"Xarici agentlər haqqında" qanun qəbul etməliyik

Amerika Birləşmiş Ştatlarında hazırda ən çox müzakirə olunan məsələlərdən biri “Xarici Agentlər haqqında” qanuna (Foreign Agents Registration Act- FARA) əsasən bir sıra tanınmış simaların qeydə alınmasıdır.

Bu qanun ABŞ-da 1938-ci ildə qəbul olunub və zaman-zaman müxtəlif düzəlişlərə məruz qalıb.
Xarici agentlərin qeydiyyat sisteminə ABŞ-ın Ədliyyə nazirliyinin tabeçiliyindəki Təhlükəsizlik İdarəsi nəzarət edir.

Kimlər bu qanuna əsasən “xarici agent” sayılır?

Söhbət xarici dövlətlərin kəşfiyyatları tərəfindən birbaşa ələ alınaraq ABŞ əleyhinə casusluq fəaliyyəti göstərənlərdən getmir.

Akta görə, xarici dövlətlərin hökumətlərindən, siyasi liderlərindən, partiyalarından və fondlarından maliyyə yardımı alan və onların maraqlarlna xidmət göstərən şəxslər “xarici agent” sayılır.

“Xarici agent” kriteriyasına uyğun şəxslər rəsmi qeydiyyatdan keçməli, öz fəaliyyətləri barədə hesabat verməli, qazanclarını bildirməlidirlər.

“Xarici agent” kimi fəaliyyət göstərmək cinayət məsuliyyətinə səbəb olmur. Lakin bu qanunun qüvvəsi altına düşənlər qeydiyyatdan keçmədiyi və ya yalan məlumatlar təqdim etdikləri halda həm cinayət məsuliyyətinə, həm də böyük məbləğdə cəriməyə məruz qala bilərlər.

Bənzər qanun 2012-ci ildə Rusiyada da qəbul olunub.

2014-cü ildə Ukraynada da xarici agentlərin fəaliyyətini tənzimləyən qanunlar qəbul olunub.

Başqa nümunələr də var.

Bütün nümunələr ölkələrdə açıq şəkildə fəaliyyət göstərən xarici agentlərin fəaliyyətini leqallaşdırmaq üçün rəsmi prosedurların tətbiqini tələb edir.

Azərbaycan qanunvericiliyində də milli maraqlarımıza neqativ təsir edə biləcək halların yasaqlanması üçün müəyyən müddəalar var.

Lakin bütün bunlar yetərli deyil.

Azərbaycanda ən müxtəlif dövlətlərin “5-ci kolon”ları mövcuddur.

Bu cür qrupların fəaliyyətinə nəzarət etməyin ən yaxşı yolu ABŞ-ın FARA təcrübəsinə əsasən “Xarici Agentlərin Reyestri haqqında” qanun qəbul edilməsidir.

Ölkədə xarici dövlətlərin siyasi qüvvələrinə və bağlılığı olan şəxslər, ölkədə qeydiyyatdan keçmədiyi halda xarici donorlardan maliyyə alan QHT və media subyektləri rəsmi şəkildə nəzarətə götürülməlidir.
Bu barədə ictimai müzakirələr açılmasına və qanun layihəsi hazırlanmasına ehtiyac var.
Əks halda, ölkəni 5-ci kolonlardan təmizləmək mümkün olmayacaq.

Taleh ŞAHSUVARLI