Dövlətin meritokratik kadr siyasətinin önündə olan nepotizm elementləri Dövlətin meritokratik kadr siyasətinin önündə olan nepotizm elementləri

DTX-nın Mədəniyyət Nazirliyindəki ikinci əməliyyatı: Anar Kərimov niyə Əbülfəs Qarayevdən fərqli olmadı?

Dövlətin meritokratik kadr siyasətinin önündə olan nepotizm elementləri

Noyabrın 1-də Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, əməliyyat zamanı nazirliyin ən azı 14 məsul əməkdaşı saxlanılıb. Nüfuzlu “Trend” İnformasiya Agentliyi Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin və digər vəzifəli şəxslərin istintaqa cəlb olunduğu barədə informasiya yayıb. Əməliyyat nəticəsində sözügedən nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov, Protokol Şöbəsinin rəisi Kamil Rzayev də DTX-ya aparılıb.

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir”- bu isə DTX-nın 8 may 2020-ci ildə yaydığı açıqlamadır. İki il əvvəl də DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş, nazirliyinin bir sıra rəhbər şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramovu və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilmişdi. Məhz bu əməliyyatdan bir qədər sonra- 21 may 2020-ci ildə nazir Əbülfəs Qarayev dövlət başçısı tərəfindən vəzifəsindən azad olunmuşdu.

Nazir karyerası 1994-cü ildən başlayan Əbülfəs Qarayev Azərbaycan iqtidarının ən köhnə simalarından biri idi. O, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri, 2018-ci ildən isə Mədəniyyət naziri postunu tuturdu. DTX-nın keçirdiyi əməliyyat və bu əməliyyatdan sonra nazirin işdən azad olunması cəmiyyət tərəfindən böyük təqdirlə qarşılandı ona görə ki, hakimiyyətin elan etdiyi islahatlar kursunun dərinləşməsi üçün korrupsiyadan uzaq yeni fiqurların önünün açılması zəruri idi. Öz karyerasına diplomat kimi başlamış və 2014-cü ildə ölkəmizin YUNESKO-da daimi nümayəndəsi təyin edilmiş Anar Kərimov məhz islahatların kadr bazasını möhkəmləndirmək üçün Mədəniyyət nazirliyinə rəhbər gətirildi. 20 iyul 2020-ci ildə Prezidentin müvafiq sərəncamları ilə o, Mədəniyyət nazirinin birinci müavini təyin olundu, eyni zamanda Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti aldı. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə Mədəniyyət naziri portfeli rəsmən Anar Kərimova verildi.

Mədəniyyət Nazirliyinin hazırda DTX tərəfindən istintaqa cəlb olunan vəzifəli şəxsləri məhz onun kadrlarıdır. Nazirin iki birinci müavinindən (!) biri olan Elnur Əliyevin müvafiq vəzifəyə təyin olunmasının ili yenicə tamam olub. Cəmi bir il ərzində DTX-nı yenidən Mədəniyyət Nazirliyinin inzibati kabinetlərində əməliyyat aparmağa vadar etmək haradan baxılsa, dövlət siyasətinə açıq xəyanətdir. Dövlət öz strukturlarını yeniləmək, korrupsiyadan təmizləmək və müasir dövrün tələblərinə uyğun vətəndaşa xidmət mərkəzləri formalaşdırmaq istəyir, ancaq vəzifəyə təyin olunan bəzi yeni kadrlar “dövran indi bizimdir” deyə onlara həm dövlət başçısı, həm də cəmiyyət tərəfindən göstərilən etimaddan yox, şəxsi maraqlarından çıxış edirlər. Budur, Demokrat.az saytının yaydığı xəbərə görə, DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov digər saxlanılan Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin yaxın qohumu, daha dəqiqi, xalasıoğludur. İki xalaoğlunun eyni nazirlikdə yüksək vəzifədə çalışması tipik nepotizm nümunəsi olmaqla, dövlətin apardığı islahatlara və yürütdüyü meritokratik siyasətə kökündən zidddir. Bu halların və nepotizmdən doğan fəsadların qarşısını almaq isə məhz Mədəniyyət nazirinin borcu idi. Çox təəssüf ki, deyilənə görə DTX-nın keçirdiyi əməliyyat zamanı nazirliyin binasında olmayan Anar Kərimov hələ də cəmiyyətin qarşısına çıxaraq baş verənlərə aydınlıq gətirməyib. Nazirliyin İctimai əlaqələr departamenti isə jurnalistlərin suallarına cavab verməkdən yayınmağın yolunu telefonları açmamaqda tapıblar. Məgər budur “müasir krizis menecmenti”?

Müşahidəçilərin ümumi yanaşmasına görə, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi dövlətin siyasətinə və islahatçı komandanın uğurlarına elə bir ciddi töhfə verə bilməyib. 44 günlük İkinci Qarabağ savaşından sonra Mədəniyyət Nazirliyi az qala Müdafiə Nazirliyi qədər strateji quruma çevrilib, lakin düşmənin Azərbaycana qarşı “erməni mədəni irsi” üzərindən gerçəkləşdirdiyi həmlələrin qarşısına çıxa bilməyib. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana etdiyi son səfərində “Qarabağ xanlığının irsi” adlı sərgidə iştirak etdi və bununla ermənilərin “Artsax”propoqandasına sarsıdıcı zərbə vuruldu. Ancaq müharibədən sonra keçən iki il ərzində Mədəniyyət Nazirliyi Qarabağ xanlığının irsini, 30 il işğal altında qalmış torpaqlardakı real mənzərəni, Qərbi Zəngəzurdakı abidələrimizi, BÖYÜK QƏLƏBƏmizi mədəni siyasət texnologiyaları ilə sistemli şəkildə dünyaya təqdim etmək üçün hansı proqramlar hazırlayıb və hansı silsilə tədbirlər təşkil edib? Sualın istisnasız olaraq mənfi cavabını o şərtləndirir ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi qurumun fəaliyyətində məzmun dəyişikliyi yarada bilməyib. Bunun arxa planında nazirlikdə zəngin mədəniyyətimizə, keşməkeşli tariximizin fəlsəfəsinə bələd olan, hakimiyyətin islahatlar kursunun mahiyyətini mənimsəyən, cəmiyyəti tanıyan bir komandanın olmaması dayanır.

Bir sıra millət vəkilləri və ictimai xadimlər dəfələrlə müxtəlif tribunalardan yada salıblar ki, Azərbaycanın QHT və media sektorunda dövlətə bağlı, prezidentə sədaqətli, ictimai-siyasi proseslərin içində “bişmiş” müasir dünyagörüşlü xeyli sayda fəal var. Onlar istər öz nəzəri bilikləri, istərsə də praktiki bacarıqları ilə dövlət təşkilatının ən müxtəlif qanadlarında təmsil olunmağa layiqdirlər. Hətta yaşları da hakim elitanın orta yaş əmsalına uyğundur. Lakin zaman keçir və müstəqillik dövründə formalaşan bu ciddi potensial dövlətin meritokratik kadr siyasətinin önündə olan nepotizm elementləri qarşısında idarəçiliyə, inzibati binalara yol tapa bilmir. Siyasi hakimiyyət bu potensialdan doğru istifadə edərsə, DTX-nın müxtəlif dövlət qurumlarında əməliyyatlar keçirməsinə də ehtiyac yaranmaz.

AzNews.az