsinə kökündən zidd addımdır.

Üçüncüsü, ATƏT-in Ermənistana yollanacaq missiyası “ehtiyacların qiymətləndirilməsi” adlanır. Bütün vicdanlı ekspertlərə və 30 il boyunca Azərbaycan torpaqlarının işğal altında qalmasında vicdanlı yanaşma sərgiləməmiş beynəlxalq təşkilatlara yaxşı məlumdur ki, hazırda Ermənistanın ehtiyacı qonşu dövlətə ərazi iddialarını davam etdirmək üçün yeni status-kvo yaratmaqla bağlıdır. Bu isə, ATƏT-in təməl prinsiplərinə zidd olmaqla bərabər həmin qurumun məsuliyyət zonasında təhlükəsizliyi təhdid edən əsas amillərdən biridir. İndi ATƏT bu işdə Ermənistana texniki yardım göstərməklə Cənubi Qafqazda sülhün əldə olunmasına qarşı çıxış edir və öz təməl prinsiplərini pozaraq təhlükəsizlik təşkilatından savaşların katalizatoruna çevrilir.

Oktyabrın əvvəllərində Praqada Azərbaycan, Fransa və Avropa İttifaqının Nazirlər Şurasının prezidentləri və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Avropa İttifaqının Ermənistana 40 nəfərlik müşahidəçi missiyası göndərməsi razılaşdırılmışdı. Bu missiya artıq Ermənistandandır və Azərbaycanla sərhəd bölgəsində monitorinq aparır. Sual olunur: ATƏT-in missiyası həmin qrupdan fərqli nə araşdıracaq, hansı fərqli işləri görəcək? Əgər predmet və məzmun eynidirsə, onda ATƏT-in bu qədər xərc və “zəhmət” çəkməsinə nə hacət vardı? ATƏT-in sözügedən missiyası bölgəyə “filin dişisi” rolunu oynamaq üçün gəlir?

Məsələyə geniş rakursdan baxdıqda bu sualın cavabını Ermənistanın yeni himayədar axtarışında və Rusiya hərbi bazalarını ərazisindən çıxarmaq üçün zəmin hazırlamaq cəhdlərində tapmaq olar. İstər Avropa Birliyindən, istərsə də ATƏT-dən missiya çağırmaqla Ermənistan üzvü olduğu KTMT-nin nüfuz dairəsinə yeni hərbi kontingent yerləşdirməyi hədəfləyir. Bu plan eyni zamanda Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidmətinin qorumalı olduğu “Zəngəzur dəhlizi”nin açılmasına qarşıdır. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata görə, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında MANEƏSİZ KEÇİD təşkil etməlidir. Bu dəhlizi açmaq istəməyən Ermənistan hətta sülh danışıqlarından tamamilə çəkilmək avantürasına da gedə bilər. Bu zaman üzləşəcəyi hərbi təhdidlərə qarşı “kollektiv Qərb”i sipər etmək istəyir.

Ancaq məsələ ondadır ki, Qərb-Rusiya qarşıdurmasında Azərbaycan hər iki tərəf üçün Ermənistandan qat-qat vacib, faydalı və sabit tərəfdaşdır. Nikol Paşinyan isə beynəlxalq güclərin Cənubi Qafqazdakı maraqlar ziddiyyətindən kənara çıxmağı bacarmır və müxtəlif qütblər arasında manevr edərək son nəticədə beynəlxalq Soros şəbəkəsindən aldığı sifarişləri yerinə yetirir. Məhz bu şəbəkə erməni diasporu ilə ortaq hərəkət edərək Azərbaycana qarşı beynəlxalq təzyiq rıçaqları formalaşdırmağa və Azərbaycanı güclü lider faktorundan məhrum etməyə çalışır. Zaman-zaman bu məqsədlə “insan hüquqları”, “media azadlığı”, “demokratik seçkilər” kimi ATƏT-in üçüncü zənbilinə yerləşdirilmiş anlayışlardan istifadə edən “Soros & Diaspor Co” hazırda Azərbaycanı təcavüzkar dövlət kimi tanıtmaqla 44 günlük savaşın yaratdığı reallığı dəyişməyə çalışır. Ancaq unutduqları mühüm, çox mühüm bir məqam var. Ermənistandan fərqli olaraq Azərbaycan kvazi dövlət deyil!

Taleh ŞAHSUVARLI