Novella Cəfəroğlu və samovar küllüyündə eşələnənlər...

Azərbaycanda vətəndaş cəmiyyətinin qurucularından olan, insan haqlarının yorulmaz müdafiəçisi, ölkəmizdə qadın hüquqlarının müdafiə məktəbini yaratmış Novella Cəfəroğlu hədəfdədir.

Müxalif sektorda qalanan samovarın küllüyündə eşələnənlər el ağbirçəyini, vətəndaşlıq və ziyalılıq örnəyini, bütöv Azərbaycan sevdalısını linç edirlər.

Kimdir linç edənlər?

Kim olacaq, ən dar günlərində Novella Cəfəroğlunun ətəyinə sığınanlar, maddi və mənəvi himayəsindən bəhrələnənlər, "Rəsulzadə-Elçibəy yolu gedirik" deyibən AXC liderini ölüm yatağında söydürənlər, təhqir etdirənlər. Qabaqlar müsavatçılar belə linç kampaniyalarından uzaq durardılar, indi onların da axırı itib, Əli Kərimlinin troll dəstəsindən qabaq daşa cumurlar.

Yel qayadan bir şey qoparırmı?

Əsla!

Sosial şəbəkələrdə Azərbaycanın tanınmış qələm sahibləri, ictimai və siyasi xadimləri, QHT liderləri bir andacaq Novella xanıma qahmar çıxdılar. Bir bu adamların keçdiyi yola, sahib olduqları bioqrafiyalara, ictimai çəkisinə baxın, bir də özünüzün marginal çevrənizə və olmayan sambalınıza, küllükdə eşələnlər!

Bu linç kampaniyasının təşkilatçılarından biri "Müdafiə xətti"idir.

Bu xəttin qurucularının hansı mənəviyyat və əxlaq sahibi olduqlarını bütün Azərbaycan görür, bilir artıq.

Hacıyevlərin ən məşhurunun belə Əli Kərimliyə etmədiyi, ünvanlamadığı söyüşlər bunların samovarında qaynayır.

Öz üzvlərinin birinin iddiasına görə, 32 min evro qrant alıblar.

Bu, hələ üzə çıxan məbləğdir, yəqin ki, daha böyük summalar da var.

Bu qrantlar Azərbaycan qanunvericiliyinə əsasən qeydiyyatdan keçirilibmi?

Hüquqdan, qanun aliliyindən danışanlar, qanunlara əməl edib nədən aldıqları qrantları qeydiyyatdan keçirmirlər?

"Müdafiə xətti"ndəkilərin bir çoxu bəyan edir ki, alınan qrantlardan xəbərləri yoxdur.

Bir təşkilat öz üzvlərindən belə aldığı qrantı gizləyirsə, nə haqla, hansı haqla, hansı üzlə çıxıb cəmiyyətə şəffaflıq moizəsi oxuya bilər?

Özləri iddia edirlər ki, alınan vəsait təyinatı üzrə xərclənməyib, Gəncə otellərində eyş-işrətə sərf olunub.

Küllükdə eşələnənlər, ictimai maraqların keşiyində velə durursunuz?

Budurmu ictimai məsuliyyət?

Azərbaycanın hüquq-mühafizə orqanları 32 min avrosu üzə çıxan qrantları araşdırmalı, onun dövlətdən və cəmiyyətdən gizlədilməsinə, təyinatı üzrə xərclənməməsinə hüquqi qiymət verməlidir.

Qayıdıram Novella xanımın linç edilməsinə.

Əvvəla, iki gündən bir hay salırsınız ki, filankəs şərlənib həbs olunub.

Bir hüquqşünas və hüquq müdafiəçisi məhkəmə istintaqı aparılmadan və məhkəmə qərarı olmadan belə bir hökmü necə çıxara bilər?

Qadınların cinsi ayrıseçkiliyə, diskriminasiyaya, qısnamaya məruz qalmasının, intim görüntülərinin qeydə alınmasının, saxlanılmasının və şantaj məqsədi ilə istifadə olunmasının cinayət tərkibi yaratdığını bir hüquqşünas necə bilməyə bilər?

Bəli, insan hüquqları əxlaqi dəyərlər üzərindən deyil, fərdin hüquq və azadlıqları kontekstində müdafiə olunur. Elə bu səbəbdən də ən qatı cinayətkarların, seksual manyakların, terroristlərin belə insan haqları qorunur və qorunmalıdır- ilk növbədə dövlət tərəfindən.

Ancaq bu, insan hüquqlarının müdafiəçiliyinin etik təməllərdən məhrum olması anlamına gəlmir.

Əgər bir insan fəaliyyət göstərərkən özünə və başqalarına insan olaraq yanaşmayıbsa, yəni özünü və başqalarını məqsəd kimi yox, vasitə kimi görübsə, fəaliyyəti əxlaqlı olmayıb.

Bax, bu əxlaqsızlığı müdafiə etmək mümkün deyil.

Novella Cəfəroğlu da təcrübəli insan hüquq müdafiəçisi olaraq bunu deyir.

Taleh ŞAHSUVARLI