"Ermənistan Azərbaycan dövlətini buna məcbur edir" "Ermənistan Azərbaycan dövlətini buna məcbur edir"

"Anti-terror əməliyyatları qaçılmazdır" - Hərbi ekspert

"Ermənistan Azərbaycan dövlətini buna məcbur edir"

"Ermənistan heç bir zaman götürdüyü öhdəliyi yerinə yetirməyib, razılaşmalara əməl etməyib. Əgər əməl etsəydi, bu münaqişə çoxdan həll olunardı".

Bunu martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribatla bağlı AzNews.az-a açıqlamasında “Qardaşlığımız əbədidir” QHT koalisiyasının rəhbəri, hərbi ekspert Emin Həsənli deyib.

O bildirib ki, Ermənistan 30 ilə yaxın sülh danışıqları aparıldı, Birləşmiş Millətlər Təşiklatının qətnaməsini yerinə yetirmədi, beynəlxalq çağırışlara məhəl qoymadı:

"Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistanı məcbur etdi. Ondan sonra da ard-arda bir neçə öhdəlik götürdü. Xüsusən Qarabağdan separatçıların çıxması öhdəliyini yerinə yetirmədi. Brüsseldə, Vaşinqtonda, Rusiyada aparılan danışıqlara əməl etmədi. Bu məsələ sonsuza qədər belə davam edə bilməz. Ona görə də anti-terror əməliyyatları qaçılmazdır".

Hərbi ekspert deyib ki, Azərbaycan tərəfi davamlı şəhid verə bilməz:

"Keçən ilin sentyabrında da Ermənistan tərəfi təxribatlar törətdi, bu il də törədir. Hər zaman da törədilən təxribatları Azərbaycanın üzərinə yıxır. Azərbaycan bir dəfə əks hücuma keçdi, onda da torpaqlarını azad etdi".

E. Həsənli rəsmi Bakının bundan sonra atmalı olduğu addımlar barədə danışarkən qeyd edib ki, Azərbaycan birdəfəlik anti-terror əməliyyatları keçirib orada pasport rejimi tətbiq etməlidir:

"Atəşkəsin pozulması Azərbaycanın nəyinə lazımdır? Bu məsələ belə davam etsə, Qarabağdan işğalçıları birdəfəlik təmizləyib pasport qeydiyyatı keçirilməlidir. Daha sonra Azərbaycanın vətəndaşlığını qəbul edən, 1991-ci ilə qədər orada yaşayan şəxslər və övladları əgər Azərbaycan dövlətinə qarşı separatçılıq fəaliyyəti ilə məşğul olmayıb, əsirlərə işgəncə verməyiblərsə, qalıb yaşaya bilərlər. Əks halda onlar Azərbaycan məhkəmələrində cavab verməli olacaq. Kimsə Ermənistan adlı dövlətdə yaşamaq istəyirsə, getsin orada yaşasın".

Ekspert sonda vurğulayıb ki, vəziyyət bu formada davam edərsə, Azərbaycan təhlükəsizliyini təmin etmək üçün bufer zona yaratmalıdır:

"Bununla bağlı ən son nümunəni qardaş Türkiyədə gördük. Onlar Suriya ərazisinə girib bufer zona yaratdı. Qazaxdan Naxçıvana qədər Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır, 15-20 km ərazidə bufer zona yaratmaq lazımdır ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi təmin edilsin. Ermənistan Azərbaycan dövlətini buna məcbur edir, başqa çıxış yolu qalmır".

Rəşid QARAYEV