Bu gün Əlimərdan bəy Topçubaşovun 160 yaşı tamam olur Bu gün Əlimərdan bəy Topçubaşovun 160 yaşı tamam olur

İstiqlala can atan xalqın gerçək lideri

Bu gün Əlimərdan bəy Topçubaşovun 160 yaşı tamam olur

Millət- kapitalizmin üzə çıxardığı toplumdur. Millətləşmənin üç əsas mərhələsi var: mədəni, siyasi və dövlət millətləşməsi. 20-ci əsrin əvvəllərində millətləşmə prosesimizin hər üç mərhələsində Əlimərdan bəy Topçubaşov var.

Bu gün onun dünyaya gəlməsindən 160 il ötür.

Topçubaçov çar hakimiyyəti qarşısında xalqımız adına ilk siyasi tələb irəli sürən və bununla siyasi millətləşməyə start verən nəhəng tarixi şəxsiyyətdir. O, başa düşürdü ki, şimali Azərbaycan xanlıqlarının ərazisi böyük bir imperiya üçün ucqardır və burada yaşayan xalqın hüquqlarını təkcə təhsildən uzaq salınmış, hərbi vərdişləri yox edilmiş, siyasi baxımdan təşkilatlanmamış toplumun öz gücünə həll etmək mümkün deyil. Xüsusən Qafqazda digər torpaq iddiaçıları da varsa, millətləşmə prosesi ciddi konfliktlərlə müşayiət olunacaq. Nəticədə o, erməniləri və gürcüləri kölgədə qoymaq üçün Rusiyanın müsəlman və türk təbəələrinin ümumi gücündən istifadə etməyi düşündü. Bu, möhtəşəm bir strategiya idi. Tarixçi Dilarə Seyidova çox haqlı olaraq Topçubaşovu Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu ilə yanaşı 20-ci əsrin əvvəllərindəki üç MİLLİ İDEOLOQumuzdan biri sayır. Fəqət Ağaoğlu və Hüseynzadə fiziki və ideoloji planda Osmanlıya üz tutdular. Milli davanın bütün yükü Topçubaşovun üzərinə düşdü. O, Azərbaycan etno-politik hərəkatının lideri olmaqla bütün Çar Rusiyasında müsəlmanların və türklərin haqq bağıran səsi, ələmdarı idi. "Viborq bəyannaməsi"ni imzalayaraq çara meydan oxuduğu üçün imperiyanın qəzəbinə tuş gəlmiş, bütün karyerası məhv edilmiş, 3 aylıq da olsa, həbsə atılmışdı. Bütün məhrumiyyətlərə baxmayaraq davasından vaz keçmədi.

1917-ci ildə Rusiyada baş verən "fevral inqilabı" xalqımızın müqəddəratı baxımından yeni səhifə açdı. Çar istibdadı bitmişdi. Nə etməli? Bu suala cavab üçün Qafqaz müsəlmanlarının qurultayı təşkil olundu. Qurultayın əsas təşkilatçısı və idarəçisi Əlimərdan bəy idi. Azərbaycan Xalq Cümhuriyyətini elan edən milli iradə məhz Topçubaşovun sayəsində və zəhməti ilə bu qurultayda formalaşmışdı. Xatırladım ki, həmin dövrdə ermənilər və gürcülər də öz qurultaylarını keçirmişdilər. İstiqlalın astanasında olan xalqımız milli komitələr şəklində təşkilatlanır və bu prosesə bilavasitə Topçubaşov rəhbərlik edirdi. 1917-ci ilə qədər gizli dərnək kimi fəaliyyət göstərən partiyalar və onların rəhbərləri siyasi çaplarına, xarizmalarına, bilik və təcrübələrinə görə Topçubaşovla eyni səviyyədə deyildilər. AXC liderləri haqqında alman diplomatlarının hazırladığı məxfi sənəddə bu fərq açıq ifadə olunurdu. Həmin sənəddə Topçubaşov Qafqaz müsəlmanlarının ən nüfuzlu və təcrübəli siyasi xadimi kimi xarakterizə olunur və onun "qatı anti-erməni" olması vurğulanırdı.

Bəli, Topşubaşov milli istiqlala can xalqın şəksiz və şəriksiz lideri idi. Qafqaz Müsəlmanları Qurultayında əvvəllər mənsub olduğu və çardan sonrakı Rusiyanı "unitar dövlət" kimi görmək istəyən KADET-lərlə yollarını ayırdığını bəyan etdi. Bu addım Topçubaşovun istiqlal hədəfini açıq göstərirdi. 1918-ci ildəki Bakı qırğınlarından sonra daşnak və bolşevik hökuməti- Şaumyan onu həbs etdirdi, ancaq bir müddət sonra azadlığa buraxmalı oldu. Fəqət həmin il Tiflisdə elan edilmiş Zaqafqaziya Federativ Respubliksının çox yaşamayacağı, Azərbaycanın istiqlal qazanacağı hər kəsə bəlli idi. Azadlığa çıxmış Topçubaşov prosesin hüquqi baxımdan başına keçəcəkdi. Bu, Azərbaycan adından ürpənənlərin əsla arzulamadıqları bir reallıq idi. Odur ki, Əlimərdan bəyi yenidən həbs etdilər və bununla dövlət müstəqilliyimizi elan edəcək Milli Şuranın sədri seçilməsinə imkan vermədilər. Həbsdə ola-ola onun Milli Şuranın sədri seçilməsi isə ölümünə verilən fərman olardı.

Topçubaşov azadlığa istiqlalın elanından sonra çıxdı və Gəncəyə getdi. Baş nazir Fətəli xan Xoyski Bakının azad olunması üçün əməliyyata rəhbərlik edirdi. Xoyskinin xahişi ilə Topçubaşov Baş nazir səlahiyyətlərini müvəqqəti həyata keçirdi və bir müddət sonra cümhuriyyəti təmsil etmək üçün Osmanlıya göndərildi. Azərbaycan parlamentinin ilk iclasında Şəfi bəy Rüstəmbəyovun təklifi ilə yekdilliklə sədr seçildi. Paris sülhə konfransına getmək üçün ermənilərin müqaviməti ilə qarşılaşdı, amma bütün çətinliklərə sinə gərərək İstanbuldan çıxmağı bacardı. ABŞ prezidenti Vilsonla yüksək səviyyəli danışıqlar apararaq AXC-nin tanınmasına çalışdı. Azərbaycan məhz onun gərgin zəhməti ilə de-fakto tanındı.

Cümhuriyyətin süqutundan sonra idealları uğrunda Avropada mübarizə aparan və AXC-nin qanuni təmsilçisi olan Topçubaşov bir müddət sonra M.Ə.Rəsulzadənin baş redaktoru olduğu "Yeni Kafkasiya" jurnalının hədəfinə gəldi. Müsavat Partiyasının sonrakı lideri Mirzəbala Məmmədzadə öz kitabında AXC-nin yaranmasını ancaq öz mənsub olduğu partiyanın xidməti kimi göstərdi. Məmmədzadə bununla gələcəkdə fəaliyyəti Azərbaycanda bərpa olunacaq Müsavat üçün ideoloji bir fənd də göstərmiş oldu. Nəticədə Topçubaçov müsavatyönümlü tarixçilər tərəfindən "Qafqaz müsəlmanlarının hüquq müdafiəçisi", ən uzağı "təkcə Qafqaz müsəlmanlarının yox, bütün Rusiya müsəlmanlarının ağsaqqalı" kimi göstərildi. Halbuki, o bir LİDER, həm də Rusiya Müəssislər Məclisinə seçkilərdə AXC-nin qurucu kadrosu olacaq 10 nömrəli siyahını tərtib edən LİDER idi.

Doğum gününüzdə Sizi böyük ehtiram və sayğı ilə anır, tariximizdəki gerçək yerinizi və rolunuzu tanıtmaq, siyasi platformanızı yaşatmaq üçün əlimdən gələni əsirgəməyəcəyimə söz verirəm!

Taleh ŞAHSUVARLI