Anarın kölgəsi və işığı

Bu gün Böyük Ustadın doğum günüdür.

Anarın, Birinci Anarın.

Rəsul Rzanın, Nigar Rəfibəylinin ailəsində dünyaya göz açmasından 85 il ötür.

Böyük Ustadla dünən görüşdük. Mətbuat Şurasının sədri Rəşad Məcid, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşovla birlikdə Yazıçılar Birliyindəki məqamını ziyarət edib təbriklərimizi çatdırdıq.

Maşallah, Anar müəllim yaxşı qalıb, gümrahdır, səliqəlidir, əqli baxımdan çevikdir.

Əminəm ki, 100 illik yubileyini özünün iştirakı ilə təntənəli şəkildə qeyd edəcəyik.

Biz ondan danışanda hər zaman ancaq adını çağırmışıq, “Anar” demişik.

Fərqi yoxdur, Anardan danışan ondan yaşlı olub, yoxsa cavan.

Daha yaşlılar ondan, sadəcə, adı ilə bəhs edəndə öz cərgəsində görüb- yetkinliyinə, bişmişliyinə, müdrikliyinə görə.

Yaşından hər zaman böyük olub.

Daha cavanlar, hətta çox cavanlar tərəfindən də adı ilə duyurulub.

Cəmiyyyətə reaksiyası, tövrü, idealları hər zaman yenilikçi olub.

Yaşından hər zaman gənc olub.

Bu gün də gəncdir.

Yaşından çox-çox gəncdir Anar.

Atası, Xalq şairi Rəsul Rza zəngin yaradıcılığı ilə Azərbaycan dilinin rənglər silsiləsini inkişaf etdirib. Bu sahədə onun yaradıcılığı əvəzolunmazdır.

Anası, Xalq şairəsi Nigar Rəfibəylinin poetik dünyası Azərbaycan qadınının düşüncə sistemidir. Bu yaxınlarda Nigar xanımın SSRİ dönəmində, DTK-nın qılıncının dalı da, qabağı da kəsən bir zamanda Türkiyə səfərinin təəssüratlarını əks etdirən oçerkini oxudum. Həm ədəbi dilimizin gözəlliyi, yazı fəndləri və dramaturgiyası, həm də ürək yanğısı və milli-mənəvi düşüncə baxımından o qədər möhtəşəmdir ki, təsirlənməmək, duyğulanmamaq, fəxr etməmək mümkün deyil.

Anar Azərbaycan ədəbi dilinin rənglərinin və zərafətinin dünyasına göz açıb.

Anar 85 illik ömrünü KÜBAR olaraq yaşayıb.

Rəfibəyli soyundan olan Nigar xanımın babası Ələkbər bəy 1905-ci ildə Gəncədə “Qeyrət” partiyasını yaratmış unikal bir vətənpərvərdir. Bu partiyanın önəmindən cəmiyyətimiz yetərincə agah deyil. Ələkbər bəy Rəfibəyli türk sosialist federalist partiyası- “Qeyrət”in yaradıcısı olaraq respublikaçılıq ideyasının banisidir.

Anar öz soyu, yaradıcılığı və ictimai fəaliyyəti ilə Azərbaycanda respublikaçılığın simgəsidir.

1860-cı illərdə Gürcüstanda intellektual bir çevrə meydana çıxdı. “60-cılar” adlanan o çevrə Gürcü millətinin formalaşmasında və respublikalaşmasında müstəsna rol oynadı. O nəsil obyektiv və subyektiv səbəblərdən bizdə 19-cu əsrdə formalaşmadı. Ancaq 20-ci əsrdə ortaya çıxan və istər publisist, yazıçı və ssenarist, istərsə də ictimai xadim olaraq ən böyük siması Anar olan “60-cılar” Azərbaycanın yenidən müstəqilləşməsini hazırlayan və ayaqda saxlayan əsas yaradıcı çevrə oldu.

Anar müəllim sözün əsl mənasında və bütün anlamlarında AYDIN şəxsiyyətdir.

Tarixi şəxsiyyətlərin varlığı kölgə yaradır, içi işıqlı olur.

Anar müəllim kölgəsi qalın kişidir.

Anar müəllim işıqlı adamdır.

Anar müəllimin kölgəsini qılınclayanlar onun işığından qorxanlardır.

Keçmişdə də belə olub, bu gün də belədir, sabah da belə olacaq.

Ustad yazıçının yaratdığı bir obraz var, Məmmədnəsir, xatırlayacaqsınız.

Özü ilə nərd oynayan adam.

Hardan ağlımda ilişib qalıb, bilmirəm, amma bu obraz mənə həmişə Mirzə Fətəli Axundovu xatırladır.

Düşüncəmizə “millət” anlayışını gətirən Axundov mübahisə və müzakirə etməyə kimsə tapmadığından Kəmallüdövlə və Cəmallüdövlənin adından özüylə məktublaşırdı.

Anarın yazıçı masştabının böyüklüyü ondadır ki, ona keçmişdən də, bu gündən də, gələcəkdən məktub yazmaq, dərdləşmək, bölüşmək, məsləhət almaq olar.

Anarın şəxsiyyət masştabının böyüklüyü ondadır ki, o məktublara hər zaman özü cavab verəcək.

Çünki Anar milli və sekulyar düşüncəmizi qırılmağa qoymayan şəxsiyyətlərdəndir.

Ənənələri yaşadan və inkişaf etdirən şəxsiyyətərdir.

Anar kimi...

Taleh ŞAHSUVARLI